Niderlanddan olan yazıçı-jurnalist Henri van Rens Şuşaya səfər edib.
Modern.az xəbər verir ki, qonaq Azərbaycanın qədim mədəniyyət mərkəzi, eyni zamanda buraya gedərkən yol boyu ermənilərin viran qoyduğu digər yaşayış məskənləri ilə tanış olub.
O, erməni təcavüzünü pisləyib və təəssüratlarını belə ifadə edib: “Mən bu gün Şuşadayam. Şuşa Azərbaycan üçün, xüsusilə Qarabağ üçün önəmli yerdir. Mən 28 illik işğal dövründə dağıdılmış abidələri gördüm. Şuşa səfəri mənim üçün vacib idi, Qarabağ haqqında yazdığım kitabda bu məlumatlara ehtiyacım olacaq”.
Yazıçı Niderlandın rəsmi şəxslərinə Şuşadan çağırış edib: “Ümid edirəm ki, Niderland Krallığı ilə Azərbaycanın əməkdaşlığı genişlənəcək, ordan buraya çox insan gələcək. Çox istərdim ki, sıravi vətəndaşlarla yanaşı, parlament üzvləri də gəlib Birinci və İkinci Qarabağ müharibəsi zamanı baş verənləri görsünlər. Şuşaya gəldiyim üçün çox şadam. Bu şəhərə yenidən qayıtmaq istəyərdim, şəhər demək olar ki, yenidən qurulur. İnsanlar yaxın illərdə öz ata-baba yurdlarına qayıdacaq, sülh və əmin-əmanlıq şəraitində yaşayacaqlar”.
Qeyd edək ki, torpaqlarımız erməni işğalından azad olunandan sonra onlarla xarici jurnalist, tarixçi və yazıçının Qarabağa səfərləri təşkil olunub. Onlar dünya ictimaiyyətinin Azərbaycan həqiqətləri və erməni vandalizmi barədə məlumatlandırılması üçün mühüm addımlar atıblar.
Henri van Rensin Şuşadakı çıxışını bu linkdən izləmək olar: