Bir neçə il əvvəl Norveç yazıçısı Knut Hamsunun “Torpağın bərəkəti” romanını dostum Nadir Qocabəylinin tərcüməsində oxuyanda Rəsul Quliyevə bərk qəzəbim tutmuşdu. Nadir Qocabəyli kimi istedadlı bir insanın həyatının bir neçə ilini Rəsul Quliyev adlı siyasət dəllalına sərf etməsi məni hələ də yandırır...
Rəsul Quliyevə olan qəzəbimi 2009-cu ildə yazıya çevirmişdim. Həmin məqalənin sərlövhəsi eks-spikerin leksikonundan götürülmüşdü. Başlıq belə idi: “Rəsul Quliyevin “bədbaxt” elədiyi adamlar”. Adından da göründüyü kimi, bu yazıda Rəsul Quliyevə inanıb, sözün həqiqi mənasında bədbəxt olan insanlardan söhbət açılır. Həmin məqalə iş adamı Fərəməz Cavadovun ACP-dən qovulmasına etiraz olaraq yazılmışdı. Fərəməz Cavadovla məni hər iki ayağını itirmiş zavallı bir əlil tanış etmişdi. Bir vaxtlar böyük biznesi olan Fərəməz müəllim Rəsul Quliyevə qoşulandan sonra bütün var-dövlətini itirmişdi. Pulu əlindən çıxandan sonra Rəsul Quliyev onu partiyadakı müşavir vəzifəsindən qovmuşdu. Çoxlarını hakimiyyət, Fərəməz Cavadovu isə Rəsul Quliyev bədbəxt eləmişdi. Xeyirxah bir soydaşımıza qarşı etdiyi bu haqsızlığa dözə bilmədiyim üçün dörd il əvvəl Rəsul Quliyevi sərt tənqid etmışdım.
Eks-spikerlə bağlı əvvəlki fikrimdə yenə qalıram: Rəsul Quliyev mənimçün çoxdan oxunmuş kitabdır. Bu kitabın səhifələrindən qorxaqlıq süzülür. Di gəl ki, bu qorxaq adam yenə dil-boğaza qoymur, məhdud intellekti ilə camaata ağıl öyrətmək istəyir. O, sonuncu müsahibəsində deyir ki, müxalifət liderləri hər seçkidə hakimiyyətə gələcəklərini desələr də, Azərbaycanda iqtidar dəyişmir. Rəsul müəllim, yenə məntiqsiz danışırsınız. Bəlkə müxalifət liderləri öz tərəfdarlarına deməlidirlər ki, biz ömrümüzün sonuna kimi hakimiyyət üzünə həsrət qalacağıq? Axı, siz özünüz də neçə illərdi Azərbaycana qayıdacağınızı deyib, tərəfdarlarınızı aldadırsınız. Əgər sözübütöv adamsınızsa, niyə verdiyiniz vədi yerinə yetirmirsiniz? Azərbaycana gələ bilməyən adam hansı üzlə başqalarından hakimiyyətə gəlməyi tələb edə bilər?
Ötən həftə Rəsul Quliyevdən müsahibə götürmək istəyən jurnalist dostlarımdan biri düz 3 gün əziyyət çəkdi. Azərbaycanda gündüz olanda Amerikada gecə olduğu üçün həmin dostum Rəsul müəllimi tapıb, əvvəlcədən hazırladığı sualları ona verə bilmirdi. Nə vaxt əlaqə saxlayırdısa, Rəsul Quliyev yuxulu olurdu. Rəsul Quliyevdən ayıq vaxtı ağıllı söz eşidə bilməyən həmkarım hər dəfə onun yuxulu olduğunu görəndə, müsahibəni təxirə salmaq məcburiyyətində qalırdı.
Mən, Rəsul Quliyevin nə vaxtsa prezident seçiləcəyini ağlımın ucundan belə keçirmirəm. Amma bir anlığa təsəvvür edək ki, Rəsul müəllim prezident seçilib. Bilirsiniz, bu vaxt nə baş verəcək? ABŞ-dakı lüks həyat tərzinə vərdiş edən Rəsul Quliyev yenə gündüzlər yatıb, gecələr internetdə qurdalanacaq. Buna görə də heç kim prezidenti tapıb, ona öz dərdini deyə bilməyəcək. Yəqin ki, Rəsul müəllim özü də yuxusuna haram qatıb, camaatın dərdini dinləmək istəməyəcək. Axı, yuxu şirin şeydir...