Xəbər verildiyi kimi, ölkə başçısının bu gün imzaladığı sərəncamla Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad olunub.
Digər sərəncamla Elçin Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Modern.az saytı Elçin Bağırovun qısa tərcümeyi-halını təqdim edir?
Elçin Tələt oğlu Bağırov 8 aprel 1959-ci ildə Gəncə şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.
18 iyun 1984-cü ildən 2 mart 1992-ci ilə qədər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində II katib, I katib vəzifələrində çalışıb.
Elçin Bağırov 2 mart 1992-ci ildən 2 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Dövlət katibinin köməkçisi vəzifəsində işləyib.
4 may 1992-ci ildən 25 mart 2004-cü ilə kimi isə Xarici İşlər Nazirliyində Dövlət protokolu idarəsi rəisinin müavini və sonra rəisi vəzifələrini tutub.
25 mart 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilib və 2022-ci ilin bu gününədək həmin postda çalışıb. O, dövlət qulluğunda çalışdığı müddətdə 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi alıb.
Eyni zamanda, fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi daşıyıb.
Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elçin Tələt oğlu Bağırov 2019-cu ilin aprelində, 60 yaşı tamam olanda “Şöhrət” ordeni ilə təltif edilib.
17 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
A.Qorxmaz