Modern.az

Azərbaycan, Rusiya və Ermənistan liderləri indiyədək neçə dəfə GÖRÜŞÜBLƏR?

Azərbaycan, Rusiya və Ermənistan liderləri indiyədək neçə dəfə GÖRÜŞÜBLƏR?

31 Oktyabr 2022, 13:44

Bu gün Rusiya, Azərbaycan və Ermənistan liderləri yenidən bir araya gələcək. Dövlət başçıları İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın üçtərəfli görüşü Rusiyanın Soçi şəhərində baş tutacaq. Tərəflər Rusiya liderinin dəvətilə Soçidə gündəlikdə duran aktual mövzular ətrafında danışıqlar aparacaqlar.

 

Qarabağ probleminin həlli üçün indiyə qədər tərəflər arasında neçə görüş keçirilib? 

 

Müxtəlif ölkələrdə baş tutan danışıqlar 30 ildən artıq davam edib və heç bir fayda verməyib. Nəticədə Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibə ilə Qarabağ problemini özü həll edib və işğal altında qalmış torpaqlara nəzarəti geri qaytarıb. İndi əsas müzakirə mövzusu post-müharibə dövründə sülhün təmin olunmasından ibarətdir.  

 

İndiyədək danışıqlar həm Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşləri formatında, həm Rusiya Federasiyası Prezidentinin iştirakı ilə üçtərəfli formatda, həm də digər vasitəçilərin, o cümlədən ATƏT-in Minsk qrupunun nümayəndələrinin iştirakı ilə aparılıb. (Bura Rusiya, ABŞ, Fransa, Belarus, Almaniya, İtaliya, İsveç olmaqla 12 ölkənin nümayəndələri daxildir). 

 

 

Modern.az xəbər verir ki, Rusiya, Azərbaycan və Emənistan liderinin görüşləri daha çox olub.  

 

Belə ki, 2008-ci ildən indiyədək Rusiya, Azərbaycan və Ermənistan liderlərinin münaqişənin həlli ilə bağlı 15 üçtərəfli görüşü keçirilib. Bunlardan 13-ü Rusiyada, biri Moldovada, digəri isə (2020-ci ildə) onlayn formada təşkil olunub. 

 

2008-2012-ci illərdə Rusiya tərəfini danışıqlarda prezident Dmitri Medvedev, 2014-cü ildən isə Vladimir Putin təmsil edib. Üçtərəfli görüşlərdə Azərbaycanı prezident İlham Əliyev təmsil edir. Ermənistan tərəfdən isə 2008-2016-cı illərdə prezident Serj Sarkisyan görüşlərə qatılıb. 2018-ci ildə Ermənistan konstitusiyasına düzəlişlər qüvvəyə minib və buna əsasən, baş nazirin rəhbərlik etdiyi hökumət ölkənin ali icra hakimiyyəti orqanı olub. 2018-ci ildən sonra danışıqlarda Ermənistanda küçə aksiyaları ilə hakimiyyətə gələn Nikol Paşinyan iştirak etməyə başlayıb.

 

2008-2016-cı illərdə keçirilmiş görüşlərin xronologiyası 

 

2008-ci il noyabrın 2-də Dmitri Medvedevin təşəbbüsü əsasında Rusiya dövlət başçısının iştirakı ilə “Meiendorf” qəsrində İlham Əliyevlə Serj Sarkisyan arasında görüş keçirilib, nəticədə tərəflər arasında görüş prinsiplərini müəyyən edən bəyannamə imzalanıb. Bu, Qarabağ məsələsi üzrə 15 illik danışıqlarda münaqişədə iştirak edən ölkələrin nümayəndələrinin imzaladığı ilk sənəd olub. Bəyannamədə prezidentlər ATƏT-in vasitəçilik səylərinin vacibliyini qeyd ediblər və bir daha təsdiq ediblər ki, sülh yolu ilə nizamlanmaya nail olmaq hüquqi qüvvəyə malik beynəlxalq təminatlarla müşayiət olunmalıdır.  

 

2009-cu il iyunun 4-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Serj Sarkisyan və İlham Əliyev arasında Qarabağ münaqişəsinin nizamlanması üzrə Dmitri Medvedevin iştirakı ilə qeyri-rəsmi şam yeməyində ikitərəfli, sonra üçtərəfli danışıqlar aparılıb.  

 

2009-cu il iyulun 17-də Moskvaya gələn Ermənistan və Azərbaycanın dövlət başçıları yenidən Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə ediblər. İyulun 18-də İlham Əliyev və Sarkisyan Dmitri Medvedevlə üçtərəfli görüş keçiriblər. Görüşdən sonra mətbuata verilən açıqlamada üç dövlətin liderləri “Qarabağ probleminin həllinin gələcək yollarını konstruktiv müzakirə etməyə” hazır olduqlarını bəyan ediblər. 

 

2009-cu il oktyabrın 9-da MDB-nin Kişinyov sammiti çərçivəsində Dmitri Medvedev İlham Əliyev və Serj Sarkisyanla növbəti dəfə danışıqlar aparıb. Söhbət bağlı qapılar arxasında keçib və nəticələri açıqlanmayıb. 

 

Daha sonra 2010-cu il yanvarın 25-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən danışıqlarda tərəflər Qarabağ münaqişəsinin həllinin mübahisəli prinsiplərinin formalarını yazılı şəkildə rəsmiləşdirmək barədə razılığa gəliblər. 

 

2010-cu il iyunun 17-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin növbəti üçtərəfli görüşü baş tutub.

 

2010-cu il oktyabrın 27-də Dmitri Medvedev Həştərxanda Prezident İlham Əliyev və Serj Sarkisyanla yenidən görüşüb. Danışıqlar nəticəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin köməyi ilə hərbi əsirlərin mübadiləsini və həlak olanların meyitlərinin qaytarılmasını nəzərdə tutan etimad tədbirlərinə dair xüsusi bəyannamə qəbul edilib.  

 

 

2011-ci il martın 5-də Soçidə danışıqların yekunu üzrə üç dövlətin başçısı Qarabağ nizamlanması üzrə birgə bəyanat qəbul edib. Xüsusilə, tərəflər “hərbi əsirlərin mübadiləsini mümkün qədər tez başa çatdırmaq” barədə razılığa gəliblər.  

 

2011-ci il iyunun 24 -də Kazanda üç dövlətin başçısı Dağlıq Qarabağ nizamlanmasının Əsas Prinsipləri layihəsinin razılaşdırılması üzrə işlərin gedişini nəzərdən keçiriblər. Danışıqlar nəticəsində tərəflər birgə bəyanat qəbul edib və “mövqelərin yaxınlaşması üçün ümumi nöqtələrin axtarışını davam etdirməyə” razılaşıblar. 

 

Növbəti görüş 2012-ci il yanvarın 23 -də Soçidə baş tutub. Dmitri Medvedev, İlham Əliyev və Serj Sarkisyan Qarabağ münaqişəsinin həllinin gələcək yollarını müzakirə ediblər. Görüşün yekunları üzrə dövlət başçıları birgə bəyanata imza atıblar.

 

İki illik fasilədən sonra 2014-cü il avqustun 10-da Soçidə Serj Sarkisyanla İlham Əliyev arasında görüş olub. Danışıqlarda Rusiya lideri Vladimir Putin də iştirak edib. Tərəflər yaxın gələcəkdə Qarabağ münaqişəsinin “güzəştli və sülh yolu ilə” həllinə ümid etdiklərini bildiriblər. 

 

 

2016-cı il iyunun 20-də Rusiya, Azərbaycan, Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev, Serj Sarkisyan arasında Sankt-Peterburqda mətbuata qapalı danışıqlar aparılıb. Görüşdən əvvəl Rusiya dövlətinin başçısı ilə Serj Sarkisyan və İlham Əliyev arasında ikitərəfli təmaslar olub. Sonrakı bir neçə ildə üçtərəfli görüşlər olmayıb. Azərbaycan və Ermənistan liderləri əsasən müxtəlif sammitlər və beynəlxalq forumlar çərçivəsində ikitərəfli formatda təmasda olublar.

 

2020-2021-ci illərdə danışıqlar prosesinin davam etdirilməsi 

 

Prezidentlər Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan 2020-ci ilin noyabrın 10-da Bakı vaxtı ilə saat 01:00-dan etibarən Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında videokonfrans vasitəsilə birgə bəyanat imzalayıblar. Əldə olunan razılaşmalara əsasən, Azərbaycan və Ermənistan tərəfləri öz mövqelərində dayanıb, bölgəyə Rusiya Federasiyasının sülhməramlıları yerləşdirilib. 2020-ci ilin dekabr ayına kimi Qarabağ ətrafındakı bir sıra rayonlar - Kəlbəcər, Ağdam və Laçın Bakının nəzarətinə keçib.  

 

 

2021-ci il yanvarın 11-də Rusiya liderinin təşəbbüsü ilə Kremldə Putin, Əliyev və Paşinyan arasında danışıqlar baş tutub. Tərəflər Qarabağda atəşkəs haqqında birgə bəyannamənin icrası ilə bağlı irəliləyişə nəzər salıb və regionda mövcud problemlərin həlli üçün gələcək addımları müzakirə ediblər. Dörd saata yaxın davam edən görüşün yekunu olaraq Qarabağda yeni infrastruktur layihələri ilə bağlı birgə bəyanat imzalanıb və icrası baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupuna həvalə edilib. 

 

2021-ci il noyabrın 26-da Rusiya dövlət başçısının təşəbbüsü ilə Soçidə Putin, Əliyev və Paşinyan arasında üçtərəfli danışıqlar keçirilib. Görüş Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatın imzalanmasının ildönümünə təsadüf edib. Danışıqlar üç saata yaxın davam edib və nəticədə birgə bəyanat qəbul edilib. 

 

Putin, Əliyev və Paşinyan Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsini artırmaq üçün addımlar atmağa razılaşıblar. Görüşün əsas nəticəsi ölkələr arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizminin yaradılması ilə bağlı qərar olub. Rusiya Federasiyası tərəflərin müraciəti əsasında məsləhətçi yardım göstərməyə hazır olduğunu bildirib. Bundan əlavə, Rusiya dövlətinin başçısı Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə ayrı-ayrılıqda görüşlər keçirib. 

 

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə də tərəflər arasında bir sıra görüşlər təşkil olunub.

 

Belə görüşlərin biri ötən ilin dekabrın 14-də Brüsseldə baş tutub. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü keçirilib. Daha sonra növbəti görüş mayın 22-də Brüsseldə gerçəkləşib.

 

Eyni zamanda avqustun 31-də tərəflər yenidən bir araya gəliblər. Sülh müqaviləsinin ilkin mərhələsinin hazırlanması üçün razılıq əldə olunub. Liderlər arasında sonuncu görüş oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilib. Bu dəfə görüşdə Fransa prezidenti Emanuel Makron da iştirak edib.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama