Modern.az

Deputatlar Milli Qəhrəmanların müdafiəsinə qalxdılar-Onları incidənlər işdən kənarlaşdırılmalıdırlar

Deputatlar Milli Qəhrəmanların müdafiəsinə qalxdılar-Onları incidənlər işdən kənarlaşdırılmalıdırlar

19 Aprel 2013, 10:24

Ötən gün Milli Qəhrəmanlar Maşallah Abdullayev və Məhəmməd Həsənovun Goranboy Rayon İcra Hakimiyyəti başçısından şikayətini diqqətə çatdırmışdıq. Milli Məclisin deputatları Milli Qəhrəmanlara qarşı haqsızlıqları yolverilməz sayırlar.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a bildirib ki, hər kəs Milli Qəhərəman qarşısında baş əyməlidir:

“Onların nə problemləri varsa yaxından kömək etməliyik. Dövlətin Milli Qəhrəmanların sosial müdafiəsi ilə bağlı çox önəmli addımları var. Onlar hər zaman Prezidentimizin diqqət və qayğısındadırlar. Biz şəhid ailələri ilə bağlı da önəmli sənədlər qəbul etmişik. Onların uşaqları təhsil haqqından azad edilib. Yəni bu istiqamətdə ciddi addımlar atılır. Mən bir şeyə təssüf edirəm ki, bəzən bizdə məmurlar belə insanları incidirlər. Hesab edirəm ki, elə məmurların dövlətçiliyə, vətənə, Prezidentimizə sədaqəti yoxdur. Niyə anlamırlar ki, bu insanların göstərdikləri şücaət hesabına bu gün vəzifədə oturublar. Mən Milli Qəhrəmanlara göstərilən belə hörmətsizlikləri qəbul edə bilmərəm.
Milli Qəhrəmanlar belə məmurları ifşa etməlidirlər. Biz də belə məmurları tənbeh etməliyik. Onlar ictiami qınaq obyektinə çevrilməlidir. O məmur ki bizim qəhrəman oğullarımızı qapı arxasında saxlayır, onun vəzifə tutmağa haqqı yoxdur. Cənab Prezidentdən örnək götürməlidirlər. Görsünlər dövlətimizin başçısı belə insanlara hansı münasibət sərgiləyir. Düşünürəm ki, belə hallara yol verən məmurlar işdən kənarlaşdırılmalıdırlar”.

Deputat Fazil Mustafa da bildirib ki, Milli Qəhrəman statusu daşıyan və vətən yolunda canından keçən insanların incik salınması yolverilməzdir: “Qarabağ savaşında iştirak eləmiş insanların taleyi hər kəsin maraq dairəsinmdə olmalıdır. Bu istiqamətdə tək dövlətin deyil, bütün ictimai institutların dəstəyinə ehtiyac var. Milli Qəhrəmanların ölkədə vəziyyətinə gəlincə, onlar bizim torpaqlarımız uğrunda fədakarlıqla vuruşublar. Ona görə də onlara hər yerdə hörmət edilməlidir. Milli Qəhrəmanlara dövlətin açıq qayğısı hiss olunmalıdır. Onların yaşam şəraitlərindən tutmuş müalicə qayğılarına qədər ciddi addımlar atılmalıdr. Ona görə də heaab edirəm ki, onların probleminin həlli təkcə statusun artırılması ilə bitməməlidir. Bütövlükdə cəmiyyət içində hörmət göstərilməsi çox vacibdir. İdarələrdə məmurlar tərəfindən xüsusi diqqətlə qarşılanmalıdırlar”.

Konkret olaraq Goranboyda Milli Qəhrəmanların icra başçısı tərəfindən incik salınmasına gəlincə deputat qeyd edib ki, Azərbaycanın bəzi yerlərində istədiyimiz standarlara cavab verilmədiyi üçün bu məsələ bir qədər çətin həllini tapır. Bu gün bölgələrdə Milli Qəhrəmanlra qarşı edilən hörmətsizlik ilk növbədə onların daşıdıqları o ada hörmətsizlik deməkdir. Məmurların bu özbaşınalıqlarının qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır və bununla bağlı əlaqədar qurumlar müvafiq tədbirlər görməlidir. Nəticədə Vətən yolunda canını qoyan bu insanların yaxşı yaşamaları üçün müvafiq şərait yarana bilər”.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir