“Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, layihəyə əsasən Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasının monitorinqi aparılacaq.
Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan öhdəliklərin icra vəziyyətini dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq monitorinq etmək hüququna malikdir.
Dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 (qırx doqquz) ildir.
Layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı layihələri, onların seçilməsi qaydası və iddiaçılara dair tələblər müəyyənləşir. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısını qüvvədə olan strateji sənədlər əsasında hazırlayır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra hər il üzrə bu qanunda nəzərdə tutulan məlumat bazasında və özünün rəsmi internet səhifəsində yerləşdirir, habelə mediada dərc etdirir.
Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi birdən çox dövlət tərəfdaşının səlahiyyətinə aid olduğu hallarda, səlahiyyətli orqan dövlət tərəfdaşını müəyyən edir və ya dövlət-özəl tərəfdaşlığı layihəsinin onlar tərəfindən birgə həyata keçirilməsi barədə qərar qəbul edir. Bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan dövlət-özəl tərəfdaşlığı layihələri aşağıdakı meyarlar nəzərə alınmaqla müəyyən edilir:
- layihənin əhəmiyyəti;
- layihənin maliyyə-iqtisadi səmərəliliyi;
- layihənin icrası zamanı yarana biləcək maliyyə riskləri və bu risklərin tərəflər arasında bölgüsü. Dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 (qırx doqquz) ildir. Bu müddət, aşağıdakılar nəzərə alınmaqla, səlahiyyətli orqan tərəfindən müəyyən edilir:
- dövlət-özəl tərəfdaşlığı nəticəsində yaradılacaq infrastrukturun yararlılıq müddəti;
- özəl tərəfdaş tərəfindən investisiya qoyuluşunun forması və həcmi, o cümlədən cəlb edilmiş vəsaitin qaytarılması müddəti, şərtləri və layihələr üzrə gəlirlilik. Dövlət-özəl tərəfdaşlığı layihələri qanuna uyğun olaraq iddiaçılar tərəfindən də təqdim edilə bilər. Səlahiyyətli orqan siyahı səlahiyyətli orqanın rəsmi internet səhifəsində məlumat bazasında yerləşdirildikdən və ya mediada dərc edildikdən sonra layihənin həyata keçirilməsində iştirak etmək istəyən şəxslər bu barədə niyyətlərini dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq səlahiyyətli orqana bildirmək hüququna malikdirlər.
Səlahiyyətli orqan layihənin həyata keçirilməsində iştirak etmək istəyən şəxslərin niyyətləri əsasında və ya öz təşəbbüsü ilə, dövlət-özəl tərəfdaşlığı layihəsini müsabiqəyə hazırlayır.
Bundan əlavə, dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsində iştirak etmək üçün iddiaçılara dair tələblər müəyyənləşəcək.
Layihəyə görə, həmin tələblər aşağıdakılar nəzərə alınmaqla dövlət-özəl tərəfdaşlığı qaydaları ilə müəyyən ediləcək.
- iddiaçı müvafiq fəaliyyət və ya oxşar layihələrin icrası sahəsində təcrübəyə malik olmalı;
- iddiaçı dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün maliyyə resurslarına və (və ya) həmin maliyyə resurslarını cəlb etmək imkanına malik olmalı;
- iddiaçı maddi və (və ya) qeyri-maddi aktivlərə və ya həmin aktivlərin cəlb edilməsi imkanına malik olmalı; iddiaçı idarəetmə imkanlarına, bilik, innovasiyaya və texnologiyalara və ya onların hazırlanması və ya cəlb edilməsi imkanlarına malik olmalı;
- fiziki şəxsin, hüquqi şəxsin, onun təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya icra orqanlarının üzvlərinin korrupsiya, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsi və ya onlar barəsində cinayət-hüquqi tədbirlərin tətbiq olunması faktı olmamalı;
- fiziki şəxsin, hüquqi şəxsin, onun təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya icra orqanlarının üzvləri barəsində beynəlxalq sanksiyaların mövcud olmaması, habelə vətəndaşı və ya rezidenti olduğu ölkədə həmin şəxsin dövlət-özəl tərəfdaşlığı layihəsində iştirakını məhdudlaşdıran və ya qadağan edən məhdudiyyətlər tətbiq edilməməli;
- fiziki şəxsin, hüquqi şəxsin, onun təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya icra orqanlarının üzvləri barəsində dövlət-özəl tərəfdaşlığı layihəsində nəzərdə tutulan fəaliyyət növlərinin həyata keçirilməsi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə qoyulan məhdudiyyət və ya qadağa olmamalı;
-iddiaçı barəsində onun iflası haqqında icraat, hüquqi şəxs olduğu təqdirdə isə həmçinin ləğvi haqqında icraat olmamalı. Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici iddiaçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycan Respublikasının diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici iddiaçıların müsabiqədə iştirak etməsinə, özəl təşəbbüs qaydasında təklif verməsinə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi üzrə birbaşa danışıqlarda iştirak etməsinə məhdudiyyətlər qoyula bilər.
Səlahiyyətli orqan belə məhdudiyyətin müəyyən olunduğunu müsabiqənin şərtlər toplusunda və müsabiqə barədə elanda göstərməlidir.