“Azərbaycan ABŞ üçün vacib tərəfdaş olaraq qalır. Ölkələr arasında əməkdaşlıq üç əsas istiqamət - demokratik inkişaf, təhlükəsizlik və energetika istiqamətləri üzrə həyata keçirilir”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia keçirdiyi mətbuat konfransında deyib.
Tomas Melia Bakıda rəsmi şəxslərlə, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirdiyini, görüşlərdə Azərbaycanı plüralizmə, əsas azadlıqların, sərbəst toplaşmaq azadlığı və ifadə azadlığını inkişaf etdirməyə çağırdığını deyib.
O qeyd edib ki, ABŞ Azərbaycana bu mühüm seçkilər ilində siyasi sabitliyin qorunması üçün dörd mühüm addım atmağı təklif edir. Bu təkliflər jurnalistlərə, siyasi fəallara təzyiqlərin ciddi şəkildə araşdırılması, söz azadlığı hüququndan istifadəyə görə həbs edilən gənc siyasi fəalların azadlığa buraxılması, vətəndaş cəmiyyəti ilə - bura demokratik cəmiyyətin inkişafına töhfə verən Azad Fikir Universiteti və digər QHT-lər daxildir - dialoqun aktivləşdirilməsi, siyasi partiyalarla dialoqun dərinləşdirilməsi, onlarla açıq debatların keçirilməsidir.
“Bu il prezident seçkilərinin azad və ədalətli keçirilməsi bizim üçün vacibdir” deyən Tomas Melia seçkilərin ATƏT və digər beynəlxalq təşkilatların standartlarına uyğun keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyevin növbəti dəfə prezident seçkilərində iştirakı ilə bağlı “qırmızı xətt” ifadəsini işlətməsi haqqında mətbuatda gedən məlumatlara gəldikdə, Tomas Melia qeyd edib ki, mətbuat onun fikirlərini təhrif edib, o, belə fikir işlətməyib.
Azərbaycan prezidenti İlham Əliyevin üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı sualı şərh edən Tomas Melia bildirib ki, prezidenti xalq seçir: “2009-cu ildə Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə referendum keçirilib. O zaman bir sıra beynəlxalq siyasi dairələr narahatlıqlarını ifadə etdi. Lakin əvvəlki dünya təcrübəsi bunun pozitiv və ya neqativ dəyişikliklər olduğuna avtomatik cavab verməyə imkan vermir. Daha mühüm olan mahiyyət, seçki kampaniyanın atmosferidir”.
Tomas Melia mətbuat konfransında bildirib ki, bu, son 18 ayda Azərbaycana üçüncü səfəridir. Son səfərindən bu yana Azərbaycanda insan haqları sahəsində hansı dəyişiklikləri müşahidə etdiyinə dair sualı cavablandıran Melia bildirib ki, ötən səfərlə müqayisədə mövcud mənzərə, həbs olunmuş siyasi fəalların sayının çoxluğu bir qədər narahatlıq doğurur.
O qeyd edib ki, sabah ABŞ Dövlət Departamenti dünya ölkələrində insan haqlarının durumuna dair növbəti illik hesabatı açıqlayacaq: “Orada Azərbaycanla bağlı daha dəqiq mənzərəni görmək mümkün olacaq”.
Modern.az