Bu gün Milli Məclisin Regional məsələlər və Aqrar siyasət komitənin iclası keçirilib. Modern.az xəbər verir ki, Regional məsələlər komitəsinin iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Komitə sədri Arif Rəhimzadə layihə ilə bağlı bildirib ki, qanunvericiliyə təklif olunan dəyişikliyə əsasən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi, dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı üç gün ərzində məlumatlandırılmalıdır.
A.Rəhimzadənin sözlərinə görə, dəyişiklik bəzi küçə və meydanların adlandırılması zamanı məlumatsızlıqdan yaranan təkrarçılığı aradan qaldıracaq.
Komitə iclasında həmçinin bir müddət əvvəl Ərçivan kəndinin qəsəbə statusu alması ilə bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş bələdiyyələrin siyahısında dəyişikliklər olunmasına da baxılıb. Müzakirələrdən sonra dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Aqrar siyasət komitənin iclasında isə Torpaq Məcəlləsi müzakirə edilib. Komitə sədri Eldar İbrahimov deyib ki, dəyişikliyə əsasən çoxmənzilli binaların, fərdi yaşayış yerlərinin, qeyri yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektlərinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektlərinə çıxışı olan torpaq sahələrinə və onların üzərindəki qurğulara ünvan verilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Modern.az