Sabah - oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan silahlı qüvvələrinin Baş Qərargah rəisləri, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini və Tacikistanın Rusiyadakı hərbi attaşesi iştirak edəcək.
Müdafiə Nazirliyindən bildirilib ki, iclasa Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sədrlik edəcək.
Rəsmi məlumata görə, Ermənistan MDB üzvü olsa da, bu ölkənin Baş Qərargah rəisi Azərbaycanda keçiriləcək toplantıya qatılmayacaq. Ermənistan tərəfi iclasdan imtina etmələri barədə hər hansı açıqlama yaymayıb.
Bəs, bunun səbəbi nədir? Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlməkdən niyə imtina edib?
Bununla bağlı Modern.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Ermənistanın Baş Qərargah rəisi dəvəti qəbul edib tədbirə gələ də, gəlməyə də bilər. Bu, Ermənistanın daxili işidir. Ancaq erməni nümayəndənin nə bəhanə gətirməsinə baxmayaraq, onun tədbirdə iştirak etməməsinin səbəbi məlumdur.
Ekspertin fikrincə, Bakı səfərindən imtinanın iki səbəbi var:
"Birinci səbəb Ermənistanın hələ də Azərbaycanla yaxınlaşmaq istəməməsi ilə bağlıdır. Bu gün Ermənistanın atdığı addımlar və sərhəddə atəşkəs rejiminin pozulması revanşistlərin və onların havadarlarının hakimiyyətdə olmamasına baxmayaraq, həmin şəxslərin Ermənistana təsir mexanizminin olduğunu göstərir. Eyni zamanda təbii olaraq, MDB dövlətlərinin tədbirində Ermənistan-Azərbaycan münasibətlərinə də nəzər salınacaq. Yəni sərhədlərin delimitasiya və demarkasiyası, sülh sazişi, sərhəddə atəşkəsin pozulması məsələləri diqqətdə olacaq. Buna görə də, Ermənistan bu tədbirdə iştirak etmək istəməyib. İkinci səbəb isə Ermənistanın həmişəki kimi iki stulda oturmasıdır. Bu gün Ermənistan Rusiyaya olan münasibətdə ehtiyyat edir. Rusiyaya qarşı olan qüvvələrin qəzəbinə tuş gəlməməyə çalışır. O, Rusiyanın təşkil etdiyi tədbirdə iştirak etmədiyini göstərmək istəyir. Bununla da Rusiyaya qarşı olan qüvvələri razı salmağı, gələcək planlarına çatmağı hədəfləyir. Ermənistanda vəziyyət qarışıqdır. Revanşist qüvvələr xalqa müxtəlif vədlər verir və bu səbəbdəndir ki, hələ də sülh müqaviləsinə imza atmırlar".
Ş.Ramaldanov vurğulayıb ki, Ermənistanın destruktiv davranışları bu ölkənin özünə ziyan olacaq:
"Ermənistan nümayəndəsinin tədbirdə işitirak edib-etməməsi elə də böyük rol oynamır. Əksinə, Ermənistan nümayəndəsinin Bakıdakı tədbirə gəlməməsi MDB dövlətlərinin bu ölkəyə münasibətinə təsir edəcək. Ermənistandan fərqli olaraq, Azərbaycan MDB dövlətləri ilə əlaqələrini daha da gücləndirə biləcək. Həm də Ermənistan tərəfi tədbirə qatılmamaqla MDB ölkələrinə qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirir. Təbii ki, bu da üzv dövlətlərlə münasibətlərə mənfi təsir edəcək".