Modern.az

Azay Quliyev QHT-ləri etiraz etməyə çağırdı

Azay Quliyev QHT-ləri etiraz etməyə çağırdı

23 Aprel 2013, 13:41

«Ermənilərin təxribatçı əməlinə qarşı Azərbaycan QHT-ləri öz sözünü deməlidir»


Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Ermənistanda keçirilən beynəlxalq tədbirlə bağlı ermənilərin əl atdığı daha bir çirkin əmələ münasibət bildirib. Onun sözlərinə görə, bu yaxınlarda Ermənistanda Avronest Parlament Assambleyasının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində vətəndaş cəmiyyəti forumu keçirilib:

«Təəssüflər olsun ki, forumda qanunsuz qərar qəbul edilib. Bu da ondan ibarətdir ki, vətəndaş cəmiyyəti forumuna tanınmamış və separatçı «respublikaların» nümayəndələri də cəlb edilsin. O cümlədən də qondarma «Dağlıq Qarabağ Respublikası»nın nümayəndələrini də bura cəlb etmək istəyirlər».

Azay Quliyev hesab edir ki, Azərbaycanın QHT-ləri bu məsələ ilə bağlı ciddi etirazlarını bildirməlidirlər: «Mən də ermənilərin bu əməlinə qəti şəkildə etiraz edirəm. Biz düşünürük ki, Avronest Parlament Assambleyasının mayın sonlarında Brüsseldə keçirilməsi planlaşdırılan komitəsində və illik sessiyasında bu məsələni ciddi şəkildə qaldıraq. Təəssüflər olsun ki, ermənilər öz ölkələrində keçirilən bu tədbirdən öz xeyirləri üçün çoc ciddi şəkildə sui-istifadəyə yol veriblər. Hesab edirəm ki, onların bu əməli həm beynəlxalq hüquq normalarına, həm də etik çərçivələrə sığmayan bir əməldir».

Ermənilərin bu əməli ilə bağlı etiraz bəyanatı verildiyini deyən millət vəkili bildirib ki, etirazlar təkcə bununla bitməməlidir və Azərbaycan QHT-ləri öz sözünü deməlidir: «Bu qərarı qəbul edən şəxslər bilməlidirlər ki, onlar bütün parametrlərdə beynəlxalq hüquqa, mövcud qanunvericiliyə, Konstitusiyaya ziddi qərar qəbul ediblər və bu qərar təxribat xarakterlidir. Təbii ki, bunların hamısının qarşısı alınmalıdır».

Ermənilərin əməllərinə cavab olaraq daha bir etiraz üsuluna toxunan Azay Quliyev bildirib ki, Azərbaycan QHT-lərinin Milli Platforması həmin çərçivədə fəaliyyətinə dayandırmalı və sözügedən tədbirə qatılmaqdan imtina etməlidi:
«Çünki Dağlıq Qarabağ erməniləri həmin tədbirdə yalnız və yalnız Azərbaycanın tərkibində iştirak edə bilərlər. Çünki Dağlıq Qarabağ Azərbaycanın ərazisi, orada yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdırlar. Onlara hər hansı müşahidəçi statusu və ya hər hansı assosativ üzv statusu vermək kifayət qədər yanlış və əlbəttə ki, bu da yolverilməzdir. Digər tərəfdən, şübhəsiz ki, Avronest Parlament Assambleyasında da bizim etirazlarımız olacaq. Lazım gəlsə, biz bu məsələni orada xüsusi bir qərar şəklinə salacağıq ki, Ermənistanın bu təxribatı bundan sonra icraya yönəldilməsin».

Modern.az
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal