Modern.az

“Elm siyasəti haqqında” qanun layihəsi parlament komitəsinin müzakirəsinə verilib

“Elm siyasəti haqqında” qanun layihəsi parlament komitəsinin müzakirəsinə verilib

Parlament

16 Aprel 2013, 10:06

Ölkənin qanunverici orqanı olan Milli Məclisdə çoxlu qanun layihələri hazırlanır, müzakirə olunur və sonda qəbul olunur. Bəzən isə qəbul edilmiş qanunlara əlavə və dəyişiklər edilir. Zaman dəyişir, hər şeydə inkişaf müşahidə edilir. Zamanın dəyişməsi isə yeni tələbləri ortaya çıxarır. Bəs zaman uyğun bu gün daha hansı qanunların qəbuluna ehtiyac var?

Modern.az-ın əməkdaşı Milli Məclisin hər bir komitəsində təmsil olunan deputatlardan münasibət öyrənməyə çalışıb.

Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Bəxtiyar Əliyev bildirib ki, qanunlar ölkənin gələcək inkişafına, yeni qurulan münasibətlərin hüquqi tənzimlənməsinə görə uzun perspektivə qəbul olunur. Amma əsas vacib məsələ yeni qanunlarda deyil, qanunların işləməsindədir.

“Çox təəssüflər olsun ki, bəzi qanunların icra edilməsində ciddi problemlər var, bəzi qanunların müəyyən maddələri ümumiyyətlə diqqətdən kənarda qalıb və yaxud da qanunlardan kənar müəyyən icra strukturları hüquqi normativ sənədlər qəbul edirlər ki, bu da qanuna ziddir və bu da ciddi problemdir. Fikrimcə, qanunların işləməsinə nəzarət gücləndirilməlidir və Milli Məclis bu səlahiyyəti həyata keçirməlidir. Qəbul edilmiş qanunlara və prezidentin fərmanı ilə verilmiş qanunlara zidd olan hüquqi normativ aktları dövlət qeydiyyatına alınması məsələsinə Ədliyyə Nazirliyi çox ciddi fikir verməlidir”.

B. Əliyev bildirib ki, komitədə artıq “Elm siyasəti haqqında” qanun layihəsi işçi qrupda hazırlanıb və artıq komitənin müzakirəsinə verilib. “Yəqin ki, bu günlərdə komitə qanun layihəsini müzakirə edib, Milli Məclisin plenar iclasında birinci oxunuş üçün təqdim edəcək”.

Millət vəkili Əhməd Vəliyev vurğulayıb ki, bütün qanunlar zamanla ayaqlaşmalıdır. “Zaman uyğun hər bir qanunun qəbul olunması zəruridir. Ona görə də bizim komitənin işi çoxdur. Hazırda “Elm siyasəti haqqında” qanun layihəsinin komitənin iclasında müzakirə olunması gözlənilir. Bu müzakirələrdən sonra zaman göstərər bu sessiyada, yoxsa gələn sessiyada qanun layihəsi qəbul edilər”.

Ə. Vəliyev vurğulayıb ki, qanun hansı istiqamət üçün qəbul olunursa, o istiqamətdə fəaliyyət göstərən yüksək səviyyəli mütəxəssislərlə müzakirə aparılır.
“Xarici ölkələrin təcrübəsini deyəndə biz milli mənəvi dəyərlərimizi, öz mentalitetimizi nəzərə alaraq qanunlarımızı qəbul edirik və çalışırıq ki, qanunları dünya səviyyəsində işlək olan qanunlarla uyğunlaşdıraq. “Elm siyasəti haqqında” qanun layihəsində bu gün Azərbaycanın fəaliyyət göstərən elm istiqaməti tam şəkildə təmin edilir, ona görə də başqa ölkənin təcrübəsindən istifadə etmirik. “Təhsil haqqında” Qanunun qəbulu zamanı bildirmişdik ki, bu çərçivə xarakterlidir, digər “Ali təhsil haqqında” və “Orta təhsil haqqında” qanun layihələrinin də qəbulu lazımdır. Hələlik əlimizdə layihə yoxdur. Yəqin, “Elm siyasəti haqqında” qanun layihəsindən sonra yerdə qalan qanun layihələrini də işləyib hazırlayacağıq.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...