“Əgər hər kəs öz yerində olsa, o zaman problemlər də yaranmaz”
Modern.az xəbər verir ki, bu fikirləri parlamentin İqtisadi siyasət komitəsinin aprelin 18-də keçirilən iclasında çıxışı zamanı “Azəravtoyolservis” Səhmdar Cəmiyyətinin prezidenti, millət vəkili Cavid Qurbanov iclasda iştirak edən Gömrük Komitəsinin rəsmisi general Mirqasım Vahabovla mübahisəsi zamanı dilə gətirib.
Millət vəkili qeyd edib ki, bütün aidiyyəti dövlət orqanları, xüsusilə Gömrük Komitəsi ölkədə kənd təsərrüfatının inkişafı üçün əlindən gələni əsirgəməməlidir:
“Onsuz da ölkəyə taxta, dəmir daşıyanla məsələləri birtəhər yoluna qoyacaqsınız. Amma əsas məsələ odur ki, kənd təsərrüfatına kömək göstərilsin. Bu gün insanların məhsulları, xüsusilə alma məhsulları yerdə tökülüb qalır. Bunun əvəzində isə ölkəyə dadı-tamı bilinməyən alma və digər meyvə məhsulları gətirilir.
Ancaq sizin də, bizim də vəzifəmiz o olmalıdır ki, bu məsələdə insanlara kömək edək. Məsələn, Gədəbəydə kartof yetişdirənə nə lazımdır?
Ona kömək etmək lazımdır ki, öz əkib becərdiyi məhsulu satışa çıxara bilsin, özlərinin də dediyi kimi iki “paçka” yüzlüyü də ciblərinə qoyub gecələr isti çay içə-içə “Santa-Barbara”ya və digər seriallara baxsınlar.
Ona görə də kənd təsərrüfatının inkişafına əməli köməklik göstərilməlidir”.
Modern.az