Modern.az

Milli Elmlər Akademiyasına bu gün prezident seçiləcək - İddialı akademiklər kimlərdir?

Milli Elmlər Akademiyasına bu gün prezident seçiləcək - İddialı akademiklər kimlərdir?

24 Aprel 2013, 08:44

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi illik yığıncağı keçiriləcək.

AMEA-dan verilən məlumata görə, gündəlikdə əsas üç məsələ var: illik hesabatın dinlənməsi, prezidentin seçilməsi, Rəyasət Heyətinin yeni tərkibinin seçilməsi.
Hələlik prezidentliyə namizədlərin kim olacağı məlum deyil. Böyük əksəriyət AMEA prezidenti səlahiyyətlərini icra edən akademik Akif Əlizadənin bu posta seçiləcəyinə əmindir. Amma başqa namizədin də AMEA prezidenti olması mümkündür.

Yeri gəlmişkən, mətbuat AMEA prezidentliyinə iddialılar sırasında sabiq təhsil naziri Misir Mərdanovun da olduğunu bildirir.
Amma sabiq nazir mediaya açıqlamasında belə bir iddiada olmadığını vurğulayıb. Bununla belə, bugünkü iclasda Misir Mərdanovun AMEA-ya həqiqi üzvlük məsələsinin həll ediləcəyi gözlənilir.

Qeyd edək ki, Nizamnaməyə əsasən, akademiyanın müxbir üzvləri AMEA-nın prezidenti ola bilməzlər. AMEA prezidenti yalnız həqiqi üzvlər arasından seçilir. Gizli səsvermə ilə keçirilən seçkinin nəticələri Azərbaycan prezidenti tərəfindən təsdiq edilir.
AMEA-nın prezidenti Mahmud Kərimov bu il fevralında 10-da dünyasını dəyişib. Ondan sonra AMEA prezidentinin səlahiyyətlərinin icrası Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadəyə tapşırılıb. 

Xatırladaq ki, hələ 2012-ci ilin əvvəlində AMEA həqiqi və müxbir üzvlərin seçilməsi ilə bağlı müsabiqə vəziyyəti də elan edilib və ötən ilin may ayında qurumun ayrı-ayrı bölmələri üzrə namizədlərin dindirilməsi prosesi olub, onların şəxsi işlərinə baxılıb. Akademiyanın nizamnaməsinə əsasən, sənədlər qəbul ediləndən 3 ay sonra səsvermə keçirilir və vakant yerlərə namizədlər təsdiqlənir.

Həqiqi və müxbir üzvlərin seçilməsi prosesi isə hələ də ləngiyir. AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov Modern.az-a son açıqlamasında seçkilərin ləngiməsini texniki problemlərlə əlaqələndirmişdi.
Qeyd edək ki, AMEA-nın həqiqi və müxbir üzvlüyünə 255 nəfər namizəd var. 10 həqiqi üzv vakant yerinə 34 nəfər, 30 müxbir üzv vakant yerinə isə 221 nəfər öz namizədliyini irəli sürüb.
Hazırda Akademiyanın 54 həqiqi, 110 müxbir üzvü var.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal