Mililli Məclisin üç deputatı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Moderna.az saytının məlumatına görə, millət vəkilləri müraciətdə Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsini xahiş ediblər. Millət vəkili Fazil Mustafa müraciətin mətnini açıqlayıb. Onu təqdim edirik:
- Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Hörmətli Cənab Prezident!
Məlumunuz olduğu kimi, 95 il öncə - 1918-ci ilin 29-31 mart tarixlərində erməni-rus birliklərinin idarə etdiyi Bakı Kommunasının quldur dəstələri otuz mindən artıq dinc Azərbaycan türkünü vəhşicəsinə qətlə yetirmişlər. Bu quldurlar Bakıda, Qubada, Şamaxıda, Muğanda məhz etnik əlamətə görə, bütün türk əhalini öldürməklə yanaşı, Qubada yaşayan yəhudiləri də məhv etmişlər. Azərbaycanın keçmiş Prezidenti, mərhum Heydər Əliyev haqlı olaraq bu hadisənin soyqırım kimi tanınması barədə Fərman imzalamış və bu Fərmana müvafiq olaraq Azərbaycan xalqı bu günü matəm tarixi kimi qeyd etməkdədir.
Bildiyiniz kimi, bu hadisədən iki ay keçməmiş, Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycan türklərini xilas etmək üçün vətənimizə gəlmiş, Bakı Kommunasının hərbi birləşmələrini darmadağın edərək sentyabr ayının 15-də Bakını işğaldan azad etmişdir. Məhz bu hadisədən üç gün sonra- 18 sentyabrda Bakı şəhəri Azərbaycanın paytaxtı elan olunmuş və milli hökumətimiz Gəncədən Bakıya köçmüşdür
Məlumdur ki, Azərbaycanın azadlığı uğrunda savaşda yüzlərlə türk əsgəri Azərbaycan türkləri ilə birlikdə şəhid olmuşdur. Sonradan 1918-ci ilin oktyabr ayında Nuru Paşa öz azsaylı birlikləri ilə Qarabağa gedərək. orada erməni silahlılarını da məğlub etmiş və Qarabağda Azərbaycan Milli hökumətinin nəzarətini əsasən bərpa etmişdir.
Təəssüf ki, bu qürurverici tarixi anlardan 95 il keçməsinə baxmayaraq, özünü Xalq Cumhuriyyətinin varisi hesab edən biz azərbaycanlıların indiki nəsli, bu tarixi şəxsiyyətin və milli qəhrəmanımızın haqqını demək olar ki, unutmuşdur. Hazırda Türkiyə səfirliyində kiçik bir büstdən, Yevlax şəhərindəki Dəmir yol vağzalında qoyulmuş kiçik bir barelyefdən və Şəhidlər Xiyabanında Şəhid Türk Əsgərinin xatirəsinə qoyulmuş abidə üzərində kiçik bir yazıdan başqa onun adını xatırladacaq başqa bir işarə belə yoxdur.
Fikrimizcə, bu laqeyidlik, əsasən, bəzi bədxah tarix "biliciləri”nin Nuru Paşa haqqında yazdıqları və yaydıqları iftiralardan qaynaqlanmaqdadır. Onların iddialarına görə, guya Nuru Paşa ermənilərin dövlət qurmasına şərait yaradıb, guya Azərbaycanı işğal etmək məqsədilə gəlib, guya müstəqil Azərbaycan dövlətinin qurulmasını istəməyib və s. Tam məsuliyyətimizlə bildiririk ki, bu iddiaların heç bir gerçək əsası yoxdur və olması da mümkün deyil.
Hörmətli Cənab Prezident!
Tarixi keçmişimizə həssas yanaşdığınızı, azadlığımız və müstəqilliyimiz üçün canını fəda etmiş insanlara dəyər verdiyinizi nəzərə alaraq, istiqlal tariximizdə müstəsna xidməti olan böyük türk sərkərdəsi Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi üçün atılacaq müvafiq addımlar zamanı aşağıdakı təkliflərimizin diqqətə alınacağına ümid edir, dövlətimizin rifahı üçün çalışmalarınızda uğurlar diləyirik.
TƏKLİFLƏR
-15 sentyabr-Bakının işğaldan azad edilməsi tarixinin rəsmi bayram günü olaraq qeyd olunması;
- Bakı şəhərinin Binəqədi rayonu ərazisində prezidentin sərəncamı ilə inşası nəzərdə tutulan məscid kompleksinə Nuru Paşanın adının verilməsi;
- Hərbi məktəblərimizdən birinə Nuru Paşanın adının verilməsi;
-Ali Hərbi Təhsil müəssisələrində əlaçı kursantlara Nuru Paşa adına təqaüdünün verilməsi;
-Azərbaycanın bütün şəhərlərində küçə, prospekt, park və meydanlardan birinə Nuru Paşanın adının verilməsi;
-Nuru Paşanın qəhrəmanlığı və Qafqaz İslam Ordusunun Azərbaycanı xilası barədə faktların bütün orta və ali təhsil müəssisələrində tədris olunan tarix və ədəbiyyat dərsliklərinə salınması, əhatəli şəkildə şagirdlərə və tələbələrə çatdırılması.
Hörmətlə:
Fazil Mustafa
Qüdrət Həsənquliyev
İlyas İsmayılov