Fransa prezidenti Emmanuel Makronun son bəyanatları təkcə Rusiya və Azərbaycanı deyil, Britaniyanı da narazı salıb.
Emmanuel Makron Fransa televiziyasına verdiyi 1 saatlıq müsahibədə Azərbaycan-Ermənistan münaqişəsi, Ukraynadakı müharibə və Rusiyadan gələn təhlükələrdən danışıb.
Modern.az xəbər verir ki, Makronun “France 2” telekanalına müsahibəsindəki Britaniyanı qəzəbləndirən məqam “Rusiya nüvə silahı işlədərsə, Fransa ona sanksiya yatırmayacaq” ifadəsini işlətməsidir.
Ukrayna ilə bağlı vəziyyəti də şərh edən Makron deyib ki, Fransa "qlobal müharibədən" yayınmaq üçün Rusiyanın mümkün nüvə hücumuna qarşı özünün nüvə arsenalından istifadə etməyəcək.
Xarici KİV-lərin məlumatına görə, Makronun bu açıqlaması Qərbdə qınaqla qarşılanıb. Britaniyanın müdafiə naziri Ben Uolles deyib ki, Fransa prezidentinin bəyanatı onun əsl planının nə olduğunu aşkarlamış olub.
İndiyədək NATO, ABŞ və Böyük Britaniyanın Putinin təhdidləri qarşısında cavabı belə olub: “Moskva nüvə silahından istifadə edərsə, bunun Rusiya üçün ağır nəticələri olacaq".
Qərb mətbuatı yazır ki, Fransa prezidentinin Rusiya nüvə silahı işlədərsə, rəsmi Parisin ona oxşar cavab verməyəcəyi barədə dedikləri həm Britaniyada, həm də ABŞ-da təəssüflə qarşılanıb.
Xatırladaq ki, Makron iki gün öncə “France 2” telekanlına müsahibəsində anti-Azərbaycan və qatı ermənipərəst mövqeyindən çıxış edib. Makron müsahibəsində Qarabağı “mübahisəli ərazi” adlandıraraq deyib ki, bu bölgə Ermənistanın “ürəyidir”.
Fransa prezidenti bir az da irəli gedərək, Azərbaycanın Qarabağı “dəhşətli müharibə” apararaq “işğal" etdiyini söyləyib. O, Ermənistanı sona qədər tək qoymayacaqlarını bəyan edib.
Makron Azərbaycanın Avropaya qaz satmasının heç bir güzəştə əsas vermədiyini də vurğulayıb.
“Fransa Azərbaycandan qaz almır, bir neçə Avropa ölkəsi ilə qaz razılaşmaları var. Mən Fransa və Avropanın mövqeyi haqda deyə bilərəm ki, “bizim dəyərlərimiz və prinsiplərimiz” nə qazla, nə neftlə satın alınır”, - Makron deyib.
Fransa Prezidenti Rusiyanı qəsdən Ermənistan və Azərbaycan arasında gərginlik yaratmaqda da ittiham edib:
“Son iki ildə sərhəddə nə baş verib? 5 min rus əsgəri guya sərhədi qorumaq üçün ordadır, amma ruslar bu münaqişədən istifadə edərək Türkiyə ilə oyun qurdu və vaxtilə onlara yaxın olan Ermənistanı zəiflətdi. Nə baş verdiyini görürsünüzmü? Rusiya sabitliyi pozmağa çalışır. Bu ölkə sabitliyi pozmaq üçün Qafqazda xaos yaratmaq istəyir”, – deyə Makron bildirib.
A.Qorxmaz