Modern.az

Parlament kuryozları -“Deputat saçımı yolmaq istəyirdi, güclə qurtuldum” - MARAQLI

Parlament kuryozları -“Deputat saçımı yolmaq istəyirdi, güclə qurtuldum” - MARAQLI

Parlament

13 Aprel 2013, 10:03


Azərbaycanın qanunverici orqanı daim cari məsələlər, qanun layihələrin müzakirəsi və qəbul olunduğu yer kimi xarakterizə edilir. Deputatlar parlamentin plenar və komitə iclaslarında bu və ya digər məsələlərlə bağlı fikirlər səsləndirir, təkliflər verir. Ciddi müzakirələrin getdiyi bu yerdə bir sıra hallarda maraqlı məqamlar da yaşanır. 
Modern.az saytı bu dəfə də həmin maraqlı məqamları izləyən parlament jurnalistləri arasında sorğu keçirib. Görəsən onlar parlament müxbiri olduqları zaman hansı maraqlı situasiyaları yaddaşlarında saxlayıblar?

Ayrı-ayrı qəzetlərdə çalışmış jurnalist Rey Kərimoğlu parlament müxbiri olduğu vaxt xatırladığı maraqlı hadisələri Modern.az-la bölüşüb:
“Bir dəfə Mirmahmud Fəttayevlə Murtuz Ələsgərov bərk dalaşdılar. Daha sonra fasilə oldu və biz çayxanaya düşdük. Mirmahmud Fəttayev də parlamentin bufetinə düşüb nahar etmək istəyirdi. Ofisiantdan nə yeməklər olduğunu soruşdu, o da saymağa başladı: borş, piti, langet, tikə, lülə, gürzə. Elə bu anda Mirmahmud müəllim dedi “Nə?”. Ofisiant təkrarladı ki, “gürzə”. Onda Mirmahmud dedi ki, “apar onu Murtuza ver, dürtsün boğazına”.

Jurnalistin xatırladığı başqa maraqlı hadisə isə parlamentdə 1998-ci illərdə əxlaqı şübhəli qadın jurnalistlərə qarşı başlanmış kampaniya ilə bağlıdır.
“O vaxtlar Milli Məclisdə müxtəlif “obyekt qəzetləri”ndən olan bir dəstə qadın jurnalist var idi ki, biabırçı şeylərlə məşğul olurdular. Onlardan biri sonradan məşhurlaşdı. O vaxt Milli Məclisdə bununla bağlı məsələ qaldırıldı, Parlament Jurnalistlər Birliyinin sədri dəyişdi. Biz parlamentdə ciddi jurnalistika ilə məşğul olan xanımları biabırçı işlərlə məşğul olan “obyekt qəzetləri”nin qadın müxbirlərindən qorumaq üçün kampaniyaya başladıq. Elə kampaniyanın qızğın vaxtında həmin o biabırçı işlərlə məşğul olan qadın bizə yaxınlaşıb dedi ki, “qardaş, çox sağ olun ki, bizim kimi ləyaqətli xanlmların, qızların adını qoruyursunuz, bunu çoxdan etmək lazım idi”. İnanın, onun bu sözlərindən sonra əlimiz üzümüzdə qaldı”.

“Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlının ilk əhvalatı bir vaxtlar deputat olmuş İbrahim Qafarov haqqındadır.
“Kolxoz sədri idi, həmişə də parlamentin bufetində yemək yeyərdi, həm də mədəsi ağrıdığı üçün sulu yeməklər yeyirdi. Biz də Rey Kərimoğlu ilə oturmuşduq və deputatın da arxası Reyə tərəf idi. Birdən Rey dedi ki, onun kənddə necə çağırıldığını bilir və başladı “İbiş!” deyə çağırmağa. Hər dəfə “İbiş!” deyəndə İbrahim Qafarov çönüb baxırdı. Sən demə, İbrahim Qafarova kolxozda “İbiş” deyirlərmiş. Nəsə, Rey onu yemək yeməyə qoymadı və deputatın xörəyi soyudu, axırda qayıdıb dedi ki, “bala, mənimləsən?”. Biz də dedik ki, “yox, İbrahim müəllim, burada İbrahim Niyazov adlı jurnalist var, onunlayıq”.

N.Cavadlının ikinci əhvalatı parlamentdə olan müxalifət blokunun boykotu ilə bağlıdır.
“Etibar Məmmədov, Əli Kərimli parlamentin işini boykot edərək gedib parlamentin çayxanasında oturmuşdular. O vaxtı prezident olan Heydər Əliyev onda çayxananı bağlatdırdı ki, bunlar iclaslara girsinlər. Sonra çayxananı aşağıda açdılar və ora müxalifət blokunu buraxmırdılar. Yazıqlar elə çöldə-bayırda qalırdılar. Sonra çayxananı çölə çıxardılar. Bunlar orada oturdular və iclaslara girmirdilər. Axırda çöldə çayxananı da bağladılar. Daha sonra aşağıda bir yer açdılar, orada isə oturmaq mümkün deyildi, çünki bu yerdə ancaq yemək verilirdi və iqtidar deputatları da orada yemək yeyirdilər. Biz isə kasıb olduğumuz üçün yemək yeyə bilmirdik”.

ANS-in müxbiri Ləman Ələşrəfqızı üçün ən maraqlı parlament hadisəsi “Qrant haqqında” Qanun laqyihəsinin müzakirəsi zamanı baş verib:
““Qrant haqqında” qanun layihəsi var idi, cəmi 7 maddədən ibarət idi. Bunu Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) təqdim etmişdi. O vaxtı həmin qanun layihəsi dəfələrlə Milli Məclisə müzakirəyə təqdim olunurdu, amma görünür, daha əhəmiyyətli məsələlər var idi ki, gündəlikdə o məsələnin müzakirəsi baş tutmurdu. Nəhayət, həmin gün gəldi və 7 maddədən ibarət “Qrant haqqında” qanun layihəsinə baxıldı. Onda “Hürriyyət” qəzetində işləyirdim, iclasdan sonra millət vəkillərinə yaxınlaşıb qrantın nə olduğunu soruşmağa başladım. Onda bu termin hələ təzə-təzə işlənirdi və çox adam bu haqda məlumatlı deyildi. Yalan olmasın, 10-11 millət vəkilindən qrantın nə olduğunu soruşdum. Onların arasında indi tanınmış siyasətçilər də var idi. Amma ən maraqlısı deputat Səmayə Piriyeva ilə bağlı olmuşdu, sonradan onun vəzifəsi yüksəldildi, Sabirabad rayonuna icra başçısı göndərildi. Ona yaxınlaşıb qrantın nə olduğunu soruşdum, o da dedi ki “əşi nə bilim su krantı də...”. Dedim, axı siz o qanuna səs vermisiniz, bilmirsiniz ki, səs verdiyiniz qanunda nədən danışılır. Dedi ki, “latın əlifbasına keçilib və mən qanunları nıqqıldaya-nıqqıldaya oxuyuram”.
Mən də bunu yazımın sərlövhəsinə çıxartmışdım ki, “Millət vəkili qanunları nıqqıldaya-nıqqıldaya oxuyur və qrant nədir bilmir, su krantı deyir”. Xatırlayıram, yazı “Hürriyyət” qəzetində çap olunandan sonra o məni foyedə tutub, saçlarımdan dartmaq istədi. Əlindən güclə çıxdım, Etibar Məmmədov da qıraqdan baxıb gülürdü. Daha bir neçə millət vəkili də var idi ki, onlar da mənə deyirdi ki, “sən niyə bizi belə biabır etmisən?”.
Araşdırma tək bunla bitməmişdi, millət vəkillərilə sorğu-sualdan sonra gedib parlamentin yeməkxanasında oturmuşdum. Ofisianta demişdim ki, “yeməyə qrant var?”. O isə təəcüblənmişdi: “Nə?”.
- Qrant.
- Yox, bu gün yoxdu.
- Sizdə bişirmirlər?
- Sadəcə bu gün bişirməyiblər.
Maraqlısı odur ki, parlamentdə oturan millət vəkili ilə hansısa ofisiantın fərqi yoxdur, qanunların hər ikisinə eyni dərəcədə aidiyyatı var idi. Bu, mənim üçün ən maraqlı və heç vaxt yaddan çıxmayan hadisədir. Hətta xatirimdədir ki, qanunu hazırlayan Nazim İmanov mənim materialımı bunu şifahi şəkildə ayın yazısı elan etmişdi və “Milli Məclisin lətifələri” adlı kitabına salmışdı”.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...