Elm və təhsil naziri Emin Əmrullayev bəzi müəllimlərin bilik səviyyəsinin aşağı olmasından şikayətlənib. Nazir REAL TV-yə müsahibəsində etiraf edib ki, müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən iki min nəfəri kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilməyib.
E.Əmrullayevin bu açıqlaması müzakirələrə səbəb olub. Orta məktəblərdə dərs deyən 2 min müəllimin sadə suala cavab tapa bilməməsi kəskin tənqidlərə tuş gəlib. Bildirilir ki, savadsız müəllimlərin məktəblərə ayaq açması savadsız nəslin yetişməsinə gətirib çıxara bilər.
Mövzu ilə bağlı Modern.az-a danışan sabiq təhsil naziri Firudin Cəlilov deyib ki, müəllimlərin aşağı nəticə göstərməsi hazırkı Elm və Təhsil Nazirliyinin günahı deyil.
Eks-nazir hesab edir ki, təkcə təhsil sahəsində deyil, iqtisadiyyat, səhiyyə və başqa sahələrdə də problemlər mövcuddur:
“Məktəbdə bir müəllimin biliyi zəifdirsə, onu yetişdirən sistemdir. Hər hansı müəllimin zəif nəticəsini əsas götürüb, nazirliyi günahlandıra bilmərik. Əgər bütün müəllimlər zəif nəticə göstərərsə, əlbəttə, bu, nazirliyin günahı sayılmalıdır”.
F.Cəlilov qeyd edib ki, müəllimlik peşəsi əvvəlki hörmətini itirib:
“Artıq ağıllı adamlar müəllim olmaq istəmir. Bu gün ikinci dərəcəli şəxslər müəllim olur. Vaxtilə müəllimlik ən hörmətli, sayılıb-seçilən peşə idi. Mən nazir olduğum dövrdə müəllimləri kommunal xərclərdən azad etmişdik, maaşlarını iki dəfə artırmışdıq. Məktəbdən küsüb gedən müəllimlərin çoxu o dövrdə geri qayıtdı. İndi vəziyyət fərqlidir”.