Qarabağ Azadlıq Təşkilatı özünün növbəti, 4-cü qurultayını cəbhə bölgəsində - Quzanlı, Horadiz, Bərdə, Tərtər, Goranboy, Qazax, Tovuz, Gədəbəy, Sədərək şəhərlərindən birində keçirmək niyyəti ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət göndərib. Modern.az-ın məlumatına görə, QAT-ın müraciətində qeyd edilib:
”Qarabağ Azadlıq Təşkilatı özünün IV qurultayını keçirməyə hazırlaşır, təşkilat komitəsi qurultayın 2013-cü il iyunun 1-də keçirilməsi haqda qərar qəbul edib. Qurultayımızda 600 nəfərdən artıq nümayəndənin, 100-ə qədər qonağımızın iştirakı nəzərdə tutulur. Təşkilatımız həmişə Azərbaycan dövlətinə xidmət edib, torpaqlarımızın işğaldan azad olunması işinə ictimai xətlə yardımçı olmağa çalışıb. Biz hesab edirik ki, cəmiyyətin bütün siyasi, ictimai qüvvələri, hər bir vətəndaş torpaqlarımızın işğaldan azad olunması naminə səylərimizi birləşdirməli, Qarabağ məsləsində iqtidar-müxalifət fərqliliyi olmamalı, Qarabağ məsələsindən hakimiyyət uğrunda mübarizədə istifadə olunmamalıdır. Qarabağ məsələsində vahid, ümummilli mövqe olmalıdır. Biz fəaliyyətimizi bu istiqamətdə qurur və bundan sonra da bu xətti davam etdirəcəyik.
Biz qurultayımızı cəbhə bölgəsində, məsələn, Quzanlı, Horadiz, Bərdə, Tərtər, Goranboy, Qazax, Tovuz, Gədəbəy, Sədərək şəhərlərinin hər hansı birində və yaxud Bakıda, hər hansı təzyiq və ya sıxıntı olmadan keçirmək istəyirik. Ötən qurultaylarımızı Bakıda, ya da cəbhə bölgəsində keçirmək istəyi ilə bağlı yerli icra hakimiyyəti orqanlarına müraciət etmişdik. Lakin müsbət cavab vermədiklərinə görə xoşagəlməz vəziyyətlər yaranmışdı, hətta 3-cü qurultayımızı açıq havada keçirməli olmuşduq. Ona görə də bu dəfə birbaşa Sizə müraciət etmək qərarına gəldik. Biz Qarabağla bağlı, Qarabağ adına yaradılmış təşkilatla bağlı xoşagəlməz vəziyyətin yaradılması, qarşıdurma hallarının, gərginliyin, anlaşılmazlığın olması, kimlərinsə bu məsələdən öz məqsədləri üçün istifadə etməsini, düşmənlərimizin sevinməsini istəmirik. Ona görə də xahiş edirik qurultayımızı keçirmək üçün uyğun yerin ayrılmasına dair göstəriş verəsiniz. Müraciətimizə diqqətlə yanaşacağınıza inanır və əvvəlcədən təşəkkür edirik”.