Modern.az

Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında sərəncam verildi

Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında sərəncam verildi

23 Aprel 2013, 19:15
Prezident İlham Əliyev Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama görə, səhmləri dövlətə məxsus olan kompleks yaradılacaq.
Sərəncamda deyilir:

"Müəyyən edilsin ki, Azərbaycan Polad İstehsalı Kompleksi Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsini, tikintisini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən Qapalı Səhmdar Cəmiyyətidir.

Səhmləri dövlətə məxsus olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilsin və onun dövlətə məxsus səhmlərinin saxlanılması və idarə olunması hüquqları Azərbaycan Polad İstehsalı Kompleksinə verilsin.

“Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin.

QSC-nin nizamnamə kapitalının miqdarının, inkişaf istiqamətlərinin müəyyən edilməsi, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi, illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, işçilərinin say həddinin və xərclər smetasının təsdiq edilməsi, QSC sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

İqtisadi İnkişaf Nazirliyinə QSC-nin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi, Əmlak Məsələləri Dövlət Komitəsinə isə QSC-nin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğv edilməsinə, tabeliyində hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi və sərəncamda qeyd edilənlər istisna olmaqla, Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi tapşırılıb.

Müəyyən edilib ki, QSC sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərini Azərbaycan prezidenti həll edir.

Nazirlər Kabinetinə QSC-nin Nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb, təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim etmək, Cəmiyyətin ilkin mərhələdə saxlanılması və nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin ayrılmasını bir ay müddətində həll etmək tapşırılıb.

Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün öz səlahiyyətləri daxilində zəruri tədbirlər görməlidir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal