Modern.az

Təkcə təhsil naziri dəyişməməlidir - Deputat yazır

Təkcə təhsil naziri dəyişməməlidir - Deputat yazır

Parlament

20 Aprel 2013, 21:59

İlyas İsmayılov
Milli Məclisin deputatı,
Ədalət Partiyasının sədri

İlk növbədə isə müəllimə layiq olduğu hörməti qaytarmaq lazımdır

Vəzifələr əbədi olmur. Xüsusilə, demokratik cəmiyyətlərdə hər seçkidən sonra qurulan yeni hökumətlərlə bərabər yüksək vəzifə sahiblərinin dəyişilməsi dövlət aparatının daha keyfiyyətli işləməsinə, məmurların, siyasilərin öz işlərinə məsuliyyətlə yanaşmasına xidmət edir. Bu mənada 15 il nazir postunda əyləşmiş Misir Mərdanovun bir başqasıyla əvəzlənməsini, hardasa, irəliyə doğru addım kimi qiymətləndirmək olar. Bununla belə, açığını desəm, sözügedən kadr dəyişikliyini, bəzilərindən fərqli olaraq, təhsil sistemimizin xilası da hesab etmədim və etmirəm. Əvvəla ona görə ki, normal cəmiyyətlərdə adi hadisə sayılan bu kadr dəyişikliyi ömrünü nazir postunda başa vurmağa indekslənmiş Azərbaycan reallığında cəza kimi başa düşülür, bəzən hansısa sahədəki çatışmazlıqların məsuliyyəti yalnız həmin sahəyə rəhbərlik edənlərə kəsilir. Misir Mərdanov isə bütün əyər-əskikliklərinə baxmayaraq, təhsil sistemindəki problemlərin tək səbəbkarı deyil. Əksinə, bir mütəxəssis kimi təhsil problemlərini dərindən bilən kadrdır. İllər boyu təhsil sisteminin müxtəlif sahələrində işləməsi ona zəngin təcrübə qazandırmış, problemləri dərindən anlamasını asanlaşdırmışdı.

O başqa məsələdir ki, artıq keçmiş təhsil naziri bu zəngin təcrübəsindən istifadə edə, hər kəsin gündə qarşılaşdığı problemləri tam yoluna qoya bilmirdi. Məktəblərdə baş alıb gedən rüşvət, müəllimlərin öz işlərinə etinasız yanaşmaları, təhsil ocaqlarında müəllimlərdən tutmuş, direktorların təyinatına qədər hər yerdə qohumbazlıq və yerliçilik prinsipinin hakim olması, dərslərin keyfiyyəti, yalnız orta məktəblərdəki tədris proqramıyla ali məktəbə qəbul olmağın mümkünsüzlüyü və sair kimi problemlər cəmiyyətimizin ən böyük dərdləri sırasında idi. Bütün bunlar ilk baxışdan Təhsil Nazirliyinin həll edəcəyi məsələlər kimi görünsə də, reallıq tamamilə başqa cürdür.

Təkcə Azərbaycanda deyil, dünyanın heç bir ölkəsində dövlətin təhsil siyasətini təhsil naziri müəyyən etmir. Adından da göründüyü kimi, o, siyasi hakimiyyət tərəfindən müəyyənləşdirilmiş təhsil siyasətinin həyata keçirilməsinə nəzarət edir. Bu nəzarət prosesində onun müəyyən səlahiyyət çərçivələri olur və o da həmin çərçivədə fəaliyyət göstərməyə məhkumdur. Misir Mərdanov da bu çərçivədə öz öhdəsinə nə düşürdüsə, onu etməyə çalışırdı. Mən şəxsən deputatlıq fəaliyyətim dövründə dəfələrlə bunun şahidi olmuşam. Bir deputat kimi ona etdiyim müraciətlərə Misir Mərdanovun necə həssaslıqla yanaşdığını görmüşəm. Müraciətim əsasında Qazax və Tovuz rayonlarının iki kəndində müasir tipli məktəblərin inşa olunmasını Misir müəllimin təhsilə, öz vəzifəsinə ciddi yanaşması kimi qiymətləndirirəm.

Təhsildəki bütün problemləri çözmək isə onun səlahiyyətlərinə aid məsələlər deyildi. Bu, bütövlükdə cəmiyyətin problemləri idi və problemləri olaraq da qalır. Bir cəmiyyət necədirsə, onun təhsil, səhiyyə, iqtisadi, hüquq sistemləri də elədir. Rüşvət, korrupsiya, yerliçilik, qohumbazlıq, iş görmək əvəzinə iş adıyla manipulyasiya etmək kimi bəlalar hansısa ayrıca götürülmüş sahələrin dərdi yox, cəmiyyətimizin problemləridir. Bunları həll etməyin yolu isə siyasi iradədən keçir.

Təhsildə müəyyən islahatlar həyata keçirilməsə, nə qədər nazir dəyişilir dəyişilsin, önəmli uğurlara imza atmaq mümkün olmayacaq. Məncə, təhsildə aparılacaq ilk islahat müəllimin hörmətini yüksəltmək olmalıdır. Çox təəssüf ki, xalqa yaxınlığı ilə seçilən, onun ağrı və əzablarını çəkən, bu ağrılardan xilas yolunu bilik və tərbiyədə görən və ömrünü bu amala həsr edən müəllimin müqəddəs adı son vaxtlar “bəy”, “ağa” və xalqdan üstün tutulan digər ictimai statuslu müraciətlərlə əvəz olunmaqdadır. Müəllim sözünə hörmətsizlik, müəllimlərə laqeydlik cəmiyyəti bədbəxtliyə  aparır. Cəmiyyətin inkişaf səviyyəsi bir sıra iqtisadi, siyasi, hüquqi, mənəvi-əxlaqi meyarlarla ölçülsə də gələcəyimiz tələb edir ki, bu meyarlar içərisində müəllimin maddi və mənəvi durumu əsas meyar olsun, müəllim sözü müqəddəs sayılsın. Başqa cür desək, müəllimin layiq olduğu hörməti onun özünə qaytarmaq lazımdır.

Təhsildə aparılacaq önəmli islahatlardan biri də rüşvətin qarşısını almağa yönəlməlidir. Bunun üçün isə həyata keçirilməsi tələb olunan iş  müəllimlərin ən azı öz ailələrini dolandıra biləcək qədər maaşla təmin olunmasıdır. Ayda 150-200 manat maaşla bu islahata ümid bağlamaq təbii ki, sadəlövhlükdən başqa bir şey deyil.

Hökumətin öz hesablamalarına görə, adambaşına düşən minimun istehlak səbəbtinin dəyəri 167 manat 43 qəpik olduğu halda, ailəsində ən azı 3 nəfər olan bir adama 200 manat verilirsə və ondan rüşvət almamaq tələb olunursa, deməli, ona “acından öl” deyilir. Həm də təkcə “özün intahar et” də deyilmir, “dünyada ən sevdiyin insanları da özünlə bərabər ən işgəncəli bir metodla aclıqdan öldür” mənasına gələn bir tələb irəli sürülür ki, bu da insani quyğulardan nə qədər uzaqdırsa, Misir Mərdanovu təhsil ocaqlarında rüşvətin kökünü kəsməməkdə qınamaq da bir o qədər ədalətdən kənardır.

Fikrimcə, müəllim elə yüksək maaşla təmin olunmalıdır ki, o, parta arxasında oturan uşaqların əlinə baxmasın. Ələ baxan müəllim nəticə etibarilə ev yıxan müəllimdir və sözügedən ələbaxımlılıq dövlətimizin müəllim əməyinə verdiyi qiymətlə bağlıdır. Nə qədər ki, dövlət müəllim əməyinə düzgün qiymət vermir, təhsil nazirini yüz dəfə də dəyişsə, gələcək nəsillərimizi hələ şagirdikən korrupsiyaya alışdıran, rüşvət alıb verməyə öyrəşdirən məktəblərdə bu bəlanın qarşısını almaq mümkün olmayacaq.

Bəzən adama elə gəlir ki, təhsil işçılərimizin müqəddəs əməyinin bu cür olduqca aşağı səviyyədə qiymətləndirilməsi bilərəkdən siyasi səbəblərlə bağlanıb. Sanki Azərbaycanın təhsil ocaqlarının təyinatı gələcəyin intellektual bazasını təşkil etməyə yox, korrupsioner rejimin bərqərar olmasına yönəlib. Dünyagörüşü məktəblərdə formalaşan övladlarımız kasıb və ələbaxan müəllimlərin ümidinə ona görə buraxılıb ki, müəllimlərindən keyfiyyətli tədris proqramı yerinə, necə rüşvət almağı və asan nəticə əldə etmək üçün rüşvət verməyi öyrənsin. Rüşvətin olduğu yerdə alınan təhsilin isə heç bir qiyməti yoxdur. Məhz bu baxımdan müasir Azərbaycan məktəbləri gələcəyin intellektual bazasını deyil, korrupsioner rejimin vətəndaşlarını yetişdirir. Korrupsiyaya qarşı mübarizə apardığını elan edən hakimiyyət əgər öz fikrində səmimidirsə, bu sahədə ilk işini məktəblərdən başlamalıdır. Lakin buna şagirdindən rüşvət istəyən kasıb müəllimləri həbsə atmaqla yox, onların maaşını yüksəltməklə nail olmaq mümkündür.

Deyilə bilər ki, məmurların, o cümlədən müəllimlərin maaş həcmini Azərbaycanın iqtisadi potensialı müəyyənləşdirir. Büdcəsinin hardasa 11 faizini təhsilə ayıran Azərbaycan hakimiyyəti bu sahədə dünyanın digər ölkələri ilə eyni siyasəti həyata keçirir. Qardaş Türkiyə də, Rusiya da, ABŞ da təhsil sisteminə təxminən eyni faizdə vəsait ayırır. Bu fikirlərlə hardasa razılaşmaq olar. Ancaq iqtisadiyyatının böyük hissəsini kölgə iqtisadiyyatı təşkil edən ölkəmizin potensialı hər halda indikindən qat-qat yüksəkdir. Təhsildə, səhiyyədə və büdcədən maliyyələşən digər sahələrdə bu cür problemləri həll etməyin qısa yolu kölgədə qalan iqtisadi potensialımızı real fəaliyyətə cəlb etmək və ondan alınan vergilərlə, gömrüklərdə, vergi sistemlərində gözdən yayındırılan böyük həcmli vəsaitlərlə  büdcənin həcmini artırmaqdır. Bu da büdcə təşkilatlarında çalışan insanların əmək haqlarının artırılmasına xidmət göstərər.

Təhsilə ayrılan vəsaitin artırılması ali təhsil müəssisələrində gənclərimizin pulsuz təhsil almaq imkanlarını da artıra bilər və bu da sözügedən sistemdə arzu etdiyimiz islahatlardan biridir. Bildiyimiz kimi,  Azərbaycan Konstitusiyasının 42-ci maddəsinin II bəndinə görə ölkə vətəndaşlarının yalnız orta təhsili pulsuz almaq hüququ vardır. Bu maddədən istifadə edən bəzi rektor-oliqarxlar son bir neçə il ərzində ali məktəblərdə ödənişsiz təhsil almaq imkanını minimum həddə endiriblər. 2007-2008-ci  tədris ilində ali məktəblərdə ödənişsiz təhsil alan gənclərimiz ümumi tələbələrin təxminən yarısını təşkil edirdisə, indi bu hədd hardasa 10 faizə düşüb. Hər halda rəsmi statistika belə deyir.

Statistikaya görə, bu il ali təhsil müəssisələrində tələbələrin 87,34 faizi ödənişli təhsil alır. Bu göstərici I qrupda 83,11 faiz, II qrupda 87,34 faiz, III qrupda 89,20 faiz, IV qrupda isə 93,05 faiz təşkil edir.  Hesab edirəm ki, bu, bir millətin intelektual bazası üçün olduqca təhlükəli haldır və istedadlı kasıb balalarının həyatda öz layiqli yerlərini tutmasını əngəlləyir. Onların öz intellektual imkanlarından istifadə edərək cəmiyyətin inkişafına xidmət göstərmələrinin qarşısını alır.

İlk baxışdan istedadlı kasıb uşaqlarının ali təhsil almaq üçün 10 faizə ümid bağlaması ehtimalı var. Nəzəri olaraq mümkün hal kimi görünən bu vəziyyət praktikaya gələndə düşünüldüyü qədər də asan deyil. İndiki təhsil sisteminin eybəcərliyi elə bir vəziyyət yaradıb ki, həmin ödənişsiz 10 faizə düşmək üçün ciddi təhsil almağa ehtiyac var. Məktəblərdəki mövcud vəziyyət təhsilin keyfiyyətini aşağı salır və əlavə hazırlıq kursu görməyən abituriyentlər ali məktəblərə qəbul imtahanlarında da müvəffəqiyyət əldə edə bilmirlər. Əlavə hazırlıq kursu isə ciddi maliyyə imkanı tələb edir ki, aldığı maaşdan artırıb bu istiqamətə vəsait yönəldə bilməyən imkansız vətəndaşların övladarı bu şansdan da məhrum olurlar. Bunun zərərini isə yalnız həmin kasıb ailələr deyil, bütünlüklə cəmiyyətimiz görür.

Təcrübələr göstərir ki, cəmiyyətlərin inkişaf etməsində, elmi texniki tərəqqinin formalaşmasında kasıb balalarının payı kifayət qədər önəmli olmuşdur. Adətən gününü eyş-işrətdə keçirməyə öyrəncəli olan bəzi varlı ailələrin üzvlərindən fərqli olaraq kasıb uşaqları oxumağa daha çox üstünlük verir və həyatlarını bu yolla dəyişəcəklərinə inanırlar. Hakimiyyətin təhsil siyasəti isə kasıb övladlarının bu ümidlərini də əllərindən alır, onları çarəsizliyə düçar edir. Belə vəziyyətlərin hegemon olduğu cəmiyyət istər-istəməz sinfi mübarizələrə sürüklənməyə məhkum olunur, istedadların parlamasının qarşısı alınır və xalq intellektual tənəzzülə uğrayaraq xarici qüvvələrin təsiri altına düşür. Çünki hazırkı dövrdə dövlətlərin ən böyük milli sərvətləri onların nefti, qazı və sair təbii sərvətləri yox, insanları, intellektual gücüdür. Dövlətlər özlərinin iqtisadi infrastrukturlarını məhz bu intellektual güc sayəsində qurub, inkişaf edirlər.

Bütün bunları nəzərə almaqla, biz bir partiya olaraq Konstitusiyanın 42-ci maddəsinin dəyişilməsini tələb edir və vətəndaşın pulsuz ali təhsil almaq haqqını islahatların başlıca müddəası hesab edirik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...