Modern.az

Bəd xəbərin çoxluğu... Demokratiyadır?

Bəd xəbərin çoxluğu... Demokratiyadır?

Media

15 Aprel 2013, 13:45

filologiya üzrə fəlsəfə doktoru,
Milli Məclisin mətbuat xidmətinin əməkdaşı

[email protected]

“İnformasiya haqqında düşüncələr”silsiləsindən birinci yazı

Bəşər sivilizasiyası üçün qlobal informasiya mühitinin yarandığı indiki dövrdə  mətbuatıvə elektron KİV-ləri, radio və telekanalların xəbər proqramlarını  zərərli bir tendensiya işğal edir – bəd xəbərə meyl artır! Özünə müstəqil deyən hansı qəzeti əlinə alsan, hansı saytı, xəbər portalını açsan ilk növbədə kriminal xəbərlər, tük ürpədən cinayət hadisələri, ölüm, intihar, cürbəcür qəzalar... oxucunun “gözünü deşir”.

Adətim üzrə yuxudan duran kimi radionu açır, səhər verilişlərini dinləyirəm: musiqi, xəbər... İşə gedənə qədər ölkədə və dünyada baş verənlərdən xəbər tutmaq istəyirəm. Di gəl ki, səhərin gözü açılmamış aparıcı başlayır bəd xəbərlərlə dinləyicilərin kefinə soğan doğramağa: filan yerlərdə dəhşətli yol qəzaları baş verib, filan rayonda üç nəfər intihar edib, filankəs arvadını və ya anasını, bacısını qətlə yetirib və s. və i.a. Özü də bu xəbərləri elə vahiməli səslə, elə intonasiya ilə çatdırır ki, deyirsən bəs, dünya dağılıb. (Bu məsələdə televiziyalar da radiolardan geri qalmır. Kriminal hadisələr barədə verilişlərə maraq ildən-ilə artır. Cəmiyyətin nəbzi kriminal xəbərlər üzərində köklənir.)Adamın qanı qaralır: görəsən insanlara nə olub? Bəşər övladı niyə belə qəddarlaşıb? Qəza törədənlər hara tələsirlər, asta sürsələr olmazdı? Cavanlar niyə ruhdan düşüb, onları intihara sürükləyən nədir? Dinlədiyin xəbərlərdən sonra mənfi yüklü bu sayaq suallar düşüncəni zəbt edir və sən qeyri-iradi düşürsən qara-qara fikirlərin əsarətinə. Radio dalğalarındaneşitdiklərinbeynində dolaşaraq sabah-sabah əhval-ruhiyyəni elə korlayır ki, ondan sonra dinlədiyin mahnılar da səni bu “yükdən” xilas edə bilmir. Küçəyə çıxanda sübhün gözəlliyini duymursan.Tək mən yox, həmin xəbərləri dinləyən hər kəs belə xoşagəlməz duyğular yaşayır. Bəd xəbər axını insanları avtobusda da, şəxsi avtomobillərində də müşayiət edir. Səhərdən-axşama qədər.

Bu gün Azərbaycan mətbuatı mövzu etibarilə öz əlvanlığını itirib,- desək məncə, mübaliğə sayılmaz. Çünki verilən məlumatlar ikicə rəngə boyanıb: ağ və qara. Ya mədh edir(hansısa qrupları, partiyaları, qurumları və yakimisə), ya da “söyüb”yamanlayırlar. İnsanlara və hadisələrə, iqtidara və müxalifətə, cəmiyyətə və şəxsiyyətə münasibətdə qızıl orta deyilən ölçü vahidi itib. Yoxdur. Milli mətbuatı bu qədər cılızlaşdırmaq olmaz.  Onsuz da qloballaşan dünyada hər cəhətdən yükü artan insanı mətbuat da bir tərəfdən əzir. Zamanını, pulunu qəzet alıb oxumağa sərf edənləri qərəzli xəbərlərlə üzmək heç də demokratiyanın təzahürü deyil. Bu prosesi demokratiyanın bərqərar olması anlamında qələmə vermək də yanlışdır. Mətbuatı yalnız ağ və qara rənglərin girdabına salmaq düzgün deyil. Çünki vətəndaşın informasiya tələbatını ödəmək, xüsusilə postsovet məkanındakı cəmiyyətininformasiya aclığını bu hesaba “doyurmaq”, qidalandırmaq xeyli zərərli nəticələrə gətirib çıxarır. İnsanların psixologiyası dəyişir. Kriminal xəbərlərə baxa-baxa qan-qada adiləşir və qətllər silsiləsi ölkəni bürüyür.

Deyə bilərsiniz ki, indi bütün dünya ancaq belə xəbərləri xəbər sayır. Bəla da elə burasındadır. Qərbin media mütəxəssisləri müstəqilliyini XX əsrin 90-cı illərində qazanmış ölkələrə “jurnalistika dərsi keçərkən” treninqlərdə iddia edirlər ki, “yaxşı xəbər – xəbərin olmaması deməkdir”. (Nəticədə jurnalistlər mübahisəli və ya qatmaqarışıq xəbərləri təqdim etməkdən yorulmurlar…Ucuz sensasiya naminə imzasını hörmətdən salanlar çoxalır.)Nədənsə, qərblilərin bu tələbi həmişə mənə sovet mətbuatının meyarlarını xatırladır. Bircə fərqlə – o zaman nöqsanların deyilməsi məqbul sayılmırdı, indi də uğurların təbliği bəyənilmir. Mahiyyət eynidir: hər iki halda insanlara  medalın bir üzü göstərilir. Amma birüzlü medal yoxdur axı?!. Diqqətli ziyalı fərqinə varır ki, dövr, mətbuata və informasiyaya münasibət dəyişsə də, eyni ideologiya ixrac olunur.

Hamıya məlumdur ki, sovet “şinelindən çıxmış” KİV-lərdə ancaq müsbət hadisələrdən bəhs olunardı: dövlətin siyasi qüdrəti, hökumətin həyata keçirdiyi quruculuq işləri, elmi tərəqqi, mədəniyyət hadisələri, idman nailiyyətləri və... xarici ölkələrdəki qarmaqarışıqlıqlar! Moskvanın məşhur “Vremya” proqramına baxan deyərdi ki, bu ölkədə, yəni Sovetlər İttifaqında güllük-gülüstanlıqdır. Amma həqiqəti gizlətməklə onu yox edə bilməzsən. Həyatın reallığı günün birində göstərdi ki, şanlı sovet respublikalarının bu həyatı sürdürməyə daha dözümü qalmayıb. Bütün illüziyalar dağıldı. Nəhəng sovetlər birliyi də. Birtərəfli informasiya o quruluşu, o boyda nəhəng dövləti qorumağa qadir olmadı!

İnformasiyanın istehsalı prosesində ən vacib nüanslardan biri reallığı olduğu kimi əks etdirmək, nə xoş xəbərin, nə də bəd xəbərin xüsusi çəkisinisüni surətdə şişirtməməkdir.M.Ə.Sabir demişkən, “düzü-düz, əyrini-əyri”! Ölkədə qazanılan uğurlara göz yummaq həmin nailiyyətləri əlimizdən ala bilməz. Mətbuatın azadlığı sahəsindəki irəliləyişimizin etiraf edilməsi də dördüncü hakimiyyətin təsir gücünü azaltmaz. Yaxşıya göz yumub ancaq pisi reklam etmək, sadəcə, insan ruhunun və beyninin mənfi emosiyalara, üzüntüyə, bədbin notlara köklənməsinə gətirib çıxarır ki, məncə, həmkarlarımın heç biri bunu istəməz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi