Modern.az

Ramil Usubov polis rəislərinə prezident seçkilərilə bağlı tapşırıq verdi

Ramil Usubov polis rəislərinə prezident seçkilərilə bağlı tapşırıq verdi

23 Aprel 2013, 19:25


Aprelin 23-də Daxili İşlər Nazirliyində «Cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin təşkili»nin və «Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işinin» vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Modern.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. O, əməliyyat-axtarış fəaliyyətinin təşkili ilə bağlı həyata keçirilən praktiki tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, xüsusən də qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılmasında önəmli rolunu, bu sahədə işin nəticələrinin hər bir əməliyyatçının və rəhbər vəzifəli şəxsin peşəkarlığının əsas göstəricisi olduğunu diqqətə çatdırıb.

Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini Arzu Daşdəmirov və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev aidiyyəti sahələrdə görülmüş işlər, əldə edilmiş nəticələr, xidməti fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər, habelə qarşıda duran vəzifələr barədə  məruzə ilə çıxış ediblər.
Qeyd olunub ki, şəxsiyyəti təsdiq edən yeni nəsil sənədlərin tətbiqi ilə bağlı müvafiq qanunlardan və aidiyyəti Dövlət Proqramından irəli gələn vəzifələr də ardıcıllıqla yerinə yetirilib. Nəticə etibarı ilə 2011-2012-ci illərdə qanunvericilik aktlarına elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə bağlı müddəalar əlavə edilib, ölkə Prezidenti tərəfindən vəsiqənin spesifikasiyası, təsviri və nümunəsi təsdiqlənub. Həmçinin, «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun tətbiqi haqqında Əsasnamə» layihəsi hazırlanıb aidiyyəti üzrə təqdim olunub, müasir tələblərə cavab verən 9 regional mərkəz üçün yeni inzibati binalar tikilərək zəruri avadanlıqlarla təchiz edilib. Biometrik sənədlərin tətbiqi ilə bağlı işlərin başa çatdırılması məqsədilə «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi üzrə işlər də yekunlaşdırılmaq üzrədir. Bildirilib ki, cari ilin əvvəlindən şəxsiyyət vəsiqələrinin Nazirliyin əməkdaşları tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı «ASAN xidmət» mərkəzində operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında verilməsinə başlanılıbvə bu günədək 5 minə yaxın vətəndaşa şəxsiyyət vəsiqəsi verilib. Aidiyyəti işlərin may və iyun aylarında istismara veriləcək 2 saylı Xətai, 3 saylı Yasamal və Sumqayıt «ASAN xidmət» mərkəzlərində həyata keçirilməsi üçün lazımi hazırlıq tədbirləri görülüb.

Bütövlükdə şəxsiyyəti təsdiq edən sənədlərin dəyişdirilməsi ilə bağlı islahatların başlandığı 2001-ci ilin sentyabrından bugünədək respublikanın 16 yaşdan yuxarı əhalisinin 98,7 faizi və ya 6 milyon 303 min 455 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

İclasa yekun vuran nazir cari ilin oktyabr ayında ölkədə keçiriləcək növbəti Prezident seçkiləri ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulan yaş həddinə çatmış şəxslərin şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi işinin, səsvermə gününədək 18 yaşı tamam olacaq şəxslərin müvafiq sənədlərlə təmin edilməsinin ciddi nəzarətdə saxlanılmasını, səyyar qrupların fəaliyyətinin gücləndirilməsinin, bütövlükdə seçki hüququna malik bütün vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə vaxtında təmin olunmasının vacibliyini bir daha qeyd edib. Həmçinin, ərazi polis orqanlarının rəislərindən şəxsiyyət vəsiqəsi almaq üçün edilən müraciətlərə ən qısa müddətdə baxılıb həll olunmasının, hazırlanmış şəxsiyyət vəsiqələrinin sahiblərinə dərhal təqdim edilməsinin zəruriliyini nəzərə çatdırıb.

Modern.az  
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal