Modern.az

Deputatlar eks-nazirin fəaliyyətinə qiymət verdilər: Misir Mərdanov o nazirlərdən idi ki...

Deputatlar eks-nazirin fəaliyyətinə qiymət verdilər: Misir Mərdanov o nazirlərdən idi ki...

23 Aprel 2013, 16:10


15 illik fəaliyyətindən sonra Misir Mərdanov təhsil naziri vəzifəsindən istefaya göndərildi. Eks-nazirin fəaliyyətinə ölkədə birmənalı münasibət yoxdur. Bir çoxları onun nazir olduğu vaxtda təhsil sahəsində ciddi problemlərin yarandığını, rüşvətxorluğun yayıldığını, təhsilin keyfiyyətinin aşağı düşdüyünü bildirir. Bunun əksini düşünənlər də az deyil.

Bəs Milli Məclis üzvləri keçmiş təhsil naziri Misir Mərdanovun fəaliyyətini necə qiymətləndirirlər?

Millət vəkili Bəxtiyar Əliyev Modern.az-a açıqlamasında bildirib ki, hər kəsin öz iş fəaliyyəti müddətində müsbət və mənfi keyfiyyətlərini qeyd etmək lazımdır. Onda daha effektli nəticələr əldə edilir.
“Yoxsa kimsə gedəndən sonra nələrinsə deyilməsinin nəyə xeyri olacaq? Hər şey iş prosesində qeyd edilməlidir, onda onun xeyri olur. Əgər həmin müddətdə müsbət iş varsa, daha da rəğbətləndirilir, genişləndirilir, təcrübə yayılır. Əgər çatışmazlıqlar varsa, onda ona reaksiya verilir. Reaksiya verilməyəndə daha kəskin şəkildə tənqid edilir ki, o diqqətə çatdırılsın və ictimai qınaq yeri olsun”.

Deputat Elmira Axundova sabiq təhsil naziri Misir Mərdanovun fəaliyyətini müsbət qiymətləndirir. Onun fikrincə, Misir Mərdanov nazir olduğu müddətdə hər şeyə sıfırdan başlayıb və böyük yol keçib.
“Kimlərsə ancaq tənqid edib, tənqidedici fikirlər səsləndirirlərsə, onlarla razı deyiləm. Misir Mərdanov layiqli insandır və şəxsən deputat olduğum 71-ci dairədə onun köməyi və dəstəyi ilə çox işlər görülüb. Mənim təkliflərimə həmişə həssaslıqla yanaşıb. Masallıda təhsillə əlaqədar gözəl tədbirlər, layihələr həyata keçirib, məktəb tikdirib, təmir etdirib. Ümumiyyətlə, Misir müəllim o nazirlərdən idi ki, onun qapısı həmişə millət vəkillərinin üzünə açıq olub. Təhsil islahatı proqramının həyata keçirilməsi də məhz Misir Mərdanovun dövrünə təsadüf edir. Onun dövründə yüzlərcə dərslik, dərs vəsaitləri yazılıb və mükəmməlləşdirilib. Şəxsən bilirəm ki, bu dərsliklərin ərsəyə çatdırılmasında nə qədər iş görüb, zəhmət çəkib”.

Deputat vurğulayıb ki, M.Mərdanovun dövründə təhsil böyük inkişaf yolu keçib.

“İş olan yerdə problem də olur. Təhsildə də problemlər var. Amma mənim üçün əsas odur ki, 11-ci sinfi bitirənlər xarici ölkələrdə ən yüksək səviyyəli universitetlərə qəbul olur. Bu isə o deməkdir ki, başqaları qeyd etdiyi kimi, təhsilimiz aşağı səviyyədə deyil. Əlbəttə, problemlər qalır. Bu problemləri Misir müəllim özü həmişə vurğulayırdı. Fikrimcə, bunu da onun yerinə gələn cavan, istedadlı kadr düzəldəcək. Həmişə qeyd edirəm ki, müəllimlərin hörmətini qaytarmalıyıq. Bunun üçün isə onlar layiqli əmək haqqı almalıdırlar. İnşallah bunu da bu illərdə həll edərik”.

Millət vəkili Fuad Muradov: “Azərbaycanda vəzifədən gedən insan haqqında danışmaq ənənəsi var. Bunun əksinə olaraq mən Misir Mərdanov haqqında deyil, təhsildə olan məsələlərlə bağlı fikir bildirəcəyəm. Təhsil sahəsində əvvəlki illərdə infrastrukturun yaxşılaşdırılması ilə bağlı məsələ gündəmdə idi, yeni məktəblər tikilir, ali məktəblərdə təmiri aparılırdı. Azərbaycan Boloniya təhsil prosesinə qoşulmuşdu, amma təəssüflər olsun ki, bir çox ali məktəblərdə bu günə qədər Boloniya prosesi fəaliyyətdə deyil, bunu da nöqsan kimi sayıram. Orta məktəblərdə dərsliklər, müəllim-şagird münasibətləri, ali məktəblərdə rektor, dekan-tələbə münasibətləri, yəni bu istiqamətdə çoxlu boşluqlar mövcuddur. Bu da reallıqdır”.

Eyni zamanda Fuad Muradov bildirib ki, təhsildə kurrikulumla bağlı çox işlər görülməlidir. “Tələblərin xaricdə oxuması üçün cənab prezident tərəfindən xüsusi fond yaradılıb və tələbələr oxumaq üçün xaricə göndərilir. Amma onların diplomlarının tanınması problemi var. Peşə məktəblərinə böyük diqqət ayırmaq lazımdır. Bu gün bir neçə peşə məktəbini çıxmaqla qalanlarının fəaliyyəti qənaətbəxş deyil. Bu barədə çox danışmaq olar. Amma ümid edirəm ki sadaladığım problemlər istiqamətində də işlər aparılacaq”.

Deputat Asim Mollazadə bildirib ki, Misir Mərdanov çox peşəkar və Azərbaycan təhsil sistemini çox gözəl bilən insandır. “Təəssüflənirik ki, onun nazir olduğu vaxtda Azərbaycanın təhsil sistemində islahatlara nail ola bilməmişik. Ümumi çərçivə qanunu qəbul olundu, amma nə təhsil islahatları, nə peşə təhsilinin bərpası ilə bağlı işlər həyata keçirilə bilmədi”.

Deputat Rafael Cəbrayılov sabiq təhsil naziri Misir Mərdanovun fəaliyyətini qənaətbəxş qiymətləndirib. Onun fikrincə, eks-nazirin fəaliyyəti müddətində çoxlu təhsil islahatları həyata keçirilib, “Təhsil haqqqında” Qanun qəbul olunub.
“Amma hansısa nazirin uzun müddət nazir postunda qalmasını müsbət hal hesab etmirəm. Fərqi yoxdur hansı nazir olursa-olsun, bir nəfərin nazir postunda bu qədər qalması düzgün deyil”.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!