Modern.az

“Heydər Əliyev bizdən soruşdu ki, “ay bala, axı siz nə istəyirsiniz?”” - XATİRƏ

“Heydər Əliyev bizdən soruşdu ki, “ay bala, axı siz nə istəyirsiniz?”” - XATİRƏ

13 Aprel 2013, 13:25

Modern.az saytı Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı başlatdığı “Xatirə” layihəsini davam etdirir. Xəbər verdiyimiz kimi, layihə çərçivəsində ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, jurnalislərin, yazıçı və şairlərin Heydər Əliyevlə bağlı təəssüratlarını, mərhum prezidentlə  görüşlərindən unudulmaz xatirələrini oxucularımızla bölüşürük.

Bu dəfəki müsahibimiz “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlıdır.

Görkəmli dövlət xadimi ilə təkbətək görüşə bilmədiyini deyən E.Şıxlı ümumi tədbirlərdə baş tutan görüşlərdən, yadda qalan xatirələrindən söz açıb.


“O görüşdə Heydər Əliyev bizimlə açıq bir dialoqa girdi”

 “Hardasa 90-cı illərin ortalarında olub görüşümüz. Bir də axrıncı dəfə ümumi qəzet redaktorları ilə görüşərkən mən də o tədbirdə iştirak edirdim”-deyən E.Şıxlının sözlərinə görə, o zaman  Azərbaycanda mətbuatla bağlı çox gərgin bir vəziyyət yaranmışdı.

“Müxalifət  küçələrə çıxıb heç bir söz deyə bilmirdi. Amma media nümayəndələri böyük bir mitinq təşkil elədi. Həmin mitinqqabağı Heydər Əliyev bizi, 20-30 nəfər redaktoru və “Press-Klub”un təsisçilərini qəbul elədi. O görüşdə Heydər Əliyev bizimlə açıq bir dialoqa girdi. Təxminən sadə dildə desək, bizdən soruşdu ki, ”ay bala, axı siz nə istəyirsiniz?”. Biz də  ürəyimizdə olan bütün sözləri dedik. O, da özünəməxsus şəkildə təmkinlə qulaq asdı, dinlədi bizi”-deyə E.Şıxlı Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

E.Şıxlı deyir ki, həmin görüşdən sonra medianın bir sıra köklü problemləri həll edilib.

“Prezident kağız idxalına əlavə dəyər vergisini ləgv elədi. Bir sıra qəzetlərin “Azərbaycan” Nəşriyyatəna borcu vardı, onları dondurdu. Müəyyən mənada  bizim tələblərimizə qulaq asdı və vəziyyətin gərginləşməsinə imkan vermədi”-deyə baş redaktor vurğulayıb.

Elçin Şıxlı mərhum prezidentlə heç vaxt təkbətək görüşməyib. “Heydər Əliyevlə təkbətək görüşməmişəm. Bir neçə dəfə kütlənin içində əlimi sıxıb görüşüb mənimlə. Xüsusən atamla bağlı tədbirlərdə görüşümüz olub. Atam rəhmətə gedəndən sonra orden təqdimatına ailəmiz adından mən getmişdim. Heydər Əliyev ordeni mənə təqdim elədi”.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir