"Ərəb Dövlətləri Liqası, 500 mindən artıq insanın yaşadığı, ümumilikdə 13,6 milyon kv kilometr ərazini əhatə edən, 22 dövlətin daxil olduğu nüfuzlu bir təşkilatdır və bu təşkilatın Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün önəmli bir hadisə olmaqla yanaşı, ölkəmizə və onun liderinə verilən yüksək dəyərin nümayişidir".
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Deputat Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən Zirvə Toplantısında iştirakının üzv dövlətlərin Azərbaycanla dostluğunun və həmrəyliyinin nümunəsi olduğunu düşünür:
“Azərbaycan Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə həm İslam Komfransı Təşkilatında, həm Qoşulmama Hərəkatı, həm də ikitərəfli münasibətlər çərçivəsində yaxından əməkdaşlıq edir. Azərbaycan 2006-cı ildən Liqada müşahidəçi statusunda təmsil olunur. Qarşılıqlı münasibətlər əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır".
Azər Kərimli ölkəmizin hər zaman beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələrinə dəstək verdiyini, islam həmrəyliyinin real məzmun daşımasına töhfə verdiyini bildirib:
"Azərbaycanda İslam Konfransı Təşkilatının mühüm toplantılarının yüksək səviyyədə təşkili, ölkəmizin təşkilatçılığı ilə baş tutan İslam Həmrəyliyi Oyunlarının bu idman yarışlarına islamın təməl fəlsəfəsini - mərhəməti, şəfqəti, yardımlaşmanı əks etdirən yeni çalar qatması dövlətimizin müsəlman həmrəyliyinə verdiyi dəyərin və töhfənin bariz nümunəsidir".
Deputat bildirib ki, Prezident İlham Əliyevin müzəffər ordumuzun 44 günlük Zəfər yürüşünün ikinci ildönümündə Əlcəzairə səfər etməsi, həm də rəmzi məna daşıyır:
"Məlum olduğu kimi Əlcəzair xalqı yüz ildən çox bir vaxt ərzində Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparıb. Bu gün Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarını bərpa etməsi ilə barışa bilməyən Fransa 1,5 milyon əlcəzairlinin ölümünə səbəb olub. Bu baxımdan, Əlcəzair xalqının yaşadığı faciələr bizə də yaxındır və Azərbaycan xalqı dost, qardaş Əlcəzair xalqını çox yaxşı başa düşür".
Azər Kərimli Prezident İlham Əliyevin Əlcəzairə səfərinin və Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştirakının ölkəmizin qardaş ərəb dövlətləri ilə əlaqələrinin inkişafına ciddi təsir göstərəcəyini bildirib və qeyd edib ki, Azərbaycanın Ərəb Dövlətləri Liqasına üzv olan müsəlman ölkələri ilə səmimi dostluq, qardaşlıq münasibətləri din pərdəsi arxasında gizlənərək islam həmrəyliyinə zərbə vuran təfriqəçi ölkələr üçün də nümunə olmalıdır.