Modern.az

Bir İstanbul masalı... - FOTOREPORTAJ

Bir İstanbul masalı... - FOTOREPORTAJ

Reportaj

24 Oktyabr 2022, 10:12

Türkiyənin səs-küylü şəhəri olan İstanbul keçmiş və moderinliyi özündə cəmləşdirməyi bacarıb. Bu şəhərin hər addımında keçmişin izləri özünü əks etdirir. İki qitənin - Avropa və Asiyanın kəsişməsində yerləşən İstanbul həm də xəyalların şəhəridir. Tarixi yerləri, ləzzətli mətbəxi, rəngarəng gecə həyatı, incəsənət və musiqi festivalları, alış-veriş mərkəzi İstanbulu digər şəhərlərdən fərqləndirir. 

 

Gəlin, qardaş ölkənin döyünən ürəyi olan İstanbulu birlikdə seyr edək...

 

Türkiyəyə təşrif buyuran hər bir turistin ziyarət etdiyi ilk yer möhtəşəm Ayasofyadır. 6-cı əsrə aid olan Ayasofya geniş günbəzi və rəngli mərmər sütunları ilə göz oxşayır. Bu tarixi abidə Şərqi Roma imperatoru Yustinian (532-537) tərəfindən inşa etdirilib. Bina əsrlər boyu bir neçə dəfə genişləndirilib və bərpa edilib. Abidə olduqca incə Şərq Roma mozaikasını və unikal Osmanlı xəttatlığının gözəl nümunələrini özündə birləşdirir.

 

Ayasofya 1985-ci ildə İstanbulun tarixi əraziləri adı ilə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib. Dünyanın ən qədim müqəddəs ziyarətgahlarından biri olan heyranedici tikili bu gün məscid kimi fəaliyyət göstərir.

 

İstanbulun ritmik və hərəkətli gücünü özündə əks etdirən İstiqlal küçəsi də turistlərin ən çox görmək istədiyi yerlərdən biridir. Burada demək olar ki, həyat dayanmır. Günün istənilən vaxtı bu küçə gəzən, rəqs edən, əylənən insanlarla doludur.

 

Taksim Meydanı və ətrafı bu gün İstanbulun ən kosmopolit hissəsini təşkil edir. Bura çoxsaylı böyük markaların yer aldığı geniş çeşidli alış-veriş ünvanlarına ev sahibliyi edir. Burada lüks geyimlərdən tutmuş əl ilə hazırlanmış keramikaya qədər hər şeyi tapa bilərsiniz. Taksim Meydanında lüks restoranlar, qənnadı məmulatları və şirniyyat mağazaları, pablar, muzeylər, sənət qalereyaları, səhnələr və kinoteatrlar da mövcuddur.

 

İstanbul Film Muzeyi (Atlas Cinema)

 

Muzeydə Türk filmlərindən nostalji dolu səhnələr və insanları keçmişə aparan xatirələr canlandırılır. Bura mədəniyyət və sənət həyatında yeni bir nəfəsdir. Binanın tavan bəzəkləri, mərmər kaminləri və suvaq formaları öz dövrünün memarlıq üslubunu mükəmməl şəkildə əks etdirir. Koceyen malikanəsi kimi tanınan binanın 1870-ci ildə o dövrün tanınmış iş adamı olmuş Agop Koceyan tərəfindən qış iqamətgahı kimi tikildiyi güman edilir. 1932-ci ildə aparılan təmirdən sonra bina sənət və əyləncə mərkəzinə çevrilib. Bu bina İstanbulun mədəniyyət və sənət həyatına işıq tutur. Cəmi üç hissədən ibarət olan muzeyin hər güşəsində tarix yatır. İlk iki mərtəbə daimi muzey kimi fəaliyyət göstərdiyi halda, üçüncü mərtəbə müvəqqəti sərgilərə ev sahibliyi edir. Muzeyin ən maraqlı eksponatları arasında uşaqlıqdan sevdiyimiz, filmlərini sevərək izlədiyimiz  tanınmış aktyor və aktrisaların mumdan hazırlanmış fiqurları, bir neçə görkəmli rejissorun şəxsi əşyaları, eləcə də kino afişalarını qeyd edə bilərik.

 

İstanbul Kino Muzeyi həm də rəqəmsal yaddaş tətbiqindən istifadə edən ilk muzeydir.

 

İstanbulun füsünkar gözəlliyinə Qalata Qülləsindən baxmadan getmək olmaz. Qüllənin ən sonuncu mərtəbəsindən baxanda sanki bütün İstanbul ayaqlarının altında qalır.

 

Bu qüllə 1348-ci ildə genuyalılar tərəfindən inşa edilib və orta əsrlərdə Christea Turris (Məsihin Qülləsi) adlandırılıb. Qalata qülləsi əsrlər boyu şəhərin ən hündür tikilisi olub. Əzəmətli qüllə 2013-cü ildə YUNESKO tərəfindən Türkiyə Dünya İrsi siyahısına daxil edilib.

 

Məşhur Pera Muzeyi

Bura İstanbulun Tepebaşı səmtində yerləşir. Gözoxşayan muzey Suna və İnan Kıraç Vəqfi tərəfindən 2005-ci ildə qurulub. Muzeyin böyük bir hissəsində yerləşən Anadolu Ağırlıqları və Ölçüləri Kolleksiyası sərgisində bu torpaqlarda qədim dövrlərdən 20-ci əsrin əvvəllərinə qədər istifadə olunan ağırlıq və ölçü vahidlərinin görkəmli nümunələri, müxtəlif material və texnikalarda istehsal olunan tərəzi və ölçü cihazları nümayiş olunur.

 

Koleksiyonun ikinci sərgisi olan Xəyallar şəhəri:

 

Burada Osmanlının özəl və ictimai məkanlardakı gündəlik həyatı, İstanbulun panoramik mənzərələri sərgilənir. Baxdıqca insanı valeh edən mənzə turistlərin xüsusilə diqqətini çəkir. 

 

İstanbulu gəzmək, görmək və o qədim şəhərin ahəngini yaşamaq üçün günlər, həftələr, hətta aylar belə bəs etməz. Hər qarışı tarix qoxan bu sehirli şəhərə gedə bilməyənlər isə təqdim etdiyimiz fotolara baxıb, virtual səhayətə çıxa bilərlər. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü