Modern.az

Jalə Əliyeva: “Açıq-saçıq müğənniləri özümüz də tənqid edirik”

Jalə Əliyeva: “Açıq-saçıq müğənniləri özümüz də tənqid edirik”

23 Aprel 2013, 16:57


“Azərbaycanın islam adət-ənənəsinə bağlı bir ölkə olmaqla yanaşı, bütün dünyəvi dəyərlərə qiymət verən, çərçivə daxilində tolerant bir ölkədir. Azərbaycan dininə sadiq qalmaqla bərabər, eyni zamanda dini idarəetmə quruluşunda bir dövlət deyil. Təbii ki, bizim ölkənin öz qaydaları və idarəetmə üsulu var. Biz heç bir zaman digər dövlətlərin quruluşuna və dəyərlərinə yuxarıdan aşağı baxmaq fikrimiz yoxdur”.
Bunu Modern.az-a iranlı ruhaninin dediklərinə şərh verən Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva deyib.

İranın ali dini lideri Ayətullah Əli Xamneyinin rəsmi nümayəndəsi bu dəfə Azərbaycanlı xanım müğənniləri ittiham edib. Xamneyinin təmsilçisi Seyid Həsən Amili müğənniləri yüngül əxlaqlı olmaqda təqsirləndirib. O qeyd edib ki, Azərbaycan rəsmiləri və millət vəkilləri bunun qarşısını almalıdır.

“İslam quruluşunu özünə dövlət ənənəsi seçən İran ilə dünyəvi ölkə olan Azərbaycan arasında eyni dini təmsil etsək də, fərqlilik olacaq. Təbii ki, iranlı şəxsin dünya siyasətindən xəbəri varsa, bunu xatırlatmağa da xüsusi ehtiyac yoxdur”, – deyə J. Əliyeva vurğulayıb.

Komitə üzvü onu da əlavə edib ki, müğənnilər və şou-biznes nümayəndələrini özümüz də durmadan tənqid edirik.
“Mədəniyyət komitəsi olaraq bu məsələ ilə bağlı tez-tez səsimizi yüksəldirik. Mədəniyyət sadəcə sənəti şou-biznesə çevirənlərdən ibarət deyil. Bununla bağlı dəfələrlə həyəcan təbili çalmışıq. Amma bir məqamı da demək lazımdır. Azərbaycanda plüralizm və demokratik mühit mövcud olduğu üçün birmənalı olaraq kiməsə nəyisə qadağan etmək mümkün deyil. Yenə deyirəm ki, hər şey çərçivə daxilindədir. Bu həddi aşanlar isə ziyalılar, ölkənin söz sahibi olan insanların ürəyincə deyil. Bunu dəfələrlə dilə gətirib bəyan edirik ki, hər bir şeyin həddi olmalıdır. Sənətdə mədəniyyətin və estetikanın birləşməsi çox əhəmiyyətlidir. Buna görə də düşünürəm ki, İranda bu fikri səsləndirənin fikri bizim üçün əsassızdır. Çünki öz problemlərimizi, yaxşı və pis tərəflərimizi çox yaxşı görürük və qiymətləndirməyi bacarırıq. Lazım olan yerdə də tələblərimizi irəli sürürük”.  

Aqşin Kərimov
 
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal