Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etmək üçün iri taxılçılıq təsərrüfatları yaradılacaq. Modern.az- xəbər verir ki, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu məqsədlə 200-300 min ha torpaq sahəsi ayrılıb. Onun sözlərinə görə, birinci mərhələdə Ağcabədi və Beyləqan rayonları ərazisində 4800 ha torpaq sahəsi ayrılıb:
“Artıq tender elan olunub. Burada müasir meliorasiya və irriqasiya, aqrotexnika, aqrokimya tətbiq edilməklə hər hektardan 50-55 sentner məhsul almaq nəzərdə tutulur”.
Komitə sədri onu da bildirib ki, bununla da Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi həll olunacaq.
“Azərbaycanda torpaqların 40 faizi şoranlaşmaya məruz qalıb, Kür-Araz ovalığında şoranlaşma daha çox müşahidə olunur. Burada 2,3 milyon ha torpaq sahəsinin təxminən 30 faizi müxtəlif dərəcədə şoranlaşıb.”.
Aytən Əliyeva