Modern.az

Nuşirəvan Məhərrəmli HARALARDADI...

Nuşirəvan Məhərrəmli HARALARDADI...

18 Oktyabr 2022, 12:34

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir. 


Əməkdaşımız bu dəfə Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçmiş sədri Nuşirəvan Məhərrəmlinin haralarda olduğunu öyrənməyə çalışıb.

Nuşirəvan Umud oğlu Məhərrəmli 1960-cı ildə İmişli rayonu Muradxanlı kəndində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olub. 1985-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə köçürülüb. 1988-ci ildə Moskva Dövlət Universitetinin Tarix fakültəsinin Aspiranturasının əyani şöbəsinə daxil olub. 1992-ci ildə "Azərbaycan milli məsələyə dair partiyalararası mübarizə (1917-1918-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.

1992-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsində "Qədim dünya və orta əsrlər tarixi" kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. 

1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-Siyasi məsələlər şöbəsində böyük referent, sektor müdiri vəzifələrində işləyib. 

2003-cü ildə ölkə başçısının sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib və sona qurumun sədri seçilib.

Prezidentinin 26 iyul 2015-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
6 aprel 2020-ci il tarixində Milli Televiziya və Radio Şurasının iclasında N.Məhərrəmli qurumun sədri vəzifəsindən azad edilib. 2021-ci ilin martında isə Nuşirəvan Məhərrəmlinin MTRŞ-nin üzvü kimi də səlahiyyət müddəti başa çatıb. Evlidir, üç övladı var.
 

Bəs çoxdandır görünməyən MTRŞ-nin keçmiş sədri indi nə işlə məşğuldur?

Nuşirəvan Məhərrəmli Modern.az-a açıqlamasında hazırda işsiz kimi istirahət etdiyini bildirib.
 

“Azərbaycan Audiovizual Şurasında ekspert qrupunun üzvü kimi qalıram. Televiziya kanallarında mübahisəli məsələlər olanda ekspertlər ona rəy verirlər. Amma çox şükür ki, bizdə belə problemlər olmur. Ümumilikdə isə daha çox evdəyəm, istirahət edirəm. İnşallah, hər şey yaxşı olar”.
 

Uzun müddət vəzifədə olmuş N.Məhərrəmli bəzən evdə sıxıldığını etiraf edib:
 

“Təbii, istərdim ki, pensiya yaşıma çatana qədər çalışım. Amma buna da şükür. Vaxtımın böyük hissəsini evdə keçirirəm. Bəzən sıxıldığım anlar olur”.
 

O, son dövrlər mətbuatda gedən dəyişikliklərlə bağlı da fikirlərini bölüşüb:
 

“Bütün dünyada gedən proseslər kimi, Azərbaycanda da mətbuat kütləvi xarakter aldığı üçün əksər insanların orada baş verənlər xoşuna gəlmir. Hazırda jurnalistikanın qaydalarına əməl edənlər çox azdır. Ona görə də insanların böyük əksəriyyəti bu sahədən narazıdır. Həm də dövr, zaman dəyişir, dəyərlər dəyişir, proseslər daha çox qlobal xarakter almağa başlayır.

Azərbaycanda da mətbuat sahəsində dəyişikliklər gedir. Amma bu, dünya mətbuatında gedən dəyişikliklərə adekvatdır. Dəyərsizləşdirmə hər yerdə gedir. İnsanları daha çox düşündürən mövzulara toxunulmur.
Yazılı və elektron mediada daha çox məişət, kriminal, şou kimi məsələlər üzərində düşünməyə vadar edən yazılara, verilişlərə geniş yer verilir. Bu da təbii ki, normal düşüncə adamlarını qane etmir. Bu, nəinki Azərbaycanda, eləcə də dünyada gedən proseslərin tərkib hissəsidir. Təkcə Azərbaycan telekanallarında yox, eləcə də Rusiya və Avropa kanallarında da vəziyyət ürəkaçan deyil”.
 

N.Məhərrəmli dünyada gedən proseslər fonunda ölkəmizdə də geniş vüsət alan bahalaşma ilə bağlı məsələyə də münasibət bildirib.
 

Müsahibimiz “Özünüzün də qeyd etdiyiniz kimi, işsiz vətəndaşsız. Geniş vüsət alan bahalaşma fonunda sosial problemlərlə üz-üzə qalırsınızmı” sualına  cavabında deyib:
 

“Bilirsiniz, sosial problemlər hamını narahat edir. Bahalaşma bütün dünyada olduğu kimi, bizdə də müşahidə olunur. Xüsusilə dünya ölkələrində enerji böhranı yaşanır. Bu baxımdan ölkə vətəndaşı olduğum üçün sosial problemlər məni də narahat edir”.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir