“Ayətullah Şəbistərinin rəsmi Bakını İslam dininə qarşı siyasət yürütməsi fikirilə qətiyyən razı deyiləm. Bu heç vaxt olmayıb”.
Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Gövhər Baxşəliyeva Modern.az-a açıqlamasında belə deyib. O, İran Ayətullahının layiqli cavabını verib. Xanım millət vəkili İran ali dini liderinin rəsmi nümayəndəsi Ayətullah Şəbistərinin Azərbaycan dövlətini anti-islam siyasəti aparmaq ittihamın etməsinə şərh verərkən bildirib:
”Azərbaycan Konstitusiyasında insanların əqidə azadlığı tanınır, “Əqidə azadlığı haqqında” Qanun qəbul edilib və bunun bütün müddəaları icra olunur. Ancaq İran barəsində bu fikirləri demək olmaz. İranda qəbul olunan qanunlar, hətta onların İslam İnqilabından sonrakı Konstitusiyalarının bir çox müddəası yalnız kağız üzərində qalır. Ölkədə nə qanunlara, nə də Konstitusiyaya riayət olunur. Azərbaycanda isə dindarlar tam azad şəkildə dini ayinlərini icra edirlər. Bunun üçün lazımi şərait də yaradılıb. Azərbaycanda müstəqillik əldə olunandan sonra bütün dindarlar üçün şərait yaradılıb və yaradılır. Yeni məscidlər tikilir, köhnələri təmir olunur, dövlət səviyyəsində dini bayramlar qeyd olunur”.
Xanım deputat Şəbistərinin Azərbaycanda şiələrə qarşı təzyiqlərinə dair iddiasını təkzib edib.
“Azərbaycanda olan heç bir dinin nümayəndəsi təzyiqə məruz qalmır. Biz kiməsə şiə və sünni olmasına görə fərq qoymuruq. Bu zəmində dövlət-vətəndaş və dövlət-cəmiyyət və vətəndaşların bir-birinə münasibətində heç vaxt ayrı-seçkilik olmayıb. Qarşıdurma və ixtilaf baş verməyib. Bizim cəmiyyət bu mənada sivil və tolerantdır. Ölkəmizdə dini qarşıdurmaların yaranması mümkün deyil. Hələ dövlət səviyyəsində belə bir siyasətin həyata keçirilməsindən isə söhbət gedə bilməz”.
G. Baxşəliyeva Azərbaycan dövlətini İsrailin və ABŞ-ın razılığını əldə etmək üçün anti-islam siyasəti aparması ilə barədəki irada da toxunub:
“Ağayi Ayətullah Şəbistəri bu məsələdə də çox yanılır. Çünki Azərbaycan iqtidarı nə sionist hökumətinin, nə də ABŞ siyasətçilərinin razılığını almaq niyyətindədir və onların təzyiqi və təsiri altına düşmür və bundan sonra da belə olacaq. Azərbaycan tam müstəqil siyasət yürüdür. İran özü apardığı yanlış siyasət nəticəsində ölkəsini və xalqını dünya birliyindən təcrid vəziyyətinə salıb. Bunun da acı nəticələrini İran xalqı daim öz üzərində hiss edir. Azərbaycan hakimiyyəti isə İrandan fərqli olaraq realist siyasət aparır. Azərbaycan kiminsə razılığını almağa can atmır. Heç buna ehtiyacımız da yoxdur. Sadəcə olaraq Azərbaycan iqtidarı dövlətlərarası bərabərhüquqlu bir siyasət aparır. Biz eyni səviyyədə bütün ölkələrlə əməkdaşlıq edirik. Bu əlaqələr bərabər hüquqlara əsaslanır. Heç bir ölkə rəhbərliyi Azərbaycana hansı dövlətlərlə münasibət qurub-qurmamasını diktə edə bilməz. Azərbaycan bu gün həm daxili, həm də xarici siyasətdə öz xalqının köklü mənafelərindən çıxış edərək hərəkət edir. İnanırıq ki, bu, gələcəkdə də belə olacaq”.
Millət vəkili İrana İslam Əməkdaşlıq Təşkilatındakı sənədləri da xatırladaraq son nöqtəni qoyub:
“İranın riyakar siyasəti barədə də bəzi məsələləri demək yerinə düşər. Onlar Azərbaycanı sionist rejimlə əlaqə qurmaqda ittiham edirlər. Amma İran özü İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Bu təşkilatın qəbul etdiyi bütün qərarlara, qətnamələrə, səs verir və razılığını bildirir. Ancaq əməldə tam başqa siyasət yürüdür. İşğalçı Ermənistanı dəstəkləyir. Bütün müstəvilərdə Ermənistanla əməkdaşlıq edir. İslam Əməkdaşlıq Təşkilatının əsas prinsipi müsəlman həmrəyliyidir. İran da bu məsələni sözdə dilə gətirir. Ancaq İran bəzən bizə qarşı düşmənçilik siyasəti aparmaqdan belə çəkinmir. İranın Ermənistana dəstəyi və köməkliyi olmasa idi, Qarabağ münaqişəsi çoxdan öz həllini tapardı. Biz son 20 ildə bunun şahidi olmuşuq. Çox təəssüf ki, İran öz müsəlman qardaşlarını bir kənara qoyub, işğalçı Ermənistana köməklik edir”.
Aqşin Kərimov