“Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda keçirilən konfransda sənədsiz uşaqların təhsil problemi qaldırılıb.
Modern.az xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə Bakı Şəhər üzrə Təhsil İdarəsinə, Elm və Təhsil Nazirliyinə suallar ünvanlayıb.
O qeyd edib ki, sənədləri olmayan uşaqların təhsil müəssisələrinə yerləşdirilməsində ciddi problemlər var:
"Onları internat məktəblərinə, bağçalara, məktəblərə yerləşdirmək olmur. Sənədlərin verilməsi üçün müraciətlər, prosedurlar həll edilənə qədər uşaqlar təhsildən kənar qalırlar. Hazırda təkcə bizim sığınacaqda 18 nəfər sənədsiz uşaq var. Bunun həlli vacibdir".
Bakı Şəhər üzrə Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva Kəmalə Ağazadənin sualına cavab olaraq bildirib ki, problemin həlli istiqamətində addımların atılmasına çalışırlar: "Amma bu, tək İdarənin həll edə biləcəyi problem deyil".
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova isə qeyd edib ki, sənədsiz uşaqlar orta məktəblərə qəbul edilsə, hər hansı hadisə zamanı məsuliyyət Elm və Təhsil Nazirliyinin üzərində qalacaq:
"Buna görə hesab edirəm ki, Daxili İşlər Nazirliyi də prosesə dəstək verməlidir".