Azərbaycan diasporu Vətən müharibəsindən sonra özünün tərəqqi dövrünü yaşayır. Son illər ərzində demək olar ki, dünyanın hər yerində - Avropada, Rusiyada, Amerika Birləşmiş Ştatlarında və Asiya ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız daha möhkəmlənib, vahid mövqedən çıxış etməyə başlayıblar.
Xarici ölkələrdə yaşayan və işləyən soydaşlarımız getdikcə bu yöndə təsirli imkanlara yiyələnirlər. Bu baxımdan yürüdülən dövlət siyasətinin ardıcıllığı və prioritetliyi diaspor quruculuğunda uğurlu nəticələr əldə edilməsinə imkan yaradıb.
Diaspor siyasətinin əsas prioritetləri Azərbaycanın beynəlxalq müstəvidə təqdimatında xaricdə yaşayan, işləyən tanınmış, işgüzar soydaşlarımızın potensialından səmərəli istifadəni təşkil edir. Bunun üçün həm rəsmi, eləcə də qeyri-dövlət sektorunda, KİV qurumlarında, o cümlədən mədəni müstəvidə düşünülmüş və gələcəyə hesablanmış siyasət yürüdülür.
Diaspor platforması müxtəlif ölkələrdə ən parlaq insanları, böyük biznes dairələrini, elmi kəsimi özündə birləşdirir. Hər bir soydaşımızın ana Vətənlə bağlarının möhkəm olması onlara yaşadıqları ölkədə söz sahibinə çevrilmək şansını verir.
Doğrudur, diaspor fəaliyyəti kifayət qədər çətin və məsuliyyətli missiyanı özündə əks etdirir. Fərqli ölkələrdə yaşayan, fərqli düşüncəyə sahib, hətta siyasi görüşləri belə müxtəlif olan insanları bir araya gətirmək, onların arasında koordinasiya yaratmaq olduqca mücərrəd proses kimi qiymətləndirilir. Lakin Diasporla İş üzrə Dövlət Komitəsinin uğurlu fəaliyyət strategiyası, Azərbaycan diasporunu birləşdirən ali dəyərlər bütün bu çətinliklərin öhdəsindən gəlməyə imkan verib.
44 günlük Vətən müharibəsindən qalib ayrılan Azərbaycanın post-münaqişə dövründə üzləşdiyi informasiya savaşında diaspor fəaliyyəti ilə məşğul olmaq çətin olduğu qədər, həm də şərəflidir. Bu gün fəxrlə deyə bilərik ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, soydaşlarımız birlik, həmrəylik nümayiş etdirir, Azərbaycanın dövlət maraqlarını müdafiə edir, xalqımızın adət-ənənələrini qoruyub saxlayırlar. Bütün bunlar Diaspor Komitəsinin Vahid Azərbaycan siyasətindən irəli gəlir...
Əsas qayəmiz Azərbaycan üçün çalışmaqdır...
Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi, İsveçdə deputat olan İradə Əliyeva Modern.az-a bildirib ki, əgər illər öncə diaspor yalnız mədəni-humanitar xarakter daşıyırdısa, bu gün onun siyasi mesajı daha böyükdür:
“İndi diaspor qurumları mövcud olduqları xarici ölkələrdə Azərbaycanın vizit kartı olmaqla yanaşı, dövlətlərarası ictimai-siyasi münasibətlərin də mühüm həlqəsinə çevriliblər. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının gördüyü iş çox önəmlidir. Dünyada baş verən qlobal dəyişikliklər ölkəmizə, eyni zamanda xaricdə yaşayan soydaşlarımıza da təsir edir. Azərbaycan diasporunun nümayəndəsi olaraq, dövlətimizin adının ucalması üçün yaşadığımız ölkələrdə işlər görürük. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsindən sonra Avropada yaşayanların da Cənubi Qafqazda müharibəyə yanaşması dəyişib. Onlar artıq bilirlər ki, bu müharibəni alovlandıran Rusiyadır. Sülh müqaviləsinin bağlanması üçün xaricdə yaşayan soyaşlarımız da fəal işlər görürlər. Amma qarşı tərəfin diaspor nümayəndələri sülh prosesinin pozulması üçün əlindən gələni edir. Biz dünyaya çatdırırıq ki, Azərbaycan xalqı da digər xalqlar kimi sülh içində yaşamaq istəyir. İsveçdə yaşadığım müddətdə bir siyasətçi kimi Azərbaycanın haqq səsini çatdırmaq üçün çalışmışam. Burada bizim əsas qayəmiz Azərbaycan üçün çalışmaq, diasporumuzu inkşaf etdirməkdir”.
Diaspor fəaliyyəti fərqli istiqamətdə...
Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev hesab edir ki, dünyada zaman dəyişdikcə tələblər də dəyişir və yeni tələblərə uyğun olaraq addımlar atmaq zərurətə çevrilir.
“Dünyada diaspor fəaliyyəti fərqli istiqamətdə inkişaf etdirilməlidir. İndiyə qədər etdiyimiz mitinqlər, çıxışlar bir növ bizə yardımçı olsa da, artıq dövrün tələbi dəyişib. Bu gün mətbuatla, beynəlxalq təşkilatlarla fəal işləmək lazımdır. Bunun üçün diaspor nümayəndələri yaşadıqları ölkənin mühitini yaxşı öyrənməli və bilməlidir. Çünki mühitdən çox şey asılıdır, o mühitdə böyüyən azərbaycanlı həmin ölkənin düşüncəsini, nə istədiyini anlayır. O mövzudan çıxış edərək Azərbaycana nə lazım olduğunu bilir və cəmiyyətin fikrinə təsir edir. Eyni zamanda, dost diaspor təşkilatları ilə fəal işləməliyik. Bununla bərabər hakim orqanlarda Azərbaycana dost qüvvələrin olması da vacibdir. Çünki bu, bizə hakimiyyət səviyyəsində öz sözümüzü deməyə yardımçı olacaq. Digər ölkələrin diaspor fəaliyyətlərini də nümunə götürməliyik. Əslində Azərbaycan diasporu bu gün ölkənin tanınması üçün kifayət qədər işlər görür. Belə ki, 20 il əvvəl bir avropalı Azərbaycanın yerini xəritədə tapa bilmirdisə, indi isə ölkənin potensialı, gücü haqqında məlumatlıdır. Amma dayanmaq lazım deyil, diasporumuz üçün yeni konsepsiya lazımdır, çünki xaricdə ölkənin gücü diaspordur”.
Rusiya azərbaycanlıları dövlətimizin yanındadır...
Rusiyada fəaliyyət göstərən “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov bildirib ki, Azərbaycanın diaspor təşkilatları aktiv fəaliyyət göstərir:
“Zənnimcə, yeni dövrün çağırışlarından danışarkən diaspor fəalları, ilk növbədə bu anlayışı təcəssüm etdirən konkret fəaliyyət planından bəhs etməliyik. Moskva azərbaycanlıları diaspor təşkilatının sədrliyinə seçildiyim andan komandamız əvvəlcədən hazırlanmış yeni konsepsiyanı bəyan edib. Operativ şəkildə çoxşaxəli fəaliyyətimizin konkret istiqamətləri, perspektivli layihələrin təhlili və reallaşdırma planları, müxtəlif çağırışlara çevik reaksiyaya qadir olan struktur dəyişiklikləri, nizamnamə və digər proqram sənədlərinin müasir tələblərə uyğunlaşdırılması və bu kimi mühüm əhəmiyyət kəsb edən işlər açıq-aydın soydaşlarımızın diqqətinə təqdim olundu, bəyənildi və dəstəkləndi. Sadaladığım təşkilati işlərin əsas məqsədi köhnə formatın uğursuz nəticələrindən sığortalanmaq və ortalığa potensial benefisiarların gözləntilərinə maksimal dərəcədə cavab verə biləcək fəaliyyətin həyata keçirilməsidir".
Bəxtiyar Həsənov qeyd edib ki, diaspor təşkilatı ictimai xarakter daşıyır, bu səbəbdən onun strukturu və fəaliyyətində qapalı səhmdar cəmiyyətini səciyyələndirən heç bir xüsusiyyət olmamalıdır. Şəffaflıq, müasir tələblərə cavab verən faydalı əməkdaşlıq, şaquli və üfuqi quruluşun əlamətlərini özündə birləşdirən ahəng struktur və s. həm bizim qısa müddət ərzində keçirdiyimiz tədbirlərdə, həm soydaşlarımızla birbaşa münasibətdə, həm gündəlik çalışmalarımızda, həm də gələcək layihələrimizin uğurla planlaşdırılmasında öz əksini tapmaqdadır. Bu isə öz növbəsində bizi bir komanda olaraq tərəfdarlarımızın minnətdarlığına və dəstəyinə layiq görür.
Bunun təsdiqi olaraq heç də təsadüfi deyil ki, “dəyirmi masa” formatını fəal tətbiq edirik, bu cür dialoq platformu isə bəhrəsini işimizdə əyani şəkildə nümayiş etdirir. Misal olaraq təşkilatımızın nəzdində Ziyalılar Cəmiyyətinin, Qadınlar Birliyinin, Gənclərlə iş Komitəsinin nəinki yaranmasını, hətta fəaliyyətini qeyd etmək olar. Geniş xeyriyyə aksiyaları, zəngin irsimizin, milli dəyərlərimizin, adət-ənənələrimizin yaşadılması və aktiv təbliğatı, yaşadığımız ölkənin ictimai həyatında fəal iştirakımız – bunlar müxtəlifliyi ilə seçilən işlərimizin çox ümumiləşdirilmiş bir təsviridir.
Müasir zamanın çağırışlarına effektiv cavab mexanizmlərindən biri də mətbuatla sıx təmaslarımız, fəaliyyətimizin hər bir mərhələsinin geniş və ətraflı şəkildə işıqlandırılmasıdır. Biz əminik ki, təşkilatımız və işlərimiz haqqında geniş məlumatlılıq qarşılıqlı etimad yaradır”.
Haqq səsimiz dünyada eşidilir...
Polşada Azərbaycan Diaspor Təşkilatının rəhbəri Fərid Cəfərli yeni dövrün tələblərinin dəyişdiyini qeyd edib:
“Xaricdə yaşayan diaspor nümayəndələri olaraq, ölkəmiz üçün xüsusi əhəmiyyətli günlərdə tədbirlərimiz, aksiyalarımız olur. Məsələn, noyabr ayının 3-də Şuşa şəhərinin 270 illik yubileyi Varşava şəhərində qeyd olunacaq. Noyabr ayının 4-də isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ilə Polşada yaşayan azərbaycanlıların görüşü baş tutacaq. Yaxın gələcək üçün bir çox layihələrimiz var. Onlar barədə də əvvəlcədən sosial şəbəkələr üzərindən məlumatlar paylaşılır. Bizim əsas məqsədimiz yaşadığımız ölkələrdə Azərbaycanın haqq səsini çatdırmaqdır”.