Modern.az

Ermənistan parlamentində terror aktı - Baş nazir və spiker niyə öldürüldü?

Ermənistan parlamentində terror aktı - Baş nazir və spiker niyə öldürüldü?

Hadisə

27 Oktyabr 2022, 12:08

Oktyabrın 27-də Ermənistan parlamentində törədilən terror aktından 23 il ötür.

Modern.az-ın məlumatına görə, Ermənistan hökumətinin bugünkü iclasında baş nazir Nikol Paşinyan bəyan edib ki, həmin terror aktı Ermənistana, onun suverenliyinə və müstəqilliyinə, xalqın seçdiyi hakimiyyət orqanlarına hücum idi.


Hökumət üzvləri həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ermənistanda bəzi siyasi qüvvələr hesab edirlər ki, 1999-cu il oktyabrın 27-də parlamentdə törədilmiş terror aktı ölkənin dövlətçiliyinin əsaslarına birbaşa zərbə olub və onun buraxdığı yara hələ sağalmayıb.

Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin iclası zamanı 6 nəfər silahlı şəxs zala daxil olaraq, deputat və nazirlərdən ibarət 50 nəfəri girov götürüblər. Zala daxil olan kimi terrorçular ilk olaraq baş nazir Vazgen Sarkisyanı və parlamentin spikeri Karen Dəmirçiyanı qətlə yetiriblər. Bundan başqa, terror aktı zamanı vitse-spikerlər Ruben Miroyan, Yuri Baxşyan, deputatlar – Armenak Armenakyan, Henrix Abramyan, Mikael Kotanyan və ölkənin operativ işlər naziri Leonard Petrosyan da  öldürülüb.


Hadisə yerinə gələn o zamankı Ermənistan prezidenti Robert Köçəryan terrorçu qrupun rəhbəri, “Daşnaksütyun” Partiyasının keçmiş üzvü Nairi Unanyanla birbaşa danışıqlar aparıb. Oktyabrın 28-i səhər saatlarında girovları qrup şəklində azad edən terrorçular könüllü olaraq hüquq-mühafizə orqnalarına təslim olublar. 8 nəfərin ölümündə, 7 nəfərin ağır yaralanmasında təqsirləndirilən terrorçular məqsədlərinin baş nazir Vazgen Sarkisyanı öldürərək ölkəni parçalanmadan xilas etmək olduğunu iddia ediblər.

Məhkəmənin qərarı ilə silahlı qrupun üzvləri – Nairi Unanyan (rəhbər), Karen Unanyan (qardaşı), Eduard Qriqoryan, Vram Qalstyan, Derenik Becanyan və Aşot Knyazyan ömürlük həbs cəzasına məhkum ediliblər.

Terrorçulara yardım edən Hamlet Stepanyana 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

Robert Köçəryanın ölkədə ümummilli matəm elan etməsinə baxmayaraq, bir çox ekspertlər terror aktında onun rolunun olduğunu iddia edirlər. Çünki parlamentdə baş verən teror aktı nəticəsində Köçəryan hakimiyyəti üçün təhlükə törədən Vazgen Sarksiyan və Karen Dəmirçiyan öldürülmüşdü.

Digər ehtimallara görə, Nairi Unanyanın silahlı dəstəsi İstanbulda NATO-nun zirvə toplantısı zamanı Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişini pozmaq üçün Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanmışdı. Hadisənin motivləri və sifarişçiləri ilə bağlı diskussiyalar Ermənistan cəmiyyətində bu günə qədər davam edir.

 
A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU