İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTR YŞ) baş direktoru İsmayıl Ömərov İTR YŞ-nın ümumi fəaliyyəti barədə hesabat verib. Modern.az İctimai Televiziyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsi üçün elan olunan müsabiqəyə qatılmayan İsmayıl Ömərov bildirib ki, İctimai Televiziyanın və Radionun daimi izləyiciləri fəaliyyətlərindən kifayət qədər məlumatlıdırlar.
İ. Ömərov hesabat verməsinin səbəbini da açıqlayıb: “Öz prinsiplərimizə sadiq qalaraq bir daha Sizin qarşısında ənənəvi hesabat vermək istərdim. Amma, bu dəfə bir illik deyil, ötən bütün dövrü əhatə etmək şərti ilə. Səmimi olaraq etiraf edim ki, səkkiz il bundan öncə fəaliyyətə başlayanda çox iddialı olmağımıza baxmayaraq, bu qədər uğur qazanacağımızı təsəvvür etmirdim. Amma onu əminliklə deyə bilərəm ki, görülən hər bir işin ərsəyə gəlməsi üçün sözün birbaşa mənasında gecəli-gündüzlü çalışmışıq. İctimai Teleradio sıfırdan qurulub. Bu şirkətin tək adından başqa heç nəyimiz yox idi. Bir stula, bir kasetə, bir nəfər peşəkar kadra belə ehtiyacımız var idi. Amma arxalandığımız bir güc-qüvvə var idi - millətimizin, dövlətimizin iradəsi. 2005-ci ildə keçirilən parlament seçkilərindən öncə efirə çıxacağımıza heç kim inanmırdı. Amma biz inanırdıq və bu inamla İctimai Televiziyanı yüz günə yaratdıq. Bu müddətə biz həm studiyalarımızı tikdik, həm onları avadanlıqla təchiz etdik, həm yaradıcı kollektivi formalaşdırdıq, həm də ilk gündən fasiləsiz efir vermək üçün proqramlar hazırladıq. Proqramların sınaq yayımı üçün zaman yetmirdi və biz 2005-ci il avqustun 29-da birbaşa efirə çıxdıq. Həyatını televiziyaya bağlamış insanlar yaxşı bilir ki, bu reallıqdan çox əfsanəyə bənzəyir. Bizimlə görüşən ictimai xadimlər, siyasətçilər, diplomatik korpusların rəhbərləri öz təəccüblərini gizlətmirdilər. Həmin dövrdə ABŞ-ın ölkəmizdəki səfiri Reno Harnişlə görüşdə mənə dedi ki, Amerikada 100 günə əyalət televiziyasını bir binadan o birinə köçürməyi belə çatdırmazlar.
Elə həmin yüz günə İctimai Televiziyanın mövcud KİV sistemində çox fərqli, şəffaf, aydın və sağlam təməli quruldu. Azərbaycanda ilk dəfə olaraq şirkətin kollektivi tam şəkildə müsabiqə yolu ilə formalaşdı. Təkcə Yayım Şurası və baş direktor deyil, həm də ictimaiyyətin televiziyasının komandası ictimaiyyətin arasından seçildi. Məncə, bu bizim uğurlarımızın açarı oldu. Bu gün də həmin ənənə davam edir və İctimai Teleradionun bütün əməkdaşları tutduğu vəzifəni öz qabiliyyəti, istedadı və peşəkarlığı ilə qazanır”.
Keçmiş direktor qeyd edib ki, o, beş yüz nəfərlik bu kollektivin hər birini demək olar ki, adbaad tanıyır və onların professionallığına inanır: “Artıq İctimai Televiziya böyük maddi-texniki bazaya və ən müasir avadanlıqlara malikdir. Ölkəmizin ev sahibliyi etdiyi böyük layihələrin beynəlxalq yayımında istifadə olunan HD studiya, kameralar, səyyar televiziya stansiyasına malik olan yeganə televiziya məhz İctimaidir. Amma yenə də qeyd edim ki, bizim ən dəyərli resursumuz bu avadanlıqlar yox, onların arxasında dayanan milli kadrlarımız, yaradıcı heyətimizdir. İctimai Teleradionun özü ilə Azərbaycan mediasına gətirdiyi bir çox yeniliklərdən biri də onun məhz ilk addımdan ictimaiyyətin üzünə açıq olması idi. Siyasi mövqeyindən, kimin yanında olmasından asılı olmayaraq xalqın rəğbətini qazanmış, ziyalı adı daşıyan hər kəs İctimai Televiziyaya öz evi kimi gəlməyə başladı. Uzun müddət ekranlarda görünməyən Cavanşir Quliyev, Məmməd İsmayıl, Musa Yaqub, Ramiz Rövşən, Flora Kərimova və başqaları kimi ədəbiyyat, mədəniyyət xadimlərimiz geniş tamaşaçı kütləsi ilə görüşə bizim efirdən gəlməyə başladı. Bu bizim fəaliyyətimizdə davamlı konsepsiyaya çevrildi və məncə biz xalqın ziyalısına fərq qoymadan onları bir araya gətirməklə öz efirimizdə əsl plüralizm, milli həmrəylik yaratdıq.
Siyasi plüralizmə gəlincə isə biz peşəkar mövqeyimizi fəaliyyətimizin ilk aylarında 2005-ci il Milli Məclisə deputat seçkilərində ortaya qoyduq. Bütün siyasi düşərgələrin nümayəndələri İctimai Televiziyanın efirində bərabər yer aldı, onların fəaliyyəti eyni dərəcədə işıqlandırıldı. Bu cür yanaşmamız onunla nəticələndi ki, həm parlament, həm beynəlxalq təşkilatlar səviyyəsində ölkədəki seçkilərin İctimai Teleradioda işıqlandırması qəbul olundu. Bu günədək bütünlüklə yayımladığımı 1 prezident, 2 parlament, 1 referendum, 1 bələdiyyə seçkilərində müşahidəçi beynəlxalq təşkilatlar tərəfindən bizə heç bir ciddi səhv, irad tutulmayıb. Çünki biz milyonlarla seçicinin marağına xidmət edən bu prosesi daim tam qanunauyğun şəkildə aparmışıq. Məncə bu da hüquqi dövlət quruculuğunda bizim rolumuz, töhfəmiz və media məkanı üçün nümunəmiz sayıla bilər”.
İsmayıl Ömərov siyasi yanaşmalar mətbuatda ən çox qabardıldığına görə mən bu məsələni önə çəkdiyini vurğulayıb. O qeyd edib ki, proqram siyasətləri İctimai Yayımçılıq prinsiplərinə tam cavab verən cəmiyyətin tələb və təkliflərinə hesablanmış mükəmməl bir modeldir: “Bu elə ilk gündən cəmiyyətin qəbul etdiyi, bəlkə də çoxdan gözlədiyi və arzuladığı bir modeldir. Elə buna görə də İctimai Televiziya teleradio məkanında ən gənc olsa da öz yerini və mövqeyini çox qısa zamanda tutdu və möhkəmlətdi. Bu gün ictimai yayım prinsiplərinə uyğun olaraq efirimizdə cəmiyyətin bütün zümrələri öz verilişlərini izləyə bilir. İctimai Televiziya ictimai mühitin, sosial problemlərin bugünkü gerçəkliyin aynasına çevrilib. Biz orijinal verilişlərimizin sayı ilə də fərqlənirik. 24 saatlıq efirin 15-16 saatını İctimai Televiziyanın yaradıcı heyətinin hazırladığı proqramları yayımlayırıq. Adətən televiziyalar səhər proqramları üçün çox asan format seçir, bir-iki nəfərin söhbəti və musiqidən ibarət veriliş yayımlayırlar. İctimai Televiziya isə hər səhər üç saat tamaşaçılarının görüşünə maraqlı, çoxsaylı qonaqlar, canlı konsertlər, bəzən dörd ölkə ilə eyni vaxtda qoşulan telekörpülər və müxtəlif şoularla gəlir. Bu verilişdə biz demək olar ki, hər gün müxtəlif millətlərin nümayəndələrini, bölgələrimizin folklor nümunələrini, xüsusi günlərə həsr olunmuş böyük şənlikləri izləyirik. Amma həm "Yeni gün"də, həm də digər verilişlərimizdə bir yeniliklə təzə bir ənənənin əsasını qoyduq. Bölgələrimizə, elimizə-obamıza üz tutduq. İndiyədək xalq görüş yeri kimi televiziyaya, studiyaya gəlirdisə, indi televiziya xalqın arasına getdi. Yaxın-uzaq ellərimizdən canlı proqramlar yayımlamağa başladı. Əsrarəngiz Azərbaycan təbiəti, Azərbaycan mühiti əlvan bir palitra kimi əvəzsiz dekorasiyamız oldu. Hətta bu cür əyləncəli verilişlərimiz belə dərin məzmunu ilə seçildi və auditoriya bu proqramlardan zövq almaqla yanaşı, həm də nəyisə əxz etdi”.
İ. Ömərov teleradio məkanında başqa bir yeniliklərinin maarifçilik missiyası ilə bağlı olduğunu bildirib. O, hesabatında İctimai Televiziyanın formaca müasir, məzmunca milli bir kanal olduğunu qeyd edib: “Bu fikir artıq şirkətimizin şüarına çevrilib. Tam cəsarətlə deyə bilərəm, heç bir media qurumu İctimai Teleradionun milliliyi, mənəviliyi ilə rəqabətə girə bilməz. Bu gün dünyanın bütün ölkələrində yaşayan Azərbaycanlılar hər bir məsələdə gözü İctimai Televiziyanı axtarır. Vaxt var idi mediamızda yayımlanan ən əhəmiyyətli mövzuları belə yalnız öz auditoriyamız izləyirdi və necə deyərlər, özümüz deyib, özümüz eşdirdik. Bu günsə İctimai Televiziya və Radio dünyanın çox müxtəlif ölkələri ilə canlı telekörpülər yaradır, müxtəlif mövzular müzakirə edir və Azərbaycan həqiqətlərini beynəlxalq auditoriyaya çatdırır. Ayrı-ayrı mədəniyyət günlərimizdə, bayramlarımızda, 20 Yanvar, Xocalı soyqırımı kimi milli faciələrimizin anım günlərində Türkiyənin, Albaniyanın, Maltanın, Litvanın, Moldovanın, Polşanın, Macarıstanın, Gürcüstanın və s ölkələrin ictimai televiziyaları bizimlə həmrəylik göstərir və xüsusi reportajlar, proqramlar yayımlayırlar. Bu bizim üçün xalqımız, dövlətimiz qarşısında qürurverici bir xidmətdir. Bütün Avropanın televiziyası hesab olunan və dünyada çox geniş auditoriyaya malik Euronews kanalı İctimai Televiziya ilə ciddi iş birliyi qurub. Hazırda kanallarımız arasında informasiya mübadiləsi aparırıq. Euronews bizim hazırladığımız reportajları, biz sə hər həftə “Europe Weekly” və “Business Weekly” proqramlarını yayımlayırıq. Beynəlxalq həmkarlarımız arasında qardaş Türkiyənin TRT və digər türkdilli ölkələrin milli televiziyaları ilə iş birliyimizi xüsusi qeyd etmək istərdim. TRT ilə ortaq layihələrimizin hər biri digərindən gözəldir və bu proqramların hər biri “Bir millət, iki dövlət” devizinin möhkəmlənməsinə xidmət edir. Artıq fəxrlə demək olar ki, bir zamanlar təklif olaraq milli məclisdə səsləndirdiyim ortaq Türk televiziyası tam reallaşıb. Bu tarixi işin ərsəyə gəlməsində bizim kollektivin xüsusi rolu məndə böyük məmnunluq hissi yaradır”. İTV-nin keçmiş direktoru İctimai Teleradionun beynəlxalq əlaqələrinə də toxunub. O, xatırladıb ki, İctimai Teleradio Avropa Yayımları Birliyinin (EBU), Asiya Yayımları Birliyinin (ABU) və İslam Yayımları Birliyinin (İBU) üzvüdür. Bu qurumların nəzdində biz bir çox daimi layihələrə qatılır, informasiya mübadiləsi edir. Bu layihələrdən ən tanınmışı EBU-nun keçirdiyi Eurovision Mahnı Müsabiqəsidir. Dünyanın ən böyük şousu hesab olunan bu nəhəng mədəniyyət layihəsində Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə Azərbaycanın qazandığı uğur əvəzsizdir. Ölkəmizin 2012-ci ildə ev sahibliyi etdiyi Eurovision Bakı Şousu EBU tərəfindən “ən gözəl şou” və “EBU-nun nailiyyəti” kimi tarixə düşüb. Bu Azərbaycan mədəniyyətinin layiq olduğu səviyyədə təqdimatı deməkdir: “Fəxrlə deyə bilərəm ki, bu tarixi nailiyyətdə İctimai Televiziyanın böyük rolu var. Eyni zamanda İctimai Televiziya Azərbaycan tamaşaçılarına Kann Kinofestivalı, Viena Filarmonik Orkestrinin konsertləri, Olimpiada Oyunları, futbol üzrə Dünya və Avropa Çempionatları, World Music Awards musiqi festivalı kimi demək olar ki, bütün dünya auditoriyasının izlədiyi layihələri eksklüziv təqdim edir. Bu proqramlar auditoriyamızın dünya görüşünün formalaşmasında böyük rol oynayır və biz büdcəmizin imkan verdiyi qədər bu layihələrin yayımının artırılması niyyətindəyik. Qeyd edim ki, bu bahalı yayımların əksəriyyətini biz beynəlxalq əlaqələrimizdən istifadə edərək bəzən şərti bir büdcə hesabına əldə etmişik. Qənaət etdiyimiz hər manatı İctimai Teleradionun qurulmasına xərcləmişik. Beləliklə biz daha az vəsaitlə çox iş görmək vərdişinə yiyələndik və məncə televiziya üçün bu vacib məsələdir. Ötən 8 ildə İctimai Teleradionun orta illik büdcəsi təxminən 9.5-10 milyon manatadək olub. Müqayisə üçün deyim ki, bu bizimlə eyni auditoriyaya və yayıma malik olan digər EBU üzvləri ilə müqayisədə təxminən 8-10 dəfə azdır. Amma qeyd edim ki, büdcəmizin az olmasına baxmayaraq dövlətimizin bizə olan qayğısı daim çox yüksək olub və məncə qazandığımız uğurlar dövlətimizin inkişafının göstəricisidir. İctimai Televiziya bu gün dünya televiziya sisteminə inteqrasiya edən yeganə Azərbaycan kanalıdır. Bir jurnalistin “İTV-nin ən böyük layihəsi hansıdır?” sualına, “İctimai Televiziyanın ən böyük layihəsi onun kollektividir” deyə cavab vermişdim. Aradan bir neçə il keçməsinə baxmayaraq görürəm ki, bu fikir həmişə öz təsdiqini tapır. Bu komandanın yaradıcılığı hər mənada sərhəd tanımır. Məsələn bu gün İctimai Televiziyanın “Carçı Yaradıcılıq Birliyi”nin çəkdiyi bədii və sənədli filmlər bəlkə də son illərdə ölkədə istehsal olunan filmlərdən daha çoxdur. Bu filmlər həm də məzmun və keyfiyyət baxımından fərqlənirlər. Ramiz Rövşən, Muğanna, Anar kimi yazarlarla işləyən bu yaradıcı heyət artıq “Qarabağnamə” kimi tarixi məsuliyyət dolu bir film ərsəyə gətirir. İctimai Teleradio həm də əməlləri ilə cəmiyyətə ötürdüyü ideyalara necə sadiq olduğunu nümayiş etdirir. Çox yaxşı haldır ki, hər kəs İctimai Teleradionu özününkü hesab edir və daim bizə üz tutmağa çalışır. Bizi ən qatı tənqid edənlər bəzi siyasilərdir. Onlar da İctimai Teleradionu özününkü bildiyindən efirimizi ən çox izləyən bu zümrənin fikrində belə ərkyana şəkildə “uman yerdən küsərlər” söyləmək istəyi hiss olunur. Çünki onlar gözəl bilirlər ki, İctimai Televiziya milli bir kanaldır və siyasilərin ali məqsədi olan dövlətçiliyimizə, milli maraqlarımıza layiqli xidmət edir”.
İsmayıl Ömərov kollektivdən də geniş bəhs edib: “Ayrıca qeyd etmək istərdim ki, əksəriyyəti ilk efir fəaliyyətinə İctimai Teleradioda başlayan aparıcılarımız öz intellekti, istedadı və mənəviyyatı ilə seçilir. Amma proqramlarımız onların siması üzərində deyil, peşəkarlıqları və mövzuların aktuallığına söykənir. Biz də çalışırıq ki, bir hesabatda adlarını belə sadalayıb qurtara bilməyəcəyimiz bu fundamental layihələri ərsəyə gətirən 500 nəfərədək kollektivin qayğısına layiqincə qalaq. Onlar yüksək maaş və qonorar alır, tibbi sığortaları var, Qubada şirkətimizə məxsus müasir və gözəl şəraitə malik istirahət mərkəzində ailələri ilə birgə pulsuz dincəlirlər, televiziya binasının cəmi on addımlığında əməkdaşlarımızın böyük bir hissəsinin güzəştli qiymətə mənzil aldığı kooperativ bina tikirik. Amma bütün bunlar məsələnin maddi tərəfidir. İctimai Teleradionun komandası daim böyük entuziazmla çalışır və birgə işimizdən zövq alır. Bu komanda böyük bir mənəviyyat daşıyıcısına çevrilib. Azərbaycanın layiqli ictimai yayımçısını formalaşdıran bu gənc komanda ilə fəxr edir və bu əvəzsiz fəaliyyətlərinə görə onların hər birinə dərin təşəkkürümü bildirirəm”.