Modern.az

Azərbaycanda dövlət-din münasibətləri Ukraynada müzakirə olunub

Azərbaycanda dövlət-din münasibətləri Ukraynada müzakirə olunub

24 Aprel 2013, 10:43
 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Ukraynada keçirilən III Kiyev Dinlərarası Forumunda iştirak edir. Bu barədə komitənin mətbuat xidmətindən Modern.az-a məlumat verilib. Tədbirdən əvvəl Dövlət Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Kiyevin mərkəzində yerləşən Heydər Əliyevin abidəsini ziyarət edib.

Forumun açılış mərasimində çıxış edən DQİDK-nın sədri Azərbaycanda dövlət-din münasibətləri barədə iştirakçıları məlumatlandırıb və ölkəmizin dünyaya örnək ola biləcək tolerantlıq modelinin səciyyəvi cəhətləri barədə danışıb. Dünyəvi dövlət modellərinin qlobal səviyyədə dinin mötədilliyinə təsir göstərən faktor olduğunu qeyd edən Elşad İskəndərov Azərbaycanda məhz “pozitiv dünyəvilik” modelinin inkişaf etdiyini vurğulayıb. Belə ki, bu model çərçivəsində dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin din sahəsinə qayğı və dəstəyi hər zaman yüksələn xətt üzrə inkişaf etməkdədir. Daha sonra komitə sədri Prezident İlham Əliyevin “tolerantlıq və multikulturalizm Azərbaycan xarakterinin tərkib hissəsidr” tezisini açıqlayaraq bu modelin ölkəmizin milli tarixi və milli kimliyi ilə səsləşdiyini bildirib. Belə ki, Qırmızı qəsəbə, rus kilsəsi  və digər yer və ibadətgahların qorunması, həmçinin ölkədə məscidlərin sayının müstəqillikdən sonra 17–dən 1800-ə çatması ölkə başçısının sözlərinin bariz nümunələridir.

Qeyd edək ki, Ukrayna Ali Radasının üzvü, Ukrayna Dinlərarası Forumnun sədri Aleksandr Feldmanın təşəbbüsü ilə keçirilən Forumda 30-dan çox ölkənin din, ictimaiyyət və siyasət adamları iştirak edir. Səfər çərçivəsində Komitə sədrinin Belçika Krallığı Senatının Prezidenti Anna Maria Lizinlə, Ukraynanın hökumət və müxtəlif dini konfessiyaların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.






Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal