Modern.az

Deputat AŞPA-da Azərbaycandakı xristianlardan, yəhudilərdən, qaraçılardan danışıb

Deputat AŞPA-da Azərbaycandakı xristianlardan, yəhudilərdən, qaraçılardan danışıb

24 Aprel 2013, 17:37

Sahibə Qafarova: "Azərbaycan dini öz fərqiliyini nümayiş etdirən bir paradoks deyil, barışığı, birliyi, dostluğu, birgə yaşayışı stimullaşdıran müqəddəs vasitə hesab edir"

«Dini tolerantlıq, dini dözümlülük müasir sivilizasiyada insanların təhlükəsiz şəraitdə yaşamasının ən mühüm şərtləndirən biridir. Tolerantlıq milli dövlətlər üçün ən zingən xəzinə və dəyərdir. Xüsusən, dini zəmində ayrı-seçkilik yaratmaq üçün fürsət gözləyən, hər cür təxribata hazır olan bəzi qüvvələrin mövcud olduğu, müəyyən cəhdlərin müşahidə olunduğu indiki dövrdə birgə yaşayışımızın yeganə resepti dini dözümlülük və tolerantlıqdır».

Modern.az xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində keçirilən «Dini icmalara qarşı zorakılıq» mövzusunda müzakirələrdə çıxışı zamanı Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin üzvü, qurumun Rasizm və ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova deyib.

Ölkəmizdə dini tolerantlığın təmin olunması istiqamətində görülən işlər haqqında məlumat verən Sahibə Qafarova deyib ki, Azərbaycan çox mürəkkəb bir coğrafi məkanda yerləşir. Regionda təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var:

«Lakin bütün bu məsələlərə rəğmən Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmətlə, ziddiyyət təşkil etsə belə onun fikirlərinə dözümlü yanaşmaqdır. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə türk millətinin xarakteri ilə bağlı olan məsələdir. Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır. Həmçinin burada ənənəvi dini bağlılıqları olmayan toplumlar, məsələn, qaraçılar da yaşayır. Hər hansı bir başqa dinə və millətə mənsub olduğuna görə Azərbaycan ərazisində insanlara cəmiyyət tərəfindən radikal münasibət göstərilməyib».

Alt komitə sədri daha sonra deyib ki, Azərbaycanda din dövlətdən rəsmən ayrıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Onun sözlərinə görə, müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda xristian məbədlərinə paralel olaraq yəhudi sinaqoqları da bərpa olunub, yeniləri inşa edilib.

Millət vəkili Sahibə Qafarova eyni zamanda, Azərbaycanın bütün dünya ictimaiyyəti tərəfindən örnək göstərildiyini, ölkəmizdə, o cümlədən paytaxt Bakıda hər il dinlərarası dialoqa həsr olunmuş beynəlxalq konfransların, dünyanın dini liderlərinin toplantılarının keçirildiyini söyləyib:

«Beləliklə, çox starteji bir bölgədə yerləşən Azərbaycan dini öz fərqiliyini nümayiş etdirən bir paradoks deyil, barışığı, birliyi, dostluğu, birgə yaşayışı stimullaşdıran müqəddəs bir vasitə hesab edir. Bu da təbiidir. Əgər başqa dinlərə qarşı dözümlü olsaq, onda biz təxribatçıların əlindən bu fürsətlərini almış olarıq. Unutmamalıyıq ki, özümüzü sevmək, özümüzə hörmət etmək başqasını sevə bilmək və başqasına hörmət etmək qabiliyyətindən asılıdır».

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal