Azərbaycanda son illər turizmin inkişafı üçün önəmli işlər görülsə də, Qarabağ bundan uzaq qalmışdı.
Modern.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, hazırda müzakirə olunan əsas mövzulardan biri işğaldan azad olunmuş bölgələrdə turizmin inkişafıdır:
"Ermənistanın verdiyi mina xəritələrinin effektivliyi 25%-dir. İşğaldan azad edilmiş ərazilərin mina və partlamamış sursatlarla çirkləndirilməsi bu ərazilərinin bərpasını ləngidir. Rekord müddətdə Füzuli aeroportu inşa edilib. Tezliklə Ağdam və Füzulidə 2 xəstəxananın tikintisinə başlanılacaq. Yaxın vaxtlarda Pənahəli xanın sarayı da bərpa ediləcək. Suqovuşan, Tuğ və Hadrutun turizm inkişaf konsepsiyaları hazırlanıb. Ağdamda özəl şirkətlər otel tikintisinə başlayıb. Bu şəhər tamimlə bərpa edildikdən sonra onu biznes mərkəzinə çevirmək planı var. Ağdamda inşa ediləcək atçılıq mərkəzi də turizminin inkişafına təkan verəcək. Qarabağın təbiəti burda ekoturizmin inkişafına təkan verəcək".