Modern.az

Akif Əlizadə Milli Elmlər Akademiyasının yeni prezidenti seçildi

Akif Əlizadə Milli Elmlər Akademiyasının yeni prezidenti seçildi

Ölkə

24 Aprel 2013, 15:40

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) növbədənkənar prezident seçkiləri keçirilib. Səsvermədə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Modern.az saytı xəbər verir ki, alternativsiz namizəd olan akademik Akif Əlizadə 44 həqiqi üzvün səsini alaraq AMEA-nın yeni prezidenti seçilib.

Akif Əlizadə 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olub. Bu məşhur azərbaycanlı ailəsi öz genetik kökləri ilə Azərbaycan xalqının ən məşhur və sevilən seyidlərindən biri Ağa Seyidəli Mirmövsümzadəni, uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycanın Şeyxülislamı kimi yüksək vəzifələri tutmuş görkəmli din xadimi Axund ağa Əlizadəni, Azərbaycan gənclərinin parlaq lideri Məsud Ağa Mehdi oğlu Əlizadəni və başqalarını birləşdirib.

Orta məktəbi gümüş medalla bitirmiş gələcək akademik A. Əlizadə Azərbaycan Sənaye İnstitutunu bitirib. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edilib.

Ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmiş A. Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olub.

Bir alim kimi Akif Əlizadənin elmi maraq dairəsi regional geologiya, təbaşir çöküntülərinin stratiqrafiyası, təbaşir dövrünün mollüska faunası kompleksi haqqında təlim, Aralıq dənizi vilayətinin təbaşir onurğasızlar faunasına görə paleobiocoğrafiyası, müxtəlif mollüska qruplarının ümumi təkamül yollarının bərpası kimi problem məsələləri əhatə edir. Fiziki-kimyəvi üsulların ənənəvi paleontologiya və stratiqrafiyaya tətbiqinin vacibliyini dərk edən alim ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq izotop geokimyası üsullarının tətbiqi ilə ilk tədqiqat işləri aparıb, Qafqazda təbaşir dənizlərinin biogeokimyəvi rayonlaşdırılmasını təklif etmiş, qədim dənizlərin və paleohövzələrin geokimyəvi şəraitini, o cümlədən temperatur rejimini öyrənib.

Akif Əlizadə 1960-cı ildən Ümumittifaq paleontoloji cəmiyyətin üzvü, Qafqaz regional stratiqrafik komissiyanın sədri, SSRİ EA biosfera problemləri üzrə elmi şuranın üzvüdür. Onun orijinal tədqiqatlarının nəticələri yüksək qiymətləndirilmiş, onların çox hissəsi dərslik və dərs vəsaitlərinə daxil edilib. Elm aləmi Azərbaycan aliminin xidmətlərinə yüksək qiymət verib, belemnitlərin yeni ailəsi ("Akifibelidlər") onun adıyla adlandırılıb.

Geologiya İnstitutu Akif Əlizadənin rəhbərliyi dövründə (əvvəl 1970-ci ildən direktor müavini, 1976-cı ildən isə direktor kimi) Azərbaycan EA sistemində aparıcı elmi mərkəzlərindən birinə çevrilib. Geologiya İnstitutu Azərbaycan elmi müəssisələri sırasında ən çox qrant qazanan liderdir. İnstitut "Soros", "İNTAS", "NATO", "CRDF", "KOPERNİCUS" kimi məşhur fondlar, Ukrayna Elmi Fondu, Amerika Milli Elmi Fondu ilə qarşılıqlı maraq əsasında fəaliyyət göstərir və işləyir. Tərəfdaşların coğrafiyası qeyri-adi dərəcədə genişlənib. Bunlar Böyük Britaniyanın Kembric, Aberdin universitetləri, ABŞ-in Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Kaliforniya universitetləri, Massaçusets Texnoloji İnstitutu və bir çox başqaları, Pyer və Mari Küri Universiteti, Neft İnstitutu (Fransa), Karlsrue, Hannover universitetləri (Almaniya), Moskva Dövlət Universiteti (Rusiya), Delft (Niderland), İstanbul (Türkiyə) universitetləri və başqalarıdır.

Akif Əlizadə Azərbaycanın əməkdar elm xadimi, Dövlət mükafatı laureatıdır. 2004-cü ildə “Şöhrət”, 2008-ci ildə isə “Şərəf” ordeninə layiq görülüb.

Modern.az
Sizə yeni x var
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir