Modern.az

Eldar Namazovun komandasında vəzifə təyinatları oldu - SİYAHI

Eldar Namazovun komandasında vəzifə təyinatları oldu - SİYAHI

23 Aprel 2013, 15:17

Son vaxtlar gərgin iş rejimində işləyən “El” Hərəkatının İdarə Heyətinin və Ali Məclisinin növbəti birgə iclası keçirilib. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclas zamanı ölkədə yaranmış ictimai-siyası vəziyyət və “El” Hərəkatının qarşıdan gələn vəzifələri ətraflı surətdə müzakirə olunub.

İclasda hakimiyyət strukturları tərəfindən “El” Hərəkatına qarşı aparılan repressiv kampaniya -  təşkilatın iki mərkəzi ofislərindən qeyri-qanuni yollarla çıxarılması, Hərəkatın fəallarına qarşı hədə-qorxu, həmçinin bir sıra fəalların, onların yaxınlarının işdən qovulması, Hərəkatın rəhbərliyinə qarşı təzyiqlər,  Bakı şəhərində və regionlarda Hərəkata qarşı  təxribat yönümlü cəhdlər xüsusi ilə qeyd  edilib.

İclasda qeyd olunub ki, “El” Hərəkatının xalq arasında sürətlə artan nüfuzu və təsir potensialından narahat olan hakimiyyət strukturlarının bu qanunsuz hərəkətləri, təşkilatın ölkədə demokratik yenilənmə uğrunda mübarizəsində qətiyyətini sarsıda bilməz.

“El” Hərəkatının sədri Eldar Namazov son zamanlar diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri (ABŞ, Avropa Birliyi və Fransanın səfirləri, Avropa Şurasının və ABŞ Dövlət Departamentinin nümayəndə heyətləri, ABŞ-ın ATƏT-in Minsk Qrupunda səfiri) ilə, habelə Azərbaycanın əsas siyasi partiyalar və gənclər təşkilatlarının liderləri ilə keçirilən görüş və müzakirələr barəsində ətraflı məlumat verib. 

Qeyd olunub ki, beynəlxalq ictimaiyyət tərəfindən sərt tənqidin fonunda Azərbaycanda vətəndaş cəmiyyətinin artan fəallığını görən iqtidar “El”, “REAL” və “N!DA” hərəkatlarına, dindarlar və siyasi partiyaların fəallarına qarşı təzyiq və hədə-qorxu kampaniyasına başlayıb. Buna görə də bütün demokratik düşərgələrin birləşməsi və həmrəyliyinin vacibliyi vurğulanıb.

İclasda “El” Hərəkatının elan etdiyi “ikinci dalğa” kampaniyası çərçivəsində təşkilatlanma prosesi müzakirə olunaraq, Cənub bölgəsində təsis edilən rayon şöbələrinin (Lənkəran, Astara, Masallı, Cəlilabad, Yardımlı) rəhbərləri təsdiq edilib və həmçinin Aran və Naxçıvan bölgələrində həmin prosesin sürətləndirilməsi nəzərə alınıb.

May ayının ortalarında “El” Hərəkatının Ümumrespublika Müşavirəsinin keçirilməsi haqqında qərar qəbul olunub.

İclasda təşkilati məsələlərə baxılıb, “El” Hərəkatı sədrinin müavinləri və müşavirləri təsdiq edilib:

 - İcra Aparatının rəhbəri və Təşkilat məsələləri üzrə müavin - Köçəri Nağıbəyli;

 - Siyasi məsələlər üzrə müavin – Zəfər Quliyev;

- İctimai əlaqələr üzrə müavin – İlham Hüseyn;

- Hüquqi məsələlər üzrə müavin - ədliyyə müşaviri Yusif Ağayev;

 - Milli məsələlər üzrə müavin – Mehdibəy Səfərov;

- Təhlükəsizlik məsələləri üzrə müşavir – polkovnik-leytenant Mahmud Hacıyev;

- Dini məsələlər üzrə müşavir - Hacı Rövşən Əhmədli.

 “El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev, müavinləri Əflan İbrahimov, Hacı Rövşən Əhmədli və Rəhim Bağırov, məsul katibi Anar Sadıqov seçiliblər.

“El” Hərəkatının internet saytının fəaliyyətə başlaması, eləcə də “Facebook”da öz səhifəsinin açılması haqqında qərarlar qəbul edilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir