“Azərbaycanın 8 Noyabr - Zəfər gününü Türkiyədə yüksək səviyyədə qeyd edəcəyik”
Bunu Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyətçi Hərəkat Partiyasından olan (MHP) deputatı Kamil Aydın bildirib. Onun sözlərinə görə, Azərbaycanın Qarabağ Zəfəri nəinki Türkiyə, bütün Türk dünyası üçün tarixi hadisədir.
Azərbaycanın Vətən Müharibəsindəki qələbəsinin 2 illiyindən danışan deputat noyabr ayının türk dünyası üçün unudulmaz ay olduğunu söyləyib:
“Noyabr ayı bizim üçün əlamətdardır. Çünki 44 günlük möcüzəvi mücadilə nəticəsində Qarabağ torpaqları azadlığa qovuşub. Azərbaycanın göz-bəbəyi olan Qarabağ erməni işğalçılarından təmizlənib. Bu qələbə millətimizin, azərbaycanlı qardaşlarımızın əzm və mübarizəsi nəticəsində mümkün olub. Qarabağ müharibəsində Azərbaycan xalqı bir yumruq kimi düşməni məğlub edərək, tarixi həqiqəti bərpa edib. Savaş zamanı dualarımız azərbaycanlı qardaşlarımızla idi. İnanırdıq ki, qardaşlarımız qalib gələcək, buna əmin idik. Şükürlər olsun ki, bu qələbəni görmək bizə nəsib oldu. Zəfərimizi layiqincə qeyd edəcəyik. Unutmayacağıq və unutdurmaycağıq! Əgər, zəfər tariximizi unutsaq, Allah qorusun, yeni bir işğal təhlükəsi yarana bilər. Ona görə də, hər il noyabrın 8-də Zəfər gününü həm Azərbaycanda, həm də Türkiyədə qeyd edəcəyik. Qoy sevincimiz böyüsün, şəhidlərimiz bizə haqlarını halal etsin. Çünki bu zəfər şəhidlərin qanı ilə qazanıldı. Əsla, onlara xəyanət etməyəcəyik”.
Türkiyəli deputat vurğulayıb ki, Qarabağ Zəfəri sayəsində Türk dünyası yeni dönəmə qədəm qoyub:
“Ermənilər istəsələr də, istəməsələr də Zəngəzur dəhlizi açılacaq. Allahın izni ilə ata torpaqlarımıza qədər əlimizi, qolumuzu sallaya-sallaya gedəcəyik. Oradakı soydaşlarımızla birliyimizi, bərabərliyimizi qeyd edəcəyik. Qarabağ işğalda olanda minlərlə insan məcburi köçkün oldu. Şəhidlər verildi, itkin düşənlər oldu. Analar gözüyaşlı qaldı. Məhz 44 günlük müharibədə qazanılan möhtəşəm Zəfərlə şəhidlərimizin qisası alındı, kədər bitdi. Qarabağ zəfəri həm də Türk dünyasında dirilişə səbəb oldu. 90-cı illərdə Türk qardaşlarımız müstəqillik əldə etmişdi, ancaq öz ayaqları üstündə dayana bilmirdilər. Çünki Qarabağın işğal faktı hələ aradan qaldırılmamışdı.Bu zəfər dosta güvən, düşmənə qorxu verdi. Düşmənlərimiz Türkün gücündən təşvişə düşüb. İndi də qorxular. Qələbəmiz böyük inam və motivasiyaya səbəb oldu. Bunu beynəlxalq tədbirlərdə də hiss edirəm. Özbək, türkmən, qazax və qırğız qardaşlarımız sosial media vasitəsilə olayları yaxından izlədiklərini bildirirlər. Müharibədən qabaq Qarabağın xəritədə harada olduğunu bilmirdilər. 44 günlük müharibədə hamı diqqətini Qarabağa yönəltmişdi”.
K.Aydın vurğulayıb ki, Azərbaycanın Zəfəri Türk Dövlətləri Təşkilatında birliyə təkan verib:
“Əvvəllər deyirdik ki, uzaqda bir kənd var, getsək də, getməsək də bizimdir. Ancaq indi elə deyil özbək, qırğız, türkmən və qazax hamı Qarabağı bilir, orada nə baş verdiyindən xəbərdardır. İndi Azərbaycanın türk dünyası üçün əvəzedilməz strateji əhəmiyyətini anlayırlar. Əvvəl “bir millət, iki dövlət” deyirdik. İndi isə “bir millət, çox dövlət” deməyə başlamışıq. Görəcəksiz, Şimali Kipr Türk Cümhuriyyəti də Türk Dövlətləri Təşkilatına çağırılacaq. Macarıstan qəbul ediləcəyi halda təşkilata dərhal üzv olmağa hazırdır. Qərb dövlətləri həm Türkiyə, həm də Azərbaycana qarşı ərköyünlük edirdilər. Əslində Qarabağ müharibəsinin uzanmasına səbəb məhz onlar idi. Artıq bizim özümüzün güclü birliyimiz var. Biz bundan sonra da böyüyəcəyik, düşmənlərimiz isə kiçiləcək”.