Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidentinin kimliyi məlum olub. Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli AMEA-nın sayca 13-cü prezidenti seçilib.
O, AMEA-nın toplantısından sonra mediaya açıqlamasında deputat mandatından imtina etməyəcəyini, Akademiya ilə yanaşı, Milli Məclisdə də fəaliyyətini davam etdirəcəyini söyləyib.
AMEA-nın yeni rəhbəri hədəflərini də açıqlayıb. İ.Həbibbəyli Azərbaycanda elmin inkişafına çalışacağına söz verib.
“Qarşımızda Akademiyanın nüfuzunu bərpa etmək, yenidən təşkilatlanmasını həyata keçirmək və dünya elminə inteqrasiya etmək kimi mühüm vəzifələr durur. Çalışacağıq ki, dövlətin dəstəyi ilə Azərbaycan elmini inkişaf etdirək və dünya elminin nailiyyətlərini ölkəmizə gətirək”, - deyə akademik vurğulayıb.
İsa Həbibbəylinin AMEA prezidenti seçilməsi elm adamları tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları onun rəhbər kimi uğurlu olacağını düşünür, bununla belə Həbibbəylinin əvvəlkilərdən heç nə ilə fərqlənməyəcəyini düşünənlər də var. Onlardan biri filologiya elmləri doktoru, professor İdris Abbasovdur.
Yeni rəhbərlikdən gözləntilər barədə Modern.az-a danışan İdris Abbasov AMEA-da müsbət yeniliklərin olacağına inanmadığını deyib.
“AMEA-dan müsbət gözləntilərim yoxdur. Düşünürəm ki, İsa Həbibbəyli öz vəzifəsini yerinə yetirməyi insanlara “yaxşılıq” kimi təqdim edir. Vəzifə borcu ilə yaxşılıq etmək bir-birindən ayrıdır. İsa Həbibbəylinin rəhbər seçilməsi nəyisə dəyişə bilməz. Bu, mənim fikrimdir. O, uzun illərdir ki, AMEA sistemində işləyir, bundan öncə vitse-prezident vəzifəsində çalışıb. Bu müddət ərzində bəzi neqativ hallar da baş verib. İsa Həbibbəyli yaxşı əsərləri heç vaxt qiymətləndirməyib. Bundan sonra da müsbət yenilik olacağını gözləmirəm”, - deyə professor tənqidi fikirlər səsləndirib.
İdris Abbasovdan fərqi olaraq, elm xadimlərinin bir çoxu İsa Həbibbəylidən gözləntiləri müsbətdir.