Modern.az

Prezident Bakıda təməlqoyma mərasiminə qatılıb

Prezident Bakıda təməlqoyma mərasiminə qatılıb

19 Aprel 2013, 13:27

Aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Su İdmanı Sarayının təməlqoyma mərasimində iştirak edib.

Dövlət başçısı sarayın tikintisində iştirak edəcək xarici mütəxəssislərlə görüşdü. Gənclər və idman naziri Azad Rəhimov layihənin texniki göstəriciləri haqqında Azərbaycan Prezidentinə məlumat verdi. Bildirildi ki, sarayın layihəçisi Koreya Respublikasının “Securo CO.LTD” şirkətidir. Bundan başqa, layihədə Azərbaycanın “DDLAR Group”, İtaliyanın “Myrtha Pool”, İspaniyanın “Pujol Arquitectura”, Türkiyənin “Kadayfçıoğlu İnşaat” və “Başak İnşaat Sənaye Ticarət”, Böyük Britaniyanın “AFL Architects” şirkətləri də iştirak edirlər.
Məlumat verildi ki, oval formada tikiləcək binanın ümumi sahəsi 45 min 929 kvadratmetr, tikili altı sahəsi 13,810 kvadratmetr, hündürlüyü isə 35,2 metr olacaqdır.

Diqqətə çatdırıldı ki, 6028 tamaşaçı yeri olacaq sarayda üç üzgüçülük hovuzu, fitnes zal, restoran, konfrans zalı, duş otaqları, Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun digər işçi və köməkçi otaqlar tikiləcəkdir. Zirzəmidən və tribunaları dəmir-beton konstruksiyadan ibarət olacaq kompleksin 9 ballıq zəlzələyə davamlılığı nəzərə alınmışdır.
Qeyd edildi ki, sarayın ərazisində avtomobil dayanacağı tikiləcək, yaşıllıq zolaqları salınacaq, istirahət guşələri yaradılacaqdır. Sarayda müasir idman avadanlığı, inventarlar, ventilyasiya sistemi, nəmalma qurğusu, siqnalizasiya, təhlükəsizlik müşahidə kameraları, liftlər quraşdırılacaq, əraziyə giriş-çıxış yolları çəkiləcəkdir.

Dövlət başçısı metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı. Prezident İlham Əliyev inşaatçıları təbrik etdi, sarayın yüksək səviyyədə tikilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal