Millət vəkili Zeynəb Xanlarovanın adı ətrafında yaranmış qalmaqal davam edir. Görkəmli sənətkarın bir qrup inanclı şəxsin həbsində adının hallandırılmasına etiraz etməsinə ictima-siyasi dairələrdən müxtəlif reaksiyalar gəlir.
Milli Məclisin deputatı Vahid Əhmədov da Zeynəb Xanlarovanı müdafiə etdiyini bildirib.
Vahid Əhmədov Modern.az saytına açıqlamasında bildirib ki, Zeynəb Xanlarova Azərbaycanın böyük, tanınmış sənətkarıdır və bütün fəaliyyəti dövründə yalnız obyektivlik müşayiət etdirib.
“Biz onu uzun zamanlardan bəri tanıyırq və xalqın qarşısında xidməti çox böyükdür. Qeyd etməliyəm ki, SSRİ vaxtında Azərbaycanın dünyaya tanıdılmasında Zeynəb Xanlarovanın çox böyük rolu olub. O, öz mahnıları ilə Azərbaycan mədəniyyətini düya miqyasına çıxartmış sənətkardır. Zeynəb xanımın adının belə məsələlərdə hallandırılmasının əleyhinəyəm. Hesab edirəm ki, Zeynəb Xanlarovaya qarşı bu cür münasibət yolverilməzdir və hər bir Azərbaycan vətəndaşı onu müdafiə etməlidir. Çünki Zeynəb Xanlarova kimi sənətkarlar azdır”.
Xatırladaq ki, ötən həftə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda aprelin 2-də naməlum şəxslərin Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atdıqları bildirilir. Qeyd olunur ki, həmin şəxslər göstərilən ərazidəki baş evlərinin divarlarına "Tale Bağırova azadlıq!" sözləri yazıblar.
Z.Xanlarova isə mediaya açıqlamasında bu hadisələrdə onun adının hallandırılmasına sərt şəkildə etiraz edib. Millət vəkili hüquq-mühafizə orqanlarından tələb edib ki, heç kəs onun evini yandırmağa cəhd göstərmədiyindən bu məsələlərdə adının hallandırılmasını istəmir.
Modern.az