ABŞ Ankaranı Qarabağ danşıqlarına qoşmağı lazım bilib
ABŞ dövlət katibi Con Kerrinin Konqresdə çıxışı zamanı Qarabağ münaqişəsindən danışıb. Dövlət rəsmisi qeyd edib ki, ABŞ Qarabağ probleminin həll olunması istiqamətində Türkiyə ilə müzakirələr aparır. Bir müddət öncə də Türkiyədə səfərdə olan Con Kerri bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşündə Qarabağ məsələsi müzakirə obyekti olmuşdu. ABŞ-ın Qarabağ münaqişəsinin həllində aktivliyinin səbəbləri nədir? Türkiyə konfliktin həllində köməkçi qismində iştirak etməsi qardaş ölkəyə hansı perspektivləri vəd edir? Bu barədə modern.az-ın suallarını politoloq Qabil Hüseynli şərh edib.
Türkiyə niyə Ermənistanı şirnikləndirir?
Politoloq bildirdi ki, Türkiyə Kerri deməmişdən qabaq da Qarabağ probleminin həllinə dəstək verib. Türkiyə-Ermənistan münasibətlərinə də toxunan siyasi ekspertin fikrincə əlaqələrin müəyyən müddətdə “istiləşməsi” əslində Qarabağ probleminin həllinə yönəlib. “Türkiyə həmişə Qarabağ probleminin həlli istiqamətində lazım olan səyləri göstərib. Türkiyə Ermənistanı şirnikləndirib öz tərəfinə çəkməklə işğalçı dövləti güzəştə getmək üçün məcbur etməyə çalışır. Digər tərəfdən Ermənistanı blokadada saxlamaqla bu ölkəni konstruktiv mövqe sərgiləməyə səy göstərir. Bir sözlə, Türkiyə Ermənistanın danışıqlar prosesində obyektiv, beynəlxalq hüquq normalarına uyğun mövqe tutması üçün əlindən gələni edir. İndinin özündə Türkiyə Ermənistanı blokadada saxlayan dövlətlərdən biridir. Ermənistana şərt irəli sürür ki, işğalçı dövlət danışıqlarda konstruktiv mövqe tutmalıdır”.
ABŞ-ı qane etməyən durumdan Rusiya yararlanır.
ABŞ-ın Qarabağla bağlı mövqeyini isə Qabil Hüseynli belə şərh edib: “Danışıqlar prosesində yaranmış dalan vəziyyəti ABŞ-ı qane etmir. Çünki bu vəziyyətdən Rusiya istifadə etməyə çalışır. Azərbaycan sərhədinə qoşun toplayır. Eyni zamanda Ermənistana dayanmadan silah yardımı edir. Üstəlik bəyanat da verirlər ki, Azərbaycan Ermənistanla hərbi münaqişəyə başlasa Rusiya Ermənistana kömək edəcək. Halbuki biz öz işğal olunmuş torpaqlarımızı geri qaytarmaq istəyirik. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq Ermənistana dəstək verir. Belə olan təqdirdə ABŞ proseslərə daha fəal müdaxilə etməyi qərara alıb. Bu prosesə Türkiyəni də qoşmağı lazım bilir. Türkiyə onsuz da əvvəldən bu danışıqlarda fəal olub. ABŞ-ın dəstəyini də alaraq Azərbaycana və Gürcüstana kömək etməyi qərarlaşdırır. Bu köməyin formaları müxtəlif cür ola bilər: Türkiyənin Rusiya ilə danışıqlar aparıb Ermənistana təzyiqlər göstərməsini şimal qonşumuzdan xahiş etməsi də bu qəbildəndir. Düzdür bu çətin görünsə də, hər halda Türkiyə bunu sınaqdan çıxara bilər. İkincisi Türkiyə Cənubi Qafqazda həm Azərbaycanın, həm də Gürcüstanın özünü müdafiə qüvvələrinin gücünü artırmaq üçün bu ölkələrə silah və digər ləvazimatlara verə bilər”-deyə ciddi mesajlar verib.
Qarabağ problemi beynəlxalq təşkilatlarda Türkiyənin dili ilə...
Sözünün davamı olaraq politoloq vurğuladı ki, Türkiyə lazım olarsa, hər iki ölkəyə zabitlərdən və generallardan ibarət ştat heyəti göndərər. “BMT, Avropa Birliyi, Avropa Şurası kimi beynəlxalq təşkilatlarda Türkiyə Azərbaycanın mövqeyini ABŞ ilə yanaşı daha yaxından dəstəkləyə bilər. Diqqəti çəkən əsas məqam ABŞ-ın əvvəlki passiv mövqeyindən geri çəkilməsi və Azərbaycana kömək etmək qərarına gəlməsidir. Bu prosesin özünün böyük əhəmiyyəti var. bu günlərdə ABŞ-ın məhdud saylı qoşun heyəti ilə Azərbaycan ordusu arasında hərbi manevr də oldu. Bütün bunlar onu göstərir ki, Azərbaycanla ABŞ arasında hərbi əlaqələr güclənir. Bu hətta gələcəkdə Azərbaycanın ABŞ-dan müasir silahlar almasına da gətirib çıxara bilər. Türkiyə isə Qərblə Azərbaycanın münasibətlərinin genişləndirilməsində çox mühüm rol oynayır”.
Aqşin Kərimov