Dünyanın bütün ölkələrində vergiyə nəzarətin müxtəlif yolları mövcuddur. Sahibkarların vergidən yayınmasının qarşısının alınmasının ən optimal variantı bir çox ölkədə obyektə xronometrajın qoyulmas sas götürülür.
Əksər ölkələrdə bu üsul keçərli olsa da, ölkəmizdə bu üsulla vergiyə nəzarət tam fərqli aparılır. Nəticədə bir çox halda sahibkarlar müflisləşdirilir.
Modern.az-ın əldə etdiyi məlumata görə, vergiyə nəzarət üçün tətbiq edilən xronometraj metoduna dünəndən qadağa qoyulub. Bu qadağa sahibkarların narazılığı ilə izah edilir.
İqtisadçı Rövşən Ağayevin dediyinə görə, artıq dünya ölkələrində bu metod tarixə qovuşur: “Xronometrajın mahiyyəti odur ki, bir həftə, bir ay və ya bir neçə gün ərzində müəssisənin dövriyyəsi vergi orqanları tərəfində uçota alınması həyata keçirilir. Sonradan həmin xronometrajın nəticəsi verginin hesablanması üçün əsas götürülür”.
İqtisadçının sözlərinə görə, bu, köhnə, texnologiyaların inkişaf etmədiyi dövrün üsuludur. Artıq indi iaşə, ticarət obyektlərinin birbaşa kassa ilə idarə edilməsi üsulu var. Kameralar yerləşdirilir, kassa aparatları mərkəzi sistemə qoşulur. Belədə vergi orqanlarının imkanı olur ki, iaşə və ticarət obyektlərindən istifadə edən insanları izləsinlər. Kassa aparatına çek vurulan kimi bu birbaşa mərkəzi sistemə daxil olur. Xronometraj informasiya texnologiyalarının inkişaf etmədiyi dövrdə daha geniş yayılmışdı. Amma indi yavaş-yavaş sıradan çıxacaq ”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ki, qanunla vergi orqanları sahibkarlara xronometraj qoya bilər. Millət vəkilinin sözlərinə görə, xronometrajın vergisi birbaşa olması isə qanunsuzdur: “Məsələ ilə bağlı birinci oxunuş üçün qanun layihəsi qəbul etməliyik. Qanun layihəsi hələ ki, Milli Məclisə çıxarılmayıb. Amma Komitə iclasında müzakirə edilib. Bu qanun layihəsində yoxlamalara nəzarət, o cümlədən yoxlamaların sayının azaldılması o cümlədən bir sahibkarın bir neçə təşkilat tərəfindən yoxlanılmasının qarşısının alınması da qanunda bu məsələlərin müzakirə olunacağı gözlənilir”.
Qeyd edək ki, Prezident İlham Əliyev hər zaman çıxışlarında qeyd edir ki, qeyri-neft sektorunu inkişaf etdirməliyik. Bunu üçün isə sahibkarlara geniş imkanlar yaradılmalı, onların fəaliyyət göstərməsi üçün maneələr azaldılmalıdır. Ölkə başçısının tələbləri bəhrəsini verir. Sahibkarların ciddi narazılığına səbəb olan xronometraj sistemi qadağan olunub.
Gültəkin Ələsgər