Azərbaycanın bəzi bölgələrində ta qədimdən qız qaçırma ənənəsi mövcuddur. Bir sıra bölgələrdə elçiliklə qız almaq əvəzinə, qaçırma yoluna üstünlük verilir. Belə hallar ya evlənmək istəyən gənclərin ailəsi izdivaca razı olmayanda baş verir, ya da qızın özü oğlana ərə getmək istəməyəndə. Bu ənənə indi də qalmaqdadır. Baxmayaraq ki, Azərbaycan qanunvericiliyinə görə, qız qaçırma adam oğurluğu hesab edilir. Ümumilikdə isə Azərbaycan cəmiyyətində qadının iradəsinə zidd olaraq onun evlənmək məqsədilə qaçırılmasına pis münasibət var.
“Unudulmuş adətlər” rubrikasında bu dəfə hələ də bəzi bölgələrdə ənənə şəklində qalan qız qaçırılmadan danışacağıq.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu: “Qız qaçırılma qanun olan yerdə ənənə deyil, qadın zorakılığı adlandırılmalıdır”.
“Bu kimi hallara iş həyatında daha çox rast gəlmişəm. Hətta bir dəfə qızı zorla qaçırtmışdılar, sonra həmin qız bizə bildirdi ki, o insan mənə təcavüz etsə də, onu həbsə atdırmalıyam. Çünki onunla bir yerdə yaşaya bilmərəm. Ərizə yazandan sonra oğlana cəza verildi. Yəni bəzən belə qürurlu qızlara da rast gəlirik. Öz istəyi ilə qaçırılan qızlar isə başqa məsələ. Belə qızlar ailəsi izdivaca razı olmayanda oğlanla öz aralarında bunu həll edirlər. Və qızla söhbət zamanı bizə öz istəyi ilə gəldiyini, ailəsinin razılığı olmadığına görə bu addımı atdığını bildirir. Hər hansı bir qız öz istəyi ilə qaçırsa, bunu qadın zorakılığı adlandırmaq olmaz. Qanun olan yerdə mən bunu “ənənə” adlandıra bilmərəm, bu zorakılıqdır. Bu kimi halların qarşısı qanun çərçivəsində alınmalıdır. Bəzən qızı istəməyərəkdən qaçırırlar, qız isə biabır olmasın deyə, etiraf edir ki, mən özüm gəlmişəm. Belə hallar da olur. Amma bütün növlərdə bu qadına qarşı zorakılıqdır. Mən belə hesab edirəm ki, ailələrdə ana ilə qız arasında münasibətlərin açıq olması bu kimi halların qarşısını almaq üçün hardasa bir vasitədir”.
Milli Məclisin Hüquq siyasəti komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə bunu qanunvericilikdə adam oğurluğu olduğunu söylədi: “Valideynlər belə hallarla rastlaşmamaq üçün ailədə tərbiyənin bünövrəsini düzgün qoymalıdırlar. Ana hər zaman övladına tövsiyə verməlidir və onunla dost olmalıdır. Bu həm də maarifləndirici və müsbət tərbiyələndirici xarakter daşımalıdır. Çünki emosional və dərhal qəbul edilən qərarların qarşısını ala bilmək üçün valideynlə övlad arasında belə münasibətlər yaranarsa daha yaxşı olar. Bu gün artıq cəmiyyətdə qadınlar öz hüquqlarını yaxşı bilirlər və bundan xəbərdar olduqları üçün onlar istəmədən belə hallar baş verə bilməz. Oğlan da yaxşı bilir ki, kiminsə qızını götürüb qaçsa, məsuliyyət daşıyır və sonda onu həbs gözləyir. İndi qızın iradəsi əleyhinə onun qaçırılması artıq adam oğurluğu kimi göstərilir. Bu da təbii ki qanunların ciddi cəza tətbiq edəcəyi təqdirdə gəncləri bu hərəkətdən çəkinməyə vadar edir. Bir şeyi də deyim ki, əgər hər iki tərəf razıdırsa, burda məsuliyyətdən söhbət gedə bilməz. O halda bu insan oğurluğu hesab oluna bilər ki, bu hal qızın iradəsinin əleyhinə baş versin”.
“Azadlıqdan sui-istifadə etmək olmaz”.
Etnoqrafiya İnstitutunun əməkdaşı Nərgiz Quliyevanın sözlərinə görə, oğlanla qız ya ailənin razılığını almayanda, ya da qızın özü oğlana ərə getmək istəməyəndə bu kimi hallar baş verir: “İndiki dövrdə belə hallara demək olar ki, az-az rast gəlinir. Amma əvvəllər qız qaçırmaq sanki adət halını almışdı. Hətta ailənin narazılığına baxmayaraq, güc tətbiq etməklə qızı qaçırırdılar. İndiki vaxtda bu adətlərin sanki forması dəyişib, artıq oğlanla qız öz aralarında buna qərar verirlər. Ona görə də valideynlər də başa düşməlidir ki, övladları sevib-seçiblərsə bu izdivaca razılıq verməlidirlər. Amma bəzi ailələr var ki, onlar oğullarına öz istədikləri qızı almaq, qızlarını da öz istədikləri oğlana vermək istəyirlər. İndiki gənclər müstəqildir və öz istəklərinə uyğun hərəkət edirlər. Ona görə də valideyn övladını tərbiyə edəndə düzgün tərbiyə etməlidir. İndi feodalizm dövründə olan kimi qızı zorla “sürükləyib” aparmırlar. Çünki biz elə bir dövlətdə yaşayırıq ki, burda qadınların hüquqları Konstitusiya və qanunlarla qorunur.
Qaçırılan qız məhkəməyə müraciət edib, o insanı tutdura bilər. Hətta indi kəndlərdə də bu kimi hallara çox nadir hallarda rast gəlirik. Mən çox vaxt bu kimi halların baş verməsinin əsas səbəbini ailələrdə görürəm, çünki onlar övladlarına düzgün tərbiyə vermirlər. Azadlıq özbaşınalıq demək deyil, azadlıqdan da sui-istifadə etmək olmaz”.
Pərvin ARZUQIZI