Yazıma başlamamışdan... bu başdan deyirəm. Səməd Vurğunla işiniz olmasın. Nə yazıb, nə yazmayıb deyə bilmərəm. Mənim haqqım çatmır ona qiymət verməyə. Atam Qabil ona ustad deyibsə, mən ona baba deməliyəm. Vaqif, Qacar, Nadir şah, partiya, Stalin, nələr, nələr yazıb. Onların da üstündən xətt çəkirəm. Səməd Vurğun Azərbaycan sovet ədəbiyyatının banisidir. Bu artıq qəbul edilib. Baxmayaraq ki, o dövrdə Hüseyn Cavidlər də olub, Mikayıl Müşfiqlər də, Əhməd Cavadlar da. Bu klassikləri heç müqayisə də etmək iqtidarında deyiləm. Sadəcə olaraq Səməd Vurğun onların hamısından bir baş yuxarıdır. Külli-yaradıcılığıyla yox. Təkcə “Azərbaycan” şeiriylə. Bu şeir onun taleyidir. Sənətkar taleyi. Bakının mərkəzində Səməd Vurğuna yox, onun “Azərbaycan”şeirinə abidə ucaldılıb.
El bilir ki, sən mənimsən
Yurdum-yuvam məskənimsən,
Anam-doğma Vətənimsən,
Ayrılarmı könül candan
Azərbaycan, Azərbaycan!
20-ci əsrdə bütün şair və yazıçılar Azərbaycanı, doğma vətənlərini seviblər. Amma razılaşın ki, Səməd Vurğun kimi onu vəsf edə bilməyiblər.
Belə bir-iki misra var. Tərcüməsini deyirəm: “Lenin deyəndə biz partiya düşünürük, Partiya deyəndə Lenin”.
Bunu Səməd Vurğuna da aid etmək olar: “Səməd Vurğun deyəndə Azərbaycan, Azərbaycan deyəndə Səməd Vurğun düşünürük”.
Oxudum ki, kimsə Səməd Vurğuna dılğır deyib. Başa düşmədim. Sadəcə olaraq bilmədim ki, dılğır nədir və ya kimdir? Tez-yez işlənən söz deyil axıl. Ona görə “Google”a daxil oldum. Birinci “Dünya şöhrətli dılğır” ifadəsi çıxdı qarşıma. Bu da kim olsa yaxşıdır. Əlisa Nicatın kəşfi olan “dılğır Lütfizadə”. Şəkli də göz qabağında. Axtarışımı davam etdirdim. Axır ki, tapdım. Demə dılğır “tükü tökülmüş, qotur” demək imiş. Əsasən yabıya aid edilibmiş. Baxdım “Əlisa Nicatın Lütfizadəsi”nə. Sözündə həqiqət var idi. Baxdım Səməd Vurğunun fotosuna. Sərdar Cəlaloğlunun bunu deməsinə məəttəl qaldım.
Füzulidə əsərlikdəydim. Dayımın dostu Qadir günlərin bir günü məni qonaq apardı evinə. Təzəcə baba olmuşdu. Nəvəsinə “oğraş, oğraş” deyə atıb-tutur, oynadırdı. Mənə pis gəlirdi. Bakıda oğraş arvadı, anası, bacısı qəhbə olana deyirlər. Sonradan başa düşdüm ki, “oğraş” sözü Qadirin dilinin əzbəridir. Ola bilsin ki, “dılğır” da Sərdar Cəlaloğlunun dilinin əzbəridir, solosudur, nəqaratıdır. Dilindən çıxıb. Amma dəxli yoxdur, üzr istəməliydi... İstəmir? O da öz işidir - əskikliyin göstərmişdisə, böyüklüyün də göstərməliydi.
Məni bu yazını yazmağa Sərdar Cəlaloğlunun Səməd Vurğunu dılğır adlanması vadar etmədi. İstəyir Vaqif Səmədoğlu bütün mətbuat səhifələrini zəbt edib atasını müdafiə etsin. Hamı bilir ki, Səməd Vurğun kimdir. Özünü təsdiq edənə təsdiq əbəsdir. Görünən dağa nə bələdçi? Bu hamıya aydındır. Amma Rəqsanəni bura qatmayın, Vaqif müəllim!
Rəqsanənin “Bivəfa” mahnısı var. Səməd Vurğunun “Azərbaycan” şeiri var. Müqayisə etmirəm. Qələt eləyərəm. Rəqsanənin çox mahnısı var . Səməd Vurğunun da çox əsəri var. Müqayisə etmirəm. Qələt eləyərəm. Mən də, atam Qabil də onu şəxsən tanımırdıq. Mən nəinki tanımırdım, zəhləm gedirdi ondan. Ara müğənnisi sayırdım onu. Amma atam maşına oturan kimi deyirdi: “Bivəfa”nı qoy. Mahnı qurtarırdı, bir də təkrar. Bir də, bir də. Əsəbiləşirdim. Amma təslim olurdum. Deyirdi ki, “dahiyanə musiqi, dahiyanə sözlər, dahiyanə ifa”. Bir az da od götürürdüm. Deyirdi ki, “görəsən bu mahnının sözlərin kim yazıb?” Bilmirdim. Deyirdi “öyrən!” Öyrənmirdim. Lap Sizin kimi, Vaqif Səmədoğlu. Nifrət edirdim Rəqsanəyə.
Atam öldü. Rəqsanənin mahnısı isə maşındakı maqnitafonumda idi. Nə qulaq asırdım, nə də diski qırağa vızıldadırdım. Rəqsanə oxusaydı atamı xatırladacaqdı. Yox! Atamı yadımdan çıxartmaq istəmirdim. Sadəcə bivəfa çıxmışdı bizə. Bizi tərk edib getmişdi. Sonradan Rəqsanənin bir mahnısı da qarşıma çıxdı. “Yar atar-tutar məni, o bilər, mən bilərəm”. Bəlkə də bu mahnı sosial mənada yazılan mahnıların banisidir. Vaqif müəllim, Sərdar Cəlaloğlu Səməd Vurğunu oxuyub, amma “dılğır” adlandırıb. Baxmayaraq ki, bu sözün həm məcazi, həm də əsli mənada böyük Səməd Vurğuna heç bir dəxli yoxdur. Bəlkə də sözün əsli mənasında Sərdar Cəlaloğlu qismən (mənim kimi saçı tökülüb) dılğıra daha çox oxşayır. Amma Rəqsanədə işiniz yoxdur. Bəlkə mahnısını da eşitməmisiniz. Kimsə deyib, səviyyəsizlik brendi sayıb Sərdar Cəlaloğluya yaraşdırmısınız. Amma dəxli yoxdur, Rəqsanə də yaradıcı adamdır. Lap Sizin kimi. Amma Sərdar Cəlaloğlu kimi yox. O atam Qabilin yadigarıdır. Rəqsanə bivəfadır, Qabil də mənim xəyalımda bu dünyaya, mənə, ailəsinə bivəfa. Mən Rəqsanəni sevirəm. Ona görə yox ki, o gözəldir, dünya gözəlidir, böyük, dahi müğənnidir. Çünki o, atamın yadigarıdır – öz “Bivəfa”sıyla. Vaqif müəllim, Siz məni məcbur elədiniz “Bivəfa”ya bir də qulaq asım. Bu mahnının sözlərini kağıza köçürüm. Demə sözləri Altay Yaşar adlı tanımadığım birinindir. “Bəxt üzüyü” pyesiylə ilə ürəklərə yol tapan Xalq şairisiniz. Özünüz qiymət verin.
Bivəfa, bivəfa
Atmısan odlara
Elə yandırmısan,
Sevmərəm bir daha.
Əlini tutandan,
Ürəyimi itirdim
Yol oldum qəlbimin
Evinə gətirdim
Sənə könlümü bil ki,
Qurban kəsərdim
Qanında sevgimin
Əksini görərdim.
Eşqimin oduna
Pərvanə olmuşam
Oduna köz olub
alışıb yanmışam
İndi tək-tənhayam
Axı kimə gərəyəm
Səni sevən gündən
Evimi yıxmışam.
Bivəfa, bivəfa!
Hörmətlə bivəfa Qabilin oğlu