Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə həkimlərin mərkəzləşdirmiş qaydada işə qəbuluna dair ilk müsabiqənin nəticələri açıqlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.
Tibb müəssisələrində həkim ixtisası üzrə nəzərdə tutulmuş vəzifələrə namizədlər aşkarlıq şəraitində şəffav üsullarla müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə iki mərhələdən - test imtahanı və müsahibədən ibarətdir. Hər iki mərhələdə müsbət nəticələr əldə etmiş həkimlərə müvafiq qaydada səhiyyə müəssisəsində işə qəbul olunmaq üçün Səhiyyə Nazirliyi tərəfindən göndəriş verilir.
Müsaqbiənin müsahibə mərhələsinin nəticələrinə əsasən, 34 həkim işə qəbul edilib. Onların 10-u Bakıdakı, 24-ü isə rayonlardakı səhiyyə müəssisələrində vakant yerlərə işə qəbul olunublar. Həkimlərin işə qəbulu üçün növbəti sənəd qəbulunun isə aprelin sonunda aparılması nəzərdə tutulub.
Modern.az