Türkiyədə daşınmaz əmlak alan xaricilərə verilən yaşayış üçün icazənin müddəti 3 aydan bir ilə qədər uzadılır. Modern.az türk mediasına istinadən xəbər verir ki, xaricilərin qısamüddətli qeydiyyatı, ailə qeydiyyatı, tələbə qeydiyyatı, uzunmüddətli qeydiyyatı, humanitar xarakterli qeydiyyatı, insan ticarəti qurbanlarının qeydiyyatı kimi məsələləri tənzimləyən "Xaricilər və Beynəlxalq Qoruma Qanunu" dünən Türkiyənin "Rəsmi qəzet"ində dərc olunub. Yəni qanun artıq qüvvəyə minib.
Bu qanuna görə, Türkiyədə daşınmaz əmlakı olan əcnəbilərə də qısa müddətli yaşayış icazəsinin verilməsi qərarlaşdırılıb. Qanunda "qısamüddətli yaşayış icazəsi hər dəfə ən çoxu bir illik müddətə verilir" deyilib. Əcnəbilərin yaşayış icazəsi ala bilməsi üçün standartlara uyğun qalacaq yerinin, tələb edildiyi təqdirdə məhkumiyyətinin olub-olmadığına dair sənədləri, Türkiyədə qalacağı ünvanla bağlı məlumatları təqdim etməsi lazım gələcək.
Yaşayış üçün icazənin 3 aydan bir ilə çatdırılması daşınmaz əmlak satan firmaların əlini gücləndirəcək. Çünki müddətin uzadılması Türkiyədə daşınmaz əmlak alan xaricilərin buradakı evlərində uzun müddət qala bilmələrinə imkan verəcək. Bu sayədə Türkiyədən ev alan əcnəbilərin sayının artması, əcnəbilərə ildə 10 milyard dollarlıq daşınmaz əmlak satılması gözlənilir.
Qeyd edək ki, keçən ilin avqustundan bəri Türkiyədə ev sahibi olan Azərbaycan vətəndaşlarının sayı isə 325-dir. Bunlardan 296-sı qat mülkiyyəti (yəni hazır bir binanın mərtəbəsi, mənzili, iş bürosu, mağaza, anbar, zirzəmi üzərində mülkiyyət), 29-u isə ana daşınmaz (bina, torpaq, tarla və s) sahibi olub. Son səkkiz ayda Türkiyədə daşınmaz əmlak alan azərbaycanlılar əsasən İstanbul, Antalya, Ankara və Muğlaya üstünlük veriblər. Azərbaycan vətəndaşları Türkiyənin ticarət paytaxtı İstanbulda 164, siyasi paytaxtı Ankarada 22, turizm mərkəzi Antalyada 65 və son dövrün inkişaf edən digər turizm bölgəsi Bodrumun bağlı olduğu Muğla vilayətində 17 daşınmaz əmlak alıblar. Geri qalan 57 Azərbaycan vətəndaşı isə Adana, Afyonkarahisar, Ağrı, Amasya, Aydın, Burdur, Bursa, Dənizli, Əskişəhər, İzmir, Kayseri, Kocaeli, Konya, Mersin, Ordu, Sakarya, Samsun və Trabzon vilayətlərində mülk sahibi olub.
Xatırladaq ki, keçən ilə qədər Türkiyənin Mülkiyyət Qanunu xarici ölkələrin vətəndaşları qarşılıqlılıq prinsipi və qanunla müəyyənləşən məhdudiyyətlər çərçivəsində Türkiyədə daşınmaz əmlak əldə edə bilməsinə imkan verirdi. Bu maddədəki ən mühüm ifadə - “qarşılıqlılıq prinsipi” azərbaycanlıların Türkiyədə ev almasının qarşısındakı ən mühüm əngəl idi. Mülkiyyət Qanununun 35-ci maddəsindəki “qarşılıqlılıq prinsipi” şərti çıxarılıb və beləliklə, azərbaycanlılar da daxil olmaqla bir çox ölkələrin vətəndaşları üçün Türkiyədə daşınmaz əmlak əldə etmək asanlaşıb.
Aytən Əliyeva