Son illər ölkəmizdə avtomobil qəzaları az qala milli bir bəlaya çevrilməkdədir. Bütün qabaqlayıcı tədbirlərə baxmayaraq avtomobil qəzalarının və bu qəzalarda ölənlərin sayı görünməmiş sürətlə artır. Türklərin “trafik canavarı” adlandırdığı bu amansız bəla ölkəmizdə yaşadığımız ilin birinci rübündə yeni “rekord qırıb”. Rəsmi açıqlamalara görə cari ilin ilk aylarında respublikanın avtomobil yollarında 280 nəfərə yaxın vətəndaşımızın faciəli şəkildə ölümü, bundan da qat-qat artıq insanın sağlamlıqlarını itirmələri problemin getdikcə idarəolunmaz bir şəkil aldığından xəbər verir. Artıq ölkə vətəndaşı hər axşam televiziya-radio kanallarından bu qəzalarda faciəli şəkildə ölənlərin qara xəbərlərini eşitməyə bir növ öyrəncəli olub. Həm də ən dəhşətlisi odur ki, indi baş verən qəzalarda kütləvi ölüm halları sürətlə artır. Bu sahəyə məsul olan dövlət qurumlarının gördükləri müxtəlif proflaktik tədbirlər də hələ ki heç bir nəticə vermir.
Mütəxəssislər avtomobil qəzalarının artımını müxtəlif prizmalardan izah etsələr də, problemdən konkret çıxış yolu da göstərə bilmirlər. Qəzaların başlıca səbəbi kimi son illər ölkəyə idxal olunan avtomobillərin sayının sürətlə artması və vətəndaşlarımızın digər ehtiyaclarına rəğmən ilk növbədə avtomobil sahibi olmaq ehtirası göstərilir. Həm də bu avtomobilləri alanların onu idarə etməyi bacarıb-bacarmamalarından asılı olmayaraq dərhal sükan arxasına oturub “ümumi karvana” qoşulmaq istəyi qəza riskini artıran əsas amildir. Sürücülük vəsiqəsinin alınması sahəsindəki neqativ boşluq da vəziyyətin tündləşməsində öz sözünü deyir. Bir çox hallarda isə avtomobilə sahiblənən kəs heç sürücülük vəsiqəsi almaq həvəsində olmur.
Statistikadan göründüyü kimi ölkədə baş verən avtomobil qəzalarının böyük bir qismi paytaxt Bakının payına düşür. Bu da səbəbsiz deyil. Çünki əksər dövlət qurumlarının, iri müəssisələrin və ali məktəblərin paytaxtda yerləşməsi mərkəzdə avtomobil tıxaclarının yaranmasına təsir göstərən əsas səbəblərdəndir. İri tutumlu çoxmərtəbəli və yeraltı avtomobil dayanacaqlarının olmaması da (bu dayanacaqlar yeni-yeni formalaşır) paytaxtdakı vəziyyətə mənfi təsir göstərir. Acı reallıqdır ki hər birimiz günboyu iri müəssisələrin, ali məktəblərin və digər qurumların ətrafında sıralanan və nəinki magistral yolları, hətta piyada keçidlərini belə qapayan müxtəlif markalı avtomobillərin nəqliyyatın hərəkətinə nə qədər maneçilik törətdiyinin şahidi oluruq. Bütün bunların üzərinə şəhərdə aparılan müxtəlif tikinti-qazıntı işlərini də gələndə paytaxt yollarında avtomobillərin hərəkəti üçün heç də xoş olmayan bir mənzərə göz önünə gəlir. Sadalanan faktorların hər biri isə naşı sürücü üçün real qəza vəziyyəti yaradır.
Bu problemdə ən ağrılı məqamlardan biri də son vaxtlar avtomobil qəzalarının törədilməsində ictimai nəqliyyatın “çəkisinin” sürətlə artmasıdır. Bu sahəyə məsul şəxslərin hər cür açıqlamalarına baxmayaraq artıq neçə illərdir ki, şəhərdaxili və şəhərətrafı marşrutlarda işləyən avtobusların hərəkətindəki xaosu nizama salmaq hələ ki mümkün olmayıb. İctimai nəqliyyat sektorunda stabil əmək haqqı sisteminin olmaması, sürücülərin bir növ günəmuzd işləmələri bu qəzaların törədilməsində başlıca rol oynayır. Çünki sahibkar tərəfindən marşrut avtobuslarına qoyulan yüksək gündəlik plan (bu yığalan pullardan vergidən yayınmalar başqa bir söhbətin mövzusudur-red) sürücünün beynini nə yolla olur-olsun daha çox qazanmağa məşğul etdiyindən onu addımbaşı qaydanı pozmağa və sonda da qəza törətməyə sövq edir. “Klient tutmaq” hərisliyi bəzi iritutumlu avtobusların sürücülərinin gözlərini elə qapayır ki onlar sanki özlərini “Ralli” yarışlarında hiss edirlər və paytaxtın qarışıq yollarında əsil həngamə yaradırlar. Hansısa sərnişinin onlara irad tutması isə sonda təhqirlərlə, qarşılıqlı dava-dalaşla bitir.
Qəzaların böyük bir qismi də yaş həddindən asılı olmayaraq bəzi sürücülərin avtomobili yüksək sürətlə idarə etmək həvəsindən baş verir. Qabaqda hansısa bir təhlükə ilə üzləşə biləsəyini eyninə almadan yüksək sürət yığan sürücü qarşıya çıxan ilk maneədəncə idarəetməni itirir və sonda özünün də, başqalarının da faciəsinə səbəb olur.
Göründüyü kimi bu gün respublikanın avtomobil yolları ölkə vətəndaşı üçün sözün əsil mənasında “ölüm konveyrinə” çevrilib. Buna elliliklə “dur!” deməsək, hələ bundan sonra da çox analar ağlar qalacaq!